AZ EN RU

Cəhridən Lələtəpəyə uzanan əbədiyyət yolu

Şəhidlik müqəddəs, ülvi addır. Şəhidlik elə bir zirvədir ki, o zirvədən baxanda yalnız Vətən görünür. Vətən yolunda canından keçən Ordumuzun hər bir əsgəri, zabiti bu zirvəni fəth edən qürurumuz, fəxrimizdir. Aprel döyüşlərinin şəhidi Rasim Əbdül oğlu Məmmədov kimi…

Onun da həyat yolu digər şəhidlərimiz kimi örnəkdir. Rasim Məmmədov 1977-ci il mayın 20-də Babək rayonunun Cəhri qəsəbəsində dünyaya göz açmış, 1983-1994-cü ildə Cəhri qəsəbə tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi tank qoşunları komandanı ixtisası üzrə bitirmişdi. Müxtəlif illərdə leytenant, baş leytenant, kapitan rütbəsi ilə müxtəlif vəzifələrdə çalışmışdı. 2011-ci ildə Rasim Məmmədov mayor rütbəsi alır və  şəhid olduğu günə qədər motoatıcı taborun komandiri vəzifəsində çalışır. 2016-cı ilin aprel ayında Azərbaycan Ermənistan təmas xəttində baş verən döyüşlərdə qəhrəmancasına iştirak edir, atışma zamanı şəhid olur. Şəhidimiz aprelin 5-i doğulduğu qəsəbədə  son mənzilə yola salınır. Rasim Məmmədov övladlarını bu Vətənə yadigar qoyur.

Qardaşı Şahin Məmmədovla söhbətimiz zamanı dedi: – Şəhidimiz haqqında danışmaq qardaş kimi mənə çətin, həm də qürurvericidir. O, zabit kimi zabit, qardaş kimi qardaş, dost kimi də dost idi. Atam Əbdül Məmmədov 1990-cı illərdə könüllü batalyonun komandiri, sonra ilk zabitlərindən biri kimi 1992-ci ildə Sədərəkdə strateji yüksəklik olan Miltəpədə gedən döyüşlərdə iştirak etmiş, ayağından aldığı güllə yarası ilə uzun illər yatağa məhkum olmuşdu. Elə o vaxtdan Rasim atamın yanında olmağa can atır, hərbçi olmaq istəyirdi. Atam qardaşımın şəhadətindən 23 gün sonra dünyasını dəyişdi.

“Rasim atamın yolunu davam etdirib, qisasını alacağam deyirdi. İstəyinə nail oldu, hərbi məktəbə qəbul olub daha sonra xidmətinə başladı. 2016-cı ildə aprel döyüşləri zamanı o da digər Vətən oğulları kimi ön sıralarda oldu, torpaqlarımız uğrunda savaşdı. Hər dəfə evə zəng edəndə hər şeyin yaxşı olduğunu deyirdi. Son zəngində dedi ki, atama deyin qisasını aldıq. Qardaşım Lələtəpə yüksəkliyini azad edərkən böyük qəhrəmanlıq göstərərək şəhadətə qovuşdu. O, əsil qəhrəman idi. Çünki o I Qarabağ müharibəsi əlili Əbdül Məmmədovun oğlu idi, onun tərbiyəsini almışdı. Biz ailəcə Vətənimizə xidmət etməkdən həmişə qürur duymuşuq. Böyük qardaşım Aslan Məmmədov atamla bərabər könüllü olaraq döyüş bölgələrində olub. Mən 1999-cu ildə hərbi xidmət zamanı 2-ci qrup əlil olmuşam, böyük qardaşımın xanımı Könül Məmmədova 44 günlük Vətən müharibəsində tibb bacısı kimi könüllü olaraq cəbhədə xidmət edib” deyir müsahibim. Həmçinin onu da qeyd etdi ki, torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin adlarını yaşatmaqdan ötrü “Vətən Fədailəri” layihəsi çərçivəsində Manya Səxavətqızı ilə birlikdə Naxçıvandan, eləcə də digər bölgələrdən olan şəhidlər haqqında məlumat toplayıb, kitablar çap edirlər.

Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Uğrunda” və “Qüsursuz xidmətə görə” II dərəcəli medalı ilə təltif edilib. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev demişdir:  “Torpaq, vətən naminə, müstəqillik naminə şəhid olan insan ən yüksək zirvəyə çatmış insandır”. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları daim qəlbimizdə yaşadacağıq!

 

                   Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 04.04.2024 00:01