AZ EN RU

C.Cahangirovun mahnı yaradıcılığı

Musiqimizin inkişafı üçün əvəzolunmaz əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirən  Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri C.Cahangirovun bir sənətkar kimi yetişməsində  bəstəkar, musiqişünas, ictimai xadim,  pedaqoq Ü.Hacıbəyovun böyük rolu olmuşdur. C.Cahangirovun bəstəkarlıq prinsipləri məhs Ü.Hacıbəyovun təsiri altında  formalaşmışdır.

C.Cahangirovun musiqili qabiliyyəti musiqinin müxtəlif sahələrində öz fadəsini tapsa da, onun yaradıcılığının əsas sahəsini xor üçün yazılmış əsərlər, vokal, simfonik musiqi və kütləvi mahnılar təşkil etmişdir. Dövrün tələblərinə uyğun olaraq, C.Cahangirov vətən müharibəsi zamanı xalqın əhval ruhiyysini yüksək tutmaq üçün  özünəməxsus tərzdə əsərlər yazmış, bu əsərlərlə dinləyicilərin ürəyinə yol taparaq, öz səmimi lirikası, sadəliyi, asanlıqla dərk edilən ilə melodiyaları ilə musiqisevərləri valeh etmişdir. Peşəkar bəstəkar duyumu onun bütün mahnılarında hiss olunur.

 Lirik mahnıların müəllifi kimi şöhrət qazanan, yaradıcılığı boyu mahnı janrına müraciət edən C.Cahangirov bu janrın nahir yaradıcılarındandır. Segah muğamının intonasiyalarından istifadə edərək bəstəkarın yazdığı möhtəşəm  “Ana” mahnısı bu qəbildəndir. C.Cahangirovun vətənpərvərlik ruhunda yazdığı “Partizan”, “416-cı diviziya”mahnısı Azərbaycan qəhrəmanlarının müharibədə göstərdikləri igidlikləri əks etdirmiş və bu mahnılar böyük uğur qazanmışdır. “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” ,“Durnalar”, “Bahar nəğməsi”, “Gəl gözəlim”, “Qızların nəğməsi”, “Çiçəklər”, “Nazənin”,” və s bu kimi mahnılar indi də dinləyicilər tərəfindən sevilərək, ifaçıların repertuarında özünəməxsus yer tutur.

 Daim yenilik axtaran sənətkar aşıq musiqi üslubunu marş ritmi ilə sintezləşdirərək orijinal  janr yaratmağa nail olmuşdur.  Bu mənada Abbas Səhhətin sözlərinə yazdığı “Vətən” mahnısını qeyd edə bilərik. Bəstəkar eyni zamanda mahnı-himn, mahnı-vals, janrında da əvəzolunmaz əsərlər bəstələmişdir.

C.Cahangirov uşaqları da yaddan çıxarmamış, uşaqlara təbiət və əməyə məhəbbət hissini aşılamaq üçün “Pioner yürüş mahnısı”,” Dəniz”, “Tonqal başında” kimi  gözəl əsərlərini yazmışdır.

 Bəstəkarın teatr tamaşaları, filmlərə üçün ustalıqla  yazdığı mahnılar sonralar ekranlardan ayrılıb, xalq arasında sevilərək dillər əzbəri olmuşdur.  Belə mahnılardan “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.

Əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılan C.Cahangirovun  əsərləri milli xor mədəniyyətinin inkişafında böyük rol oynamışdır. Bəstəkarın musiqisinin məşhurluğunun səbəbi mətnin ideya cəhətdən aktuallığı, üslubunun folklorla dərin əlaqəsi, melodik dilin reallığı və ifadəliyidir.C.Cahangirovun ən populyar əsərlərindən sayılan  M.Fizulinin 400 illiyi münasibətilə yazılmış “ Fizuli” kantatası indi də xor kollektivlərinin repertuarında əsas yerlərdən birini tutur. Füzuli lirikasının vurğunu olan C.Cahangirov Fizuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər də bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini, xüsusilə “Eşitməzdim” qəzəl-romansı qeyd etməmək olmaz.

Bir çox dahi bəstəkarlarımızın dəsti xəttini öz əsərlərində davam etdirən C.Cahangirov klassiklərin yaradıcılığına müraciət edərək ürəkləri fəth edən  mahnı və romanslar da yazmışdır. Belə ki, Hüseyn Cavidin sözlərinə “Badə gözəldir”, Cəfər Cabbarlının sözlərinə “Gördüm üzünü”, Xaqaninin sözlərinə “Nazənin”, Nəsiminin sözlərinə “Həqq məndədir”, romansları ,1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl”ini, Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi ilə əlaqədar isə şairin qəzəli əsasında mahnı-romansın müəllifidir. “Ənəlhəq” adlanan bu əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülmüşdür.

   C.Cahangirovun vokal əsərləri illər keçsə də, öz dəyərini saxlamaqda davam edir və geniş xalq kütləsi tərəfindən sevilir.

 

Ruhiyyə DÜNYAMALIYEVA

Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsi

“Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi

Nəşr edilib : 15.02.2022 10:23