AZ EN RU

Cavadlı yollar

Şair odur ki, dünyasını dəyişdiyi vaxtdan sonra da şeirləri dillərdə əzbər olsun və qəlblərə toxunaraq  bizi xəyallara dalmağa sövq etsin.

Azərbaycan torpağının yetişdirdiyi ədəbiyyat xadimlərini saysaq bu siyahının nə ucu-bucağı olar, nə də bu siyahının ən başlarında dahi şair və pedaqoq Əhməd Cavadın adını çəkməmək olar. Tədqiqatçıların belə bir sözü var ki, cümhuriyyət dövrü üçün Məmməd Əmin Rəsulzadə nə məna daşıyırdısa, o dövrün ədəbiyyatı üçün də Əhməd Cavad eyni mənanı daşıyırdı. Həyatı keçməkeşli olan bu şair yaşadığı acı taleyə baxmayaraq daim Vətənini və üçrəngli bayrağını öz qələmindən əsirgəməmişdir. Hətta şairin çap olunan "Qoşma" və "Dalğa" adlı kitabları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün sevimli kitablarına çevrilib. Şair öz təxəllüsünü isə Gəncə seminariyasında oxuduğu vaxtlarda oraya müəllim kimi dəvət olunan türk-dilçi alim Savad Cavadın qardaşı, türk şairi olan  Əhməd Cavaddan götürərək öz ədəbiyyat yoluna  imzasını qoymuşdur. Şair Balkan müharibələrində Osmanlı batalyonunun tərkibində vuruşmuş, məhz elə müharibə vaxtlarında qələmə aldığı "Çırpınırdı Qaradəniz, baxıb türkün bayrağına" sözlərilə yaddaşlarda iz qoyan "Çırpınırdı Qaradəniz" şeirini yazmışdır.

Onunda qeyd edək ki, şair Azərbaycanın üçrəngli bayrağını öz şeirlərində təsvir edən  ilk şair olmuşdur. Cümhuriyyət dövründə isə "Azərbaycan marşı" başlığı altında Azərbaycanın hazırkı himnini qələmə alaraq,  istər öz dövründə və bu gün, istərsə də gələcək üçün bir miras buraxmış və Azərbaycanı bütün dünyaya bu marş ilə tanıtmışdır. Bakının erməni-rus ordusundan azad olunmasında yaxından iştirak edən şair "Bismillah" şeirini qələmə alaraq türk-müsəlman ordusuna və Azərbaycana böyük bir stimul olmuşdur. Şair Batumda olarkən Süleyman bəyin qızı Şükriyyə xanımla ailə qurur, bu evlilikdən 5 övladı dünyaya gəlir və məşhur "Şükriyyəm" şeirində öz xanımını təsvir edir.

"Azərbaycanın saray şairi",  "Türkiyənin cəsusu" adı altında təqiblərə məruz qalan şair 1937-ci ilin başlarında Yazıçılar İttifaqından xaric olunaraq, qısa müddətdə repressiya ilə üzləşir. Bundan əvvəl də şair 1925-ci ildə qələmə aldığı "Göygöl" şeirinə görə həbs olunur. O dövrdə antisovet ruhlu şeir olduğu iddia olunan bu əsərdə keçən "ay və ulduz" ifadələrinin üçrəngli bayrağın üzərindəki ay və ulduz olduğu söylənir. Şeirdə isə deyilir:

"Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır, ulduza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı Göygöl! "

Həmin şeirdə olan "qurbanlar" və "otlar" ifadəsi isə qurban kəsilən zaman axan qırmızı qanın sovet Rusiyasını və üzərində durduğu yaşıl otların isə üçrəngli bayraqdakı  yaşıl rəngi ifadə etdiyi bəhanə edildi. Eyni bənddə işlədilən "göy" ifadəsi də sovet Rusiyasının süqutunu ifadə etdiyi söylənirdi. Həmin bənddə isə deyilir:

"Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar,

Öpər ayağından qurbanlar, otlar,

Ayrılıq könlünü qıralı Göygöl! "

Repressiya dövründə Cəfər Cabbarlı, Xəlil İbrahim, Seyid Hüseyn və Əhməd Cavad həbs olunur. Əhməd Cavadın əsas həbs olunma bəhanəsi isə Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçmasına köməklik etməsi olub. Rəsmi qaynaqlar şairin güllələnərək öldürüldüyünü desə də, xanımı Şükriyyə xanım onun Bayıl həbsxanasında 1937-il 12 oktyabr tarixində işgəncələrə dözməyərək vəfat etdiyini dedi. Daha sonra 1956-cı ildə məhkəməsi baş tutan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Azərbaycanda baş tutan repressiyalara rəhbərlik edən Mircəfər Bağırov bu faktı təsdiq edir. 

Əhməd Cavaddan sonra "Xalq düşməninin xanımı" olaraq Şükriyyə xanım da həbs olunur. Şükriyyə xanım həbsdə olarkən özünü qorunmaq məqsədilə üst-başın murdarladığını söyləyirdi. Ona Əhməd Cavaddan boşanmalırını söyləsələr də, Şükriyyə xanım  Əhməd Cavaddan boşanmağın Əhməd Cavada repressiyadanda ağır zərbə olacağını söyləyir və razı olmur...

Ruhunuz şad olsun, Vətən fədailəri.

 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 05.05.2024 16:49