AZ EN RU

Çay süfrəsinin zənginliyi ilə seçilən rayon

Bu gün hansı azərbaycanlı ailəsinin qapısını döysək, orada bir fincan çaya qonaq ola bilərik. Xalqımızın əsrlərdir, davam edən çay süfrə mədəniyyəti indi də hər bir evdə yaşadılır. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin birgə hazırladığı “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib. Bu qərar bir çox milli dəyərlərimizi mənimsəməyə çalışan xain qonşumuza ən tutarlı cavabdır.

Ölkəmizdə çay deyəndə Lənkəran rayonu yada düşürsə, muxtar respublikamızda ilk olaraq Ordubad rayonunun adı çəkilir. Lənkəran çayın məkanı sayılırsa, Ordubad da çay süfrəsinin zənginliyi ilə ad qazanıb. Naxçıvanın kəklikotusu ilə dəmlənən çayın dadı həmişə ad ilə deyilib.

Elə biz də süfrələrin bəzəyi olan çay haqqında ətraflı məlumat almaq üçün uz tuturuq Ordubad rayonuna. Tutu nənənin qonağıyıq. Nənə ilə hal-əhval tutur, çay süfrəsi başında söhbətimizə başlayırıq. Nənə deyir:

–Elə bir azərbaycanlı ailəsi yoxdur ki, o evdə çay sevilməsin. Düzdür, müasir dövrdə müxtəlifnövlü içkilər, şirələr olsa da, yenə də çayın süfrəmizdə xüsusi yeri var. Səhərlər şirin çay, gün ərzində dişləmə çay içmək adət halını alıb. Hansı fəsil olursa-olsun, çaysız süfrə təsəvvür etmək mümkün deyil. Səhərlər şirin çayla qaymaq, pendir, şor-kərə yemək gün ərzində insanı tox saxlayır və bu sağlamlığa çox xeyirlidir.

“Çay içməyin də, çay süfrəsini bəzəməyin də öz qaydası var”, – deyən nənə ilk olaraq şirin çaydan söhbətə başladığı üçün adət və ənənələrimizdə şirin çayın yerindən danışır:

– Şirin çay təkcə səhərlər içilərkən orqanizmə faydası ilə məşhur deyil. O həm də qohumluq əlaqələrinin başladığının xəbərçisidir. Elimizin ən qədim adəti olan qız alma, elçilik mərasimində qız tərəfi öz razılığını, “hə”ni vermirsə, süfrəyə çay qoyulmaz. Əgər evə gələn elçilərin qarşısına “acı çay” qoyularsa, elçilər bu çayı içməz. Ta ki qız tərəfi razılıq verənə kimi. Sonra böyüklərin xeyir-duası alınar və süfrəyə “şirin çay” gətirilər. Şirin çay bir çox bölgələrdə qızdan “hə” alınan kimi hazırlanır. Fincana öncə qaynar su, sonra şəkər tozu tökülərək qarışdırılır, daha sonra çay qaşığını şəkərli qaynar suyun üstünə tutaraq dəmlənmiş çay tökülür. Bu zaman stəkandakı çay ikirəngli olar. Hər kəs qarşısına qoyulan çayı qaşıqla qarışdırıb içər. Bir çox bölgələrdə, xüsusilə də Naxçıvanda şirin çayı içdikdən sonra nəlbəkiyə “şirinlik”, “nəmər” (pul) qoyular. Şirin çay içdikdən sonra qızın barmağına üzük taxar, başına qırmızı yaylıq salarlar. Bu adət əsrlərdir davam edir. Elçilikdə razılığa gələndən sonra şirin çayın içilməsinin mənası qohumluğumuz şirin olsun deməkdir.

Tutu nənə keçmiş günlərə də qayıdır, çətin günlərdə belə çay içmək adətindən əl çəkməmələrindən söhbət açır.

İkinci Dünya müharibəsində və 1990-cı illərdə yurdumuz düşmən hücumuna məruz qalanda süfrəyə qoymağa qənd, şirniyyat, dəmləməyə qara çay tapmayanda bağlarımızdakı meyvələrdən və dağlardakı otlardan toplayıb qurutduq. Yayı, qışı tut, ərik qurusu ilə dağ otlarından dəmlədiyimiz çayı içirdik. Bu dağların kəklikotusu, dağ nanəsi, boymadərəni, gülxətmi ilə dəmlənən çayları min dərdə dərman olurdu. Çətin günlərdən Tanrının köməyi ilə çıxdıq. İndi süfrəmizdə sucuq, alana, cəviz mürəbbəsi, cəvizli, südlü nabat, paxlava, limonlu çay – hər nə istəsəniz var. Şükür Yaradana, ocağımız yanar, süfrəmiz doludur.

