AZ EN RU

Cari tədris ilində 1028 tələbə elmi-tədqiqat işi ilə məşğul olub

    Naxçıvan Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş 2022-2023-cü tədris ilində Tələbə-Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mükafatlandırma mərasimi keçirilib.
    Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir. TEC-in əsas məqsədi alitəhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavrların elmi-tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir. 
    2022-2023-cü tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə danışan Tələbə-Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, hər il olduğu kimi, cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri və heyəti tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 437 müəllimin rəhbərliyi ilə 1028 tələbə elmi-tədqiqat işi ilə məşğul olub. 
    Tədbirdə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işləri yerinə yetirən kafedralardan Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, Biologiya kafedrasının dosenti Hilal Qasımov kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə çıxış ediblər.
    Sonra universitet və bölmələr üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən tələbələr diplomla mükafatlandırılıb,  fəallığa görə fərqlənən tələbələr təşəkkürnamə ilə təltif olunub.   

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat

və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 04.07.2023 20:10