AZ EN RU

Cari ildə aparılan arxeoloji ekspedisiyaların yekunları təqdim olunub

    AMEA Naxçıvan Bölməsində muxtar respublikada fəaliyyət göstərən beynəlxalq və yerli arxeoloji ekspedisiyaların 2022-ci il üzrə yekunları ilə bağlı hesabat yığıncağı olub.
    Yığıncağı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan-ABŞ və Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyaları Naxçıvanda 2006-cı ildən başlayaraq araşdırma aparır. Sonrakı illərdə respublika əhəmiyyətli ekspedisiyaların da təşkil olunduğunu diqqətə çatdıran bölmə sədri aparılan əsaslı axtarış və tədqiqatlar nəticəsində dünya tarix elmi üçün mühüm əhəmiyyət kəsb edən faktların aşkar olunaraq öyrənildiyini qeyd edib.Vurğulanıb ki, sahib olduğu təbii-coğrafi şəraitə və mühüm strateji əhəmiyyətinə görə Naxçıvan tarixin erkən dövrlərindən qədim insanların məskəni olmuşdur. Naxçıvanda ilk arxeoloji tədqiqatlar XIX əsrin sonlarından başlayaraq aparılsa da, mühüm nəticələrin əldə olunması, yeni elmi faktların çoxluğu və dəqiqliyi baxımından son 20 ilə yaxın dövr xüsusi mərhələ təşkil edir. Akademik bölgədəki bir sıra qədim yaşayış yerinin əsaslı tədqiqata cəlb edildiyini söyləyib, Ovçular təpəsi, Oğlanqala, Naxçıvantəpə, Uçan Ağıl, Naxçıvan Duzdağında aparılan araşdırmaların uğurlu nəticələrini diqqətə çatdırıb. Elmin inkişafına göstərilən dövlət qayğısının arxeoloji ekspedisiyaların təşkili və davam etdirilməsinə də əhəmiyyətli təsir göstərdiyini qeyd edən İsmayıl Hacıyev bildirib ki, sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Babək rayonu ərazisindəki Uçan Ağıl yaşayış yerinə gəlib, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb, ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, nüfuzlu jurnallarda dərc olunması, bu sahədə işlərin davam etdirilməsi, Uçan Ağıl yaşayış yerinin qeydiyyata alınması, ərazisinin çəpərlənməsi və qorunması barədə tapşırıqlar verib.
    Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, arxeoloji  ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev məruzə edərək Plovdağ, Sədərək, Naxçıvantəpə və Uçan Ağıl yaşayış yerlərində aparılan arxeoloji ekspedisiyalar, əldə olunan yeni maddi mədəniyyət nümunələri və dəqiqləşdirilmiş elmi faktlar barədə yığıncaq iştirakçılarını məlumatlandırıb.
    Alim bildirib ki, cari ildə Plovdağ yaşayış yerində həyata keçirilən qazıntılar zamanı 5 ədəd əmək aləti tapılıb. Bu tapıntılar Naxçıvanda Alt Paleolit dövrünün mövcudluğu haqqında fikir söyləməyə əsas verir. Şübhəsiz, aparılan laborator analizlər nəticəsində faktların dəqiqliyi öyrəniləcəkdir.
    Diqqətə çatdırılıb ki, əvvəlki illərdə Şərur rayonu ərazisində Dəmir dövrünə aid bir neçə yaşayış yerində araşdırmalar aparılıb və müvəffəq nəticələr əldə olunub. 2022-ci ildə Sədərəkdə həyata keçirilən ekspedisiya zamanı qədim şəhərin qalıqları aşkar olunub. Sözügedən yaşayış yerinin düzənlik ərazidə yerləşməsi xüsusilə maraq doğurur, çünki, ümumiyyətlə, Cənubi Qafqaz ərazisi üçün qala tipli yaşayış yerləri xarakterikdir.
    “2019-cu ildə buradan Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələrin tapılması ərazinin tarixin qədim dövrləri ilə bağlılığına dəlalət edir. Cari ildə genişləndirilən tədqiqatlar isə abidə haqqında daha müfəssəl məlumatların əldə olunmasına imkan verir”, – deyən arxeoloq alim aşkar olunan əkinçilik alətləri, keramika nümunələri və digər məmulatlar haqqında dinləyicilərə məlumat verib.
    Alim Uçan Ağıl yaşayış yerində aparılan son tədqiqatların nəticələrindən söz açaraq qeyd edib ki, ərazidən tapılan heyvan sümüklərinin analizi burada köçəri və mədəni maldarlığın inkişafını təsdiq edir.
    Hesabatın ardından Vəli Baxşəliyev yığıncaq iştirakçılarının suallarını cavablandırıb.
    Fransa Lion Universitetinin arxeoloqu, ekspedisiyanın üzvü Katherine Marro tarixin ən qədim dövrlərindən etibarən Naxçıvan ərazisində məskunlaşmanın mövcudluğunun bölgənin sahib olduğu təbii-coğrafi şəraitlə bağlılığına diqqət çəkib. Alim çıxışında artıq 16 ildir, davam edən Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyasının fəaliyyətinə nəzər salıb, araşdırmaların yüksək səviyyədə aparılmasında arxeoloqlara göstərilən dəstəyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıq ifadə edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 16.09.2022 18:53