AZ EN RU

“Caspian Energy Club”un nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub

    “Azərbaycan Sənaye Həftəsi” çərçivəsində təşkil edilən səfərdə nümayəndə heyəti əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsiniz ziyarət edib. Sonra yerli və türkiyəli sahibkarların iştirakı ilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, 2023-cü ilin 9 ayı ərzində muxtar respublikada 14 sənaye sahəsi yaradılıb və ya fəaliyyəti genişləndirilib, əlavə olaraq, 14 yeni sənaye sahəsinin yaradılması davam etdirilir. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 454 daimi yeni iş yeri açılıb. İş yerlərinin 47-si dövlət, 407-si isə özəl sektorun payına düşür. Bununla yanaşı, sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması məqsdilə Naxçıvan şəhəri və Babək, Culfa-Ordubad, Şərur-Sədərək, Şahbuz-Kəngərli rayonları üzrə KOB dostları fəaliyyətə başlayıb. 
    Nazir vurğulayıb ki, muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara cari ilin 9 ayı ərzində 100 milyon manatdan çox kreditlər verilib ki, bunun 4 milyon 167 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb. Fondun kreditlərinin 3 milyon 690 min manatı sənayenin, 462 min manatı kənd təsərrüfatının, 15 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib. 
    Tapdıq Əliyev bu uğurların əldə edilməsində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın  icrasının önəmini vurğulayıb.
    “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev rəhbəlik etdiyi şirkət haqqında məlumat verib, blokadada olmasına baxmayaraq Naxçıvanda istehsal olunan məhsulların bütün ölkə ərazisində tanındığını bildirib. Tədbirdə Türkiyədən və Azərbaycanın digər bölgələrindən də sahibkarların iştirak etdiyini diqqətə çatdıran Telman Əliyev gələcəkdə bu cür görüşlərin Naxçıvanın iqtisadi potensialı və yerli sahibkarların digər sahibkarlarla təmasları baxımından mühüm rol oynayacağını diqqətə çatdırıb. 
    Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev fondun fəaliyyətindən söhbət açıb, sahibkarlara göstərilən dəstəkdən danışıb.
    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudovun muxtar respublikanın sənaye potensialı və investisiya imkanları haqqında təqdimatından sonra mövzu ətrafında müzakirələr aparılıb, ikili görüşlər keçirilib. 
    Günün ikinci yarısında isə nümayəndə heyəti muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış olublar. 
    Qeyd edək ki, səfərin məqsədi iri və orta biznesi təmsil edən yerli və xarici sahibkarların Naxçıvanda biznes üçün yaradılan əlverişli mühit və muxtar respublikanın sənaye müəssisələri ilə yaxından tanışlığı, Naxçıvanın investisiya potensialının geniş auditoriyaya çatdırılması, hökumət nümayəndələri ilə dialoqun genişləndirilməsidir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 17.10.2023 16:01