AZ EN RU

Çavuş rütbəsi ilə qürurlanan şəhidim!

Niyaməddin Qulu oğlu İsgəndərov

(06.12.1985-25.10.2020)

Niyaməddin mənim iki oğlumdan biridir. Biz onu Emin çağırırdıq. Deyim ki, Emin heç vaxt mənə əziyyət verməyib. Zahirən sakit idi oğlum. Tərbiyəsindən hamı razılıqla danışırdı. Nə məktəbdən, nə də kənddən heç bir şikayət eşitmədim Emin haqqında. Əsgərliyə gülə-gülə getdi. Bir dəfə də demədi ki, mən orada əziyyət çəkirəm. Ya da yerim yaxşı deyil. Heç vaxt demədi. Vətənini elə çox sevirdi ki, Emin. Əsgərlikdə çavuş rütbəsi vermişdilər. Gələndə sevincinin həddi-hüdudu yox idi. 

Əsgərlikdən qayıtdıqdan sonra başqa-başqa işlərdə çalışdı. Bir neçə ildən sonra Daxili Qoşunlarda işə başladı. Çox həvəsli idi hərbiyə. Bir neçə ildən sonra ailə vəziyyətinə görə Daxili Qoşunlardan çıxdı. Amma yenə də hərbiyə həvəsi azalmadı. Şəhidliyindən səkkiz ay əvvəl milli orduda yenidən xidmətə başladı. Elə qürurlanırdı ki... Sanki ona ən yüksək vəzifə veriblər.
Bütün qohum-qonşulara qayğı göstərirdi. Bir dəfə qonşumuz oğluna kiçik toy edirdi. Çox soyuq idi. Hava imkan vermirdi ki, qonşu çadır qursun. Durub dedi ki, mən çadırı quracağam. Min bir əziyyətlə dostları ilə bu işi yoluna qoydular. Emin həm də çox mehriban idi. Kəndin heç bir xeyrindən, şərindən qalmırdı. Bundan elə bil ki, zövq alırdı. Gözləməzdi ki, kimsə onu mərasimə köməyə çağırsın. İstər yas, istərsə də toy mərasiminə. Bütün mərasimlərdə canla-başla iştirak edirdi.
Emin balaca vaxtından göyərçin saxlayırdı. O qədər həvəsli idi ki, quşlara baxmağa. Onların uçmasından zövq alırdı. Ümumiyyətlə, heyvanlarla arası saz idi. 
Sonuncu dəfə danışanda dedim ki, necəsən? Cavab verdi ki, ana, lap yaxşıyam, məndən nigaran qalma. İnşallah, müharibədə qələbə çalıb gələcəyəm. Müharibəyə gedəndə maaş kartını mənə verdi. Dedi ki, ana, birdən gec gələrəm. Sizə pul ehtiyac olar. Amma bizim ehtiyacımız onun əməkhaqqına deyil, ehtiyacımız özünə idi... Balam şəhid oldu, Vətən oldu!

Nəşr edilib : 11.03.2024 10:00