AZ EN RU

Cari ilin birinci yarısında 5 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

    Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin icrası 2023-cü ilin ilk 6 ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, vətəndaş müraciətlərinin operativ cavablandırılması təmin edilib. Yanvar-iyun ayları ərzində muxtar respublika üzrə 4 min 869 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çoxdur. Ümumi göstəricinin 1700-ü və ya 35 faizi ilkin, 3 min 169-u və ya 65 faizi təkrar qeydiyyatın payına düşüb. 
    I yarım il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərindən 1963-ü fərdi yaşayış evi, 1602-si torpaq sahəsi, 910-u mənzil, 167-si qeyri-yaşayış sahəsi, 157-si qeyri-yaşayış binası, 66-sı əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.
    Əmlakların 2187-si və ya 45 faizi Naxçıvan şəhəri, qalanı isə muxtar respublikanın rayonları üzrə qeydiyyata alınıb. Bəhs olunan dövrdə 3 min 632 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin müvafiq dövründəki göstəricidən 42,7 faiz çoxdur. 1697 əmlaka dair texniki pasport, 1935 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
    Daşınmaz əmlakın dövlət reyestrindən məhdudiyyət və yüklülüyə dair 2 min 424 arayış verilib, 1690 əmlaka dair məlumat elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində notariat ofislərinə təqdim edilib.
    2023-cü ilin birinci yarısında qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 534-ə çatıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 28.07.2023 18:59