AZ EN RU

Canməmməd Canməmmədov: “Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub”

Hazırda müəssisədə istehsal olunan unların keyfiyyətinin daha da yüksəldilməsi və alıcıların tələblərinə uyğunlaşdırılması məqsədilə Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislər tərəfindən un istehsalı bölməsində yenilənmə işləri aparılır. Növbəti aydan başlayaraq daha yüksəkkeyfiyyətli un növlərinin satışı həyata keçiriləcək. Həmçinin yeniləmə işləri bitdikdən sonra bu bizə imkan verəcək ki, növbəti günlərdə həmin bölmədə mannı istehsalını da həyata keçirək.

Bu sözləri “Şərq qapısı”na açıqlamasında “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Canməmməd Canməmmədov söyləyib.

O deyib: “2024-cü ilin əvvəlindən etibarən MMC tərəfindən istehsal olunan məhsulların bir qisminin Türkiyə Respublikasına ixracına başlanılıb, 432 ton buğda kəpəyi, 25 ton ilkin sınaq məqsədilə buzov böyütmə yemi və ətlik iribuynuzlu yeminin ixracı baş tutub. Növbəti dövrdə isə un növlərinin, südlük iribuynuzlu yeminin ixracı üçün danışıqlar aparılır”.

Canməmməd Canməmmədov qeyd edib ki, ötən il “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına dəstək məqsədilə yerli təsərrüfatçılar tərəfindən tədarük olunmuş 5844 ton yerli buğda, 1735 ton qarğıdalı, 62 ton arpa qəbul edilib. Qəbul edilən yerli buğdanın miqdarının artıq olması təsərrüfatçıların gələcəkdə bu sahədə daha əzmlə çalışmasına stimul verir. Həmçinin yerli məhsulun bol olması və vətəndaşların əsas qida növü olan una əlçatanlığı nəzərə alınaraq cəmiyyət tərəfindən satışa çıxarılan 50 kiloqram buğda ununun qiyməti 37 manatdan 27 manata endirilib. İstehsal olunmuş məhsulların satış mərkəzlərinə daha operativ çatdırılması və müəssisənin fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə son bir ay ərzində müəssisəyə 4 ədəd yükdaşıma avtomobilləri alınıb.

“Aprel ayının 23-dən başlayaraq “Naxçıvan Taxıl Məhsulları” MMC-də istehsal olunmuş müxtəlif çəkilərdə paket unlarının ilk dəfə olaraq Bakı şəhərində satışının təmin olunması üçün müəyyən şirkətlərlə müqavilə bağlanılıb və ilkin mərhələdə satış üçün Bakı şəhərinə yola salınıb”, – deyə MMC-nin icraçı direktoru əlavə edib.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.04.2024 15:40