AZ EN RU

Cəhri qəsəbəsində kompleks tikinti-quruculuq işləri aparılır

    Muxtar respublikamızda reallaşdırılan uğurlu dövlət siyasətinin bir istiqamətini də kompleks tikinti-quruculuq işləri təşkil edir. Ulu öndərin ideyalarının təşəkkül tapdığı məmləkətimizdə artıq elə bir dövr yaşanır ki, diyarımızın bütün kənd və qəsəbələrində, rayonlarında, bir sözlə, bütün ünvanlarda həyata keçirilən addımlar onlara müasirlik siması qazandırıb, yaşayış yerlərimizdəki kənd və şəhər fərqi təbii olaraq aradan qalxıb.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində diyarımızın bütün yaşayış məskənlərində mövcud infrastruktur yenilənir, köhnə və yararsız olan tikililərin əvəzində yeni-yeni müasir mənzillər insanlara təqdim olunur. 
    Həyata keçirilən bu tədbirlər muxtar respublikamızın iri yaşayış məntəqələrindən olan Babək rayonunun da simasını dəyişib. Geniş quruculuq tədbirləri rayonun Cəhri qəsəbəsini də əhatə edib. Belə ki, ötən ilin son günlərində qəsəbədə inşa olunan yeni məscidin açılışı zamanı Ali Məclisin Sədri burada həyata keçirilən kompleks tikinti-quruculuq işləri ilə maraqlanmış, Cəhri-Gərməçataq kənd avtomobil yolunda aparılan yenidənqurma işlərinin icrası istiqamətində də müvafiq tapşırıqlar vermişdir. Verilən tapşırıqlara uyğun olaraq hazırda Cəhri qəsəbəsindən keçməklə bir neçə kəndi özündə birləşdirən əsas yol yatağı genişləndirilir, təhlükəsiz və rahat hərəkət təmin edilir. Əvvəllər müvafiq olaraq eni cəmi 4-5 metr olan yol yatağı hərəkətin intensivliyinə, bəzən də təhlükəsizliyinə mane olurdu. Görülən işlər çərçivəsində yol yatağı genişləndirilərək 12 metrə çatdırılıb. Yeni inşa olunan yol 2 zolaqdan ibarət olacaq. Qeyd edək ki, bu istiqamətdə rayonun ucqar dağ və sərhəd kəndlərindən olan Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndləri yerləşir. 
    Bununla yanaşı, qəsəbədə infrastrukturun yenilənməsi zamanı yol kənarındakı yararsız hasarlar, yardımçı tikililər də plana salınaraq sökülüb, daha uyğun mövqelərdə yeniləri ilə əvəz olunub. Genişləndirilən yol yatağının kənarlarında suvarma sistemini təmin edən su kanalları və işıqlandırma dirəkləri quraşdırılır. 
    Atılan hər bir uğurlu addım muxtar respublikada həyata keçirilən dövlət siyasətinin təməlində insan amilinin durduğunu bir daha təsdiqləyir.

Lalə ALLAHVERDİYEVA
 

Nəşr edilib : 24.06.2022 20:44