AZ EN RU

"Cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub"

"Cari ilin 6 ayı ərzində muxtar respublikada aidiyyatı dövlət qurumları ilə müqavilələr imzalanıb, 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağı olmaqla 22 əmlakın hərracla satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur.  Qeyd olunan müddət ərzində keçirilmiş hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıq olub".
"Şərq qapısı" xəbər verir ki, bunu "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərraclar” mövzusunda tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib. O bildirib ki, 2024-cü ilin 6 ayı ərzində 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatdırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çox olub: "Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil etmişdir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur. Cari ilin birinci yarımili ərzində dövlət əmlakının idarə edilməsi üzrə qeyri-yaşayış sahələrindən qanunvericilik çərçivəsində istifadə edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, daşınmaz dövlət əmlakının istifadəsi ilə bağlı 30-u qeyri-yaşayış, 29-u isə torpaq sahəsi üzrə olmaqla 59 icarə müqaviləsi bağlanılıb, 65 icarə müqaviləsinin müddəti uzadılıb və 36 icarə müqaviləsinə xitam verilib. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz çoxdur. Ümumilikdə cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur".

Nəşr edilib : 09.07.2024 10:27