AZ EN RU

Cəlil Məmmədquluzadə anadan olmasının 154-cü ildönümündə yad edilib

   Cəlil Məmməqduluzadənin ev-muzeyində böyük demokrat yazıçının anadan olmasının 154-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. 
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, Cəlil Məmmədquluzadə Vətən, millət və dil məsələlərini yaradıcılığının əsas sütunlarına çevirib, dünya ədəbi nümunələrinə bərabər tutulan, milli kimlik dərsliyi sayılan qiymətli əsərlər yaradıb. 
    Qeyd olunub ki, ədibin şəxsiyyətinə və yaradıcılığına layiqli qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderimiz “ədəbiyyatımızın, mədəniyyətimizin klassiki” adlandırdığı Mirzə Cəlilin əsərləri ilə bağlı həmişə ən yüksək fikirlər səsləndirib. Ulu Öndərin göstərişi ilə 1974-cü ildə Naxçıvan şəhərində yazıçının heykəli ucaldılıb, ədibin bir zamanlar dərs dediyi Nehrəm qəsəbəsində, Şərur rayonunun Cəlilkəndində xatirə muzeyləri, 1994-cü ildə Bakıda, 1999-cu ildə Naxçıvanda ev-muzeyləri yaradılıb. 
    Bu gün də Cəlil Məmmədquluzadə şəxsiyyətinə və zəngin irsinə yüksək dəyər verildiyini vurğulayan Həsən Kərimov diqqətə  çatdırıb ki, ədibin yubileyləri dövlət səviyyəsində keçirilib, əsərləri dörd cilddə nəşr olunub, görkəmli dramaturqun adı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 
    AMEA Naxçıvan Bölməsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Ramiz Qasımov və Aygün Orucova çıxışlarında böyük ədibin ana dilimizin saflığı, təmizliyi uğrunda apardığı mübarizədən, milli məfkurəni yaşatmaq amalından bəhs ediblər. Vurğulanıb ki, Mirzə Cəlilin Azərbaycançılığa, milli birliyə, həmrəyliyə səsləyən idealları bu gün də öz aktuallığını qoruyub saxlayır. Çıxışlarda ədibin redaktorluğu ilə işıq üzü görən “Molla Nəsrədin” jurnalının ictimai fikir tariximizdəki əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, xəlqilik, milli dilimizə, folklorumuza, klassik ədəbiyyatımıza bağlılıq, azadlıq, müstəqillik ideyaları jurnalın hər nömrəsində öz əksini tapıbdır.
    Sonra “Cəlil Məmmədquluzadə – 154” başlıqlı sərgiyə baxış olub, tədbir bədii hissə ilə davam edib.

***

    Cəlil Məmmədquluzadənin ev-muzeyində keçilən interaktiv dərs muzeyin bələdçisi Firəngiz Cəfərova tərəfindən aparılıb. Muxtar respublikada fəaliyyət göstərən 200-dən artıq ümumtəhsil müəssisəsi tərəfindən izlənilən dərsdə böyük dramaturqun həyat və yaradıcılığının müxtəlif məqamları, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verilib. 

    Görkəmli ədibin həyat və fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına tənqidi realist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və alleqorik dram əsərinin müəllifi, ictimai satiranın yaradıcısı, “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı kimi daxil olub.
    Dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın görkəmli dramaturqu və nasiri Cəlil Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Naxçıvan şəhərində ev-muzeyinin yaradılması” haqqında 1998-ci il 19 iyun tarixdə imzaladığı Sərəncamla yaradılıb, 1998-ci il 31 dekabrda fəaliyyətə başlayıb. Muzeyin 1999-cu il oktyabrın 13-də Ulu Öndərin iştirakı ilə açılış mərasimi keçirilib. 231 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 2 min 300-dən çox eksponat var. Onlardan 300-ü ekspozisiya zallarında nümayiş olunur.

***

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təşkil olunan tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova Cəlil Məmmədquluzadə yaradıcılığında qadın azadlığından danışıb. Bildirilib ki, qadın azadlığını milli tərəqqinin əlamətlərindən biri hesab edən ustad Mirzə Cəlil qızların təhsilə cəlb olunması, oxuması, dini mövhumatın buxovundan qurtarması uğrunda ciddi mübarizə aparırdı. 

    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev, pedaqoji elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov “kiçik hekayənin böyük ustadı” adlandırılan Mirzə Cəlilin hekayələrində qələmə aldığı mətləblərdən, dil, üslub xüsusiyyətlərindən, pedaqoji görüşlərindən danışıblar.
    Tədbirin sonunda Cəlil Məmmədquluzadəyə həsr olunmuş guşəyə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2023 21:20