Tutu nənə çay dəmləməkdən və onun suyunun necə qaynadılmağından da danışır. Deyir ki, hər qaynayan sudan da çay dəmlənməz. Çay suyu saf olmalıdı ilk növbədə. Ocaq çayı, samovar çayı elektrik çaydanında qaynayan suyun çayından dadlı olur. Ona görə də samovar, ocaq çayı adla deyilir . Ən əziz qonağa samovar salınır. Qonum qonşu isti yay günlərində axşamın sərini düşən kimi samovar salıb bir yerə toplaşır. Onu da deyir ki, samovara da hər odun salmaq olmaz. Tut, üzüm, palıd odunu ilə qaynayan suyun çayı daha dadlı olur. Mis çaydanda tut odunu ilə ocaqda qaynayan çayın da dadı dillər əzbəridir. Quru çayı isə dəmləməzdən öncə bir dəfə süzgəcdə soyuq su ilə yusanız, dəmlədiyiniz çay daha gözəl olar. Buna pürrəngi, “xoruzpipiyi” çay deyirlər. Pürrəngi çayın yanında Ordubad limonu, sucuğu, alanası oldusa, bu çayın dadına dad çatmaz.

Nənə onu da xüsusilə vurğulayır ki, çay süfrəsinə, xüsusilə də qonaq üçün açılan çay süfrəsinə hər mürəbbəni qoymazlar. Məsələn zoğal, zirinc, gilənar mürəbbəsini soyuqdəymə zamanı çayla içərlər, bu mürəbbələri qonaq üçün açılan çay süfrəsinə qoymarıq. Gilas, cəviz, ərik, çiyələk kimi mürəbbələri isə qonaq üçün açılan çay süfrəsinə qoymaq daha münasibdir.

Tutu nənə onu da deyir ki, Ordubadda hansı evə təşrif buyursan, süfrəyə əvvəlcə çay, ardınca çörək gəlir. Bəzən bunu biz ordubadlıların xəsis olması kimi qiymətləndirirlər. Biz dədə-babadan belə görmüşük, yeməkdən bir az əvvəl çay içərlər. Nənəm deyərdi ki, bu yeməyin daha yaxşı həzm olmasına kömək etmək üçündür. Belə ki, ordubadlıların yeməkdən öncə qonağa çay verməsinin səbəbi qonağın çayla doyub, az üçün deyil, əksinə, çay vasitəsi ilə iştahanın açılması və daha yaxşı yemək yeyə bilməsi ilə bağlıdır.

Çayı niyə məhz armudu stəkanda içmək adətimiz var? Bu sualımıza nənənin cavabı belə olur: – Armudu stəkanlarda samovar çayı sevilir. Ona görə ki, armudu stəkanı əldə tutmaq rahat olur, çay belə stəkanda daha gec soyuduğuna görə uzun müddət isti qalır. Nənə çayın faydasının çox olduğunu deyir, bildirir ki, gün ərzində bir neçə fincan çay içmək xeyirdi, amma çox içmək də yuxusuzluq yaradır. Çayı içərkən içərisinə gülab qatsanız, bu çay həm daha dadlı olar, həm də sağlamlığa fayda verər.

Ev sahibinin dəmlədiyi limonlu, kəklikotulu çaydan içir, sucuğun, cəviz mürəbbəsinin də dadına baxır, onun şirin söhbətinə doymasaq da, sağollaşıb qonaq olduğumuz evdən xoş təəssüratlarla ayrılır, “Yolçu yolunda gərək”, – deyirik.

Yolumuz Ordubad şəhərindən keçəndə qoca çinarın altında yerləşən çayxana çəkir diqqətimi. Öyrənirəm ki, bura “Çinar altı” çayxana deyirlər. Yaşı yüzə çatan bu çinarın altındakı çayxanada dəmlənən çayın dadı təkcə Ordubadda deyil, muxtar respublikanın hər yerində məşhurdur. Yolu buradan keçən hər kəs mütləq buranın daş stəkanda verilən limonlu çayının dadına baxır.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 21.03.2024 14:30