AZ EN RU

Cəbhədən cəbhəyə

    1974-cü ildə Azərbaycanın cənub bölgəsi Lənkəranda dünyaya göz açmış, hazırda Əlahiddə Ümumqoşun Ordusunun yüksək rütbəli zabiti Şükür Qafar Naxçıvanda yaşayır və bədii yaradıcılıqla da məşğul olur. Uniforma altında bir şair ürəyi döyündüyünü elə ilk şeirlər kitabından duymuşam. Onun simasında təkcə gözəlliyi, məhəbbəti vəsf edən xəyalpərvər yox, vətənpərvər, həm də ana Vətənin keşiyində ayıq-sayıq dayanan bir əsgər görmüşəm. Zəfər savaşından qalib çıxan bir Azərbaycan əsgəri! 

    Son zamanlar Şükür Qafar həm də fəal şəkildə nəsrlə də məşğul olur. Bir oxucusu kimi deyə bilərəm ki, O, artıq yazıçı, ucalığa can atan bir qələm əhlidir.
    Sözün saflığına tapınan, öz poetik aləmində ona dəyər verməyi bacaran yazıçının indiyədək beş kitabı çapdan çıxıb. Ş.Qafar yeni – altıncı kitabını oxuculara təqdim etməyə hazırlaşır. O, yeni romanına “Taclı qatil” adını verib. 
    Roman bundan əvvəlki “Hörümçək toru” əsəri kimi detektiv janrda qələmə alınıb. Cinayət baş verir və ədəbi qəhrəman cinayətin açılmasına səfərbər olunur. Hadisələr Artur Konan Doyl, Ceyms Rollins, Emil Qaborio, Edqar Allan Po, Boris Akulin, Aqata Kristi, Den Braun, Umberto Eko, Jorj Simenon və digərlərinin sinxron, xronoloji aspektdə araşdırmaları kimi davam edir. 
    Əsərin qəhrəmanı Cahanşir Qarabağ döyüşlərində şərəfli bir yol keçib. Bu yol “Savaş hələ bitməyib”, “Savaş zəfərlə bitdi” romanlarında geniş əksini tapıb. Yeniyetmə illərindən bəri uzun müddət ordu sıralarında xidmət etmiş Cahanşir hərbi libası ilə vidalaşaraq pensiyaya çıxıb. Lakin mülki həyatda da onun təcrübəsinə ehtiyac olan sahələr var. Milli təhlükəsizlik sahəsində təcrübəsi mülki həyatda da kara gəldiyindən Cahanşir, əslində, cəbhədən cəbhəyə yollanır. Səhhətindəki problemlər 44 günlük Vətən müharibəsindən ona miras qalsa da, keçirilən əməliyyatlarda fəal iştirak edir. 
    Kitabdakı hadisələr yaşadığımız çağlarda baş verir. Koronavirusun yaratdığı çətinliklər dövründə ölüm hallarının çoxalması hamını narahat edir. Bakı şəhərində isə belə ölüm halları mərkəzdə yerləşən özəl klinikanın payına düşür. DTX-nin yüksəkvəzifəli şəxsi hadisənin arxasında dayanan sirləri açmaq üçün həyata keçiriləcək əməliyyata bu sahədə dəfələrlə sınaqdan çıxmış Cahanşiri də dəvət edir. Oxucuya müəllifin əvvəlki əsərlərindən yaxşı bəlli olan Cahanşir DTX-nin zabiti Tapdıq Məmmədovun rəhbərliyi ilə keçirilən əməliyyata qatılır. Xəstə kimi klinikaya yerləşdirilir. Burada baş verən hadisələr son səhifələrə qədər oxucunu həyəcanda saxlayır. Müəmmalı qatilin qeyri-adi fantaziyaları, qətl hadisələrini bir-birinə bağlayan qorxunc elementlər, cinayətlərin üzərini örtmüş sirr pərdəsi Cahanşiri inadla axtarışlara sövq edir. Müəllif bu əsəri yazması üçün tibb elmini müəyyən qədər mənimsəməsi ilə tibbi mütəxəssis kimi də oxucunu heyrətləndirməyi bacarır. Nəhayət, Cahanşir burada baş verən hadisələrin – insan orqanlarının satışının şahidinə çevrilməklə bu cinayətin üstünün açılmasına yardımçı olur. Hadisələr cinayətə şübhəli müxtəlif adamları meydana çıxarsa da gözlənilməz bir şəxsin üzərində fokuslanır. Klinikanın sahibi olan deputat həm də keçmiş MTN-nin ehtiyatda olan yüksək rütbəli zabitidir. O, cinayət hadisələrində xarici səfirliyin nümayəndəsi ilə əlbirdir. Deputatın sinəsi üzərində çəkilmiş iri bir tac döyməsi ədəbi detal kimi kitabın adının seçilməsinə vəsilədir.
    Beləliklə, ənənəvi detektiv romanlarında olduğu kimi, bu kitab da haqqın-ədalətin təntənəsi ilə bitir.Mən gənc və istedadlı yazıçı Ş.Qafara işlərində müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, “Taclı qatil” romanı oxucuların diqqətini çəkməklə yazıçıya bol-bol yaradıcılıq uğurları gətirəcək. 

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 01.03.2023 20:17