AZ EN RU

Canlı şəhid...

    Dünyadan vaxtsız, vədəsiz, səhlənkarlıq ucbatından köçən bir qazinin yoldaşı kimi bu vətənpərvərliklə dolu, Vətən sevdalı, torpaq məhəbbətli cümlələri qələmə almaq nə qədər çətin olsa da, eyni zamanda keçirdiyim fəxr, qürur hissi sayəsində bir o qədər də asan gəlir mənə. Gəlin sizi də xəyalları yarımçıq qalmış, muradına çata bilməmiş Muradın həyat hekayəsi ilə yaxından tanış edim... 

    Murad Bağırov 1997-ci il iyul ayının 16-da Babək rayonunun Məmmədrza Dizə kəndində vətənpərvər, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Hekayənin lap əvvəlindən, Muradın uşaqlığından danışsaq, onun necə bir qəhrəman olacağı bu gün üçün məlum imiş. Muradın hələ kiçik yaşlarından vətənpərvər ruhda böyüməsi onun hərbiyə qarşı marağının artmasına vəsilə olub. 2014-cü ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmış və xidmətini başa vursa da, Vətənə, onun bütövlüyünə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməmişdi. 2018-ci ildə Culfa rayonunda yerləşən “N” hərbi hissədə sürücü kimi fəaliyyətə başlamış, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı, Vətənin ən çətin anında könüllü şəkildə ön cəbhəyə yollanmışdır. Anası, atası da hər zaman deyir ki, evin yeganə oğlu olan Muradın qəlbində dağ boyda Vətən eşqi var idi. Vətən adı gələndə gözü başqa heç nə görməyən, torpağı üçün gözünü qırpmadan ölümə getməyə hazır olan Odlar yurdu igidlərindən idi. Bəzən düşünürəm ki, bəlkə də, Azərbaycana məhz bu yurdda yaşayan igidlərin Vətən üçün, torpaq üçün özlərini düşünmədən oda atacaqlarına görə Odlar yurdu deyilir. Vətənimizin başı üzərində qara buludların artdığı bir vaxtda “Canım yolunda fəda olsun, Vətənim!” – deyən, haqqıödənilməyən oğullar sırasında Murad və onu bir an da olsun yalnız buraxmayan Ayaz da var idi...
    Bu çətin və məşəqqətli yolda Ayaz və Murad da igid oğullarımız, qardaşlarımız kimi öz borclarını ləyaqətlə, şərəflə yerinə yetirdilər. Murad müharibədəki acı xatirələrindən danışan zaman oraya gedən hər kəsin ölümü gözə aldığını, tək hədəflərinin torpaqlarımızı azad etmək olduğunu deyirdi. Döyüşlərdə Muradı sarsıdan Şuşanı mühasirədən azad edərkən Ayazın ürəyindən qəlpə yarası alaraq şəhadətə ucalması idi. Ayaz onun üçün təkcə bibioğlu, qonşu deyil, əsl dost, qardaş idi. Qardaşı qollarında şəhid oldu, vidalaşdı Muradla. İnsanın sevdiyi birini itirməsinin necə hiss olduğunu tam mənada Muradı itirəndə anladım. Və bu gün də Muradın nələr yaşadığını təsəvvür belə edə bilmirəm. Biz insanları ayaqda tutmanın ən yaxşı təsəlli olduğunu bilirik. Amma Murad onu təsəlli edəcək birinin olmadığını dərk edərək silahı əlinə alıb Vətəni uğrunda vuruşmalı idi. Belə də etdi:

       Yeniyoldan Şuşayadək,
       Bir yol keçdi cəsur Murad.
       Soyuq səngər divarını
       Sevgisiylə etdi abad.

    Ayazdan geriyə möhkəm dostluq xatirələri qalmışdı Murada. Bax, beləcə, müharibənin bitməsinə saatlar qalmış Ayazın adı ölümsüzlər sırasına yazılarkən Murad da, canlı şəhid, qazi kimi yaşadı. Bəli, yaşadığı kənddə hər kəsin dediyi kimi, Murad artıq canlı şəhid idi. Bütün canlı şəhidlərimiz qələbə günü münasibətilə 10 dekabrda keçirilən hərbi paradda bir araya gəldilər. Doğma yurdumuz üçün necə də gözəl gün idi 10 dekabr. Əziz Qarabağımız, əziz Şuşamız daha azad, daha məğrur görünürdü həmin gün.  
    Hərb tariximizin şərəfli səhifəsi olan və bizi qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağına son qoydular, uzun illərdir, qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar. Lakin, eyni zamanda da ürəyimizə üç minə yaxın şəhidin qoru düşmüşdü. Bu od fəxrlə “Mən azərbaycanlıyam!” – deyən, Vətən uğrunda canını fəda etməyə hazır olan, cəbhəyə yollanan vətənpərvərlərin ürəyində alovlanıb məşələ dönür. İllərlə, bəlkə də, əsrlərlə bu od diyarımızda yaşayanların qəlbində alışıb yanacaq. Əzəldən bəri keçmişinə bağlı, sadiq qalan Azərbaycan xalqı  şəhidlərinə, qazilərinə də sadiq qalacaq, birlik, bərabərlik sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız qələbə də, şübhəsiz, tarixin şanlı səhifəsinə əbədi həkk olunacaq...
    Hələ də 44 günlük zəfər yürüşündən geri dönən müharibə iştirakçılarını, igidlərimizi, həmçinin də Muradı Naxçıvan əhalisinin necə coşqu ilə qarşılaması gözlərimizin önündən getmir. Oradakı hər kəs bir-birinə ən əziz, doğma ana-ata, bacı-qardaş idi. Kəsilən qurbanlar, edilən dualar, arzular, diləklər insanları bir-birlərinə daha da yaxınlaşdırmışdı. Hər kəs sevinc və fəxr ilə Muradı bağrına basırdı. Təəssüf ki, bu sevinc də çox çəkmədi... 
    İki il sonra ailə quran Murad   4 ay ötmədən avtomobil qəzasında məsuliyyətsiz bir sürücünün güdazına getdi. Tankın, topun qarşısında məğrur dayanan igidim ehtiyatsızlığın, etinasızlığın qurbanı oldu. Və biz bir igidimizi, qəhrəmanımızı, canlı şəhidimizi itirdik. 10 oktyabr. Həmin payız bir ailənin ümidlərini də, sevinclərini xəzan yeli kimi sovurub apardı. Valideynlərini oğulsuz, yoldaşını sevgisiz, dünya üzü görməmiş, dərdlərdən xəbərsiz, günahsız mələyini tənha qoyub getdi Murad. Əvəzində isə şəhid yoldaşlarına, dostu, qardaşı, sirdaşı Ayaza qovuşdu. 11 oktyabrda əbədiyyətə yola saldıq həyat yoldaşımı. Murad özündən sonra həm də böyük bir qürur, fəxr buraxıb getdi. Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə təltif olunduğu “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə” medalları qaldı unudulmaz əbədiyaşar yadigar kimi...
    Vətənpərvər bir insanın həyat yoldaşı olaraq bu gün fəxr edirəm ki, neçə-neçə oğulların qanı, canı bahasına azad edilən torpaqlarda Muradın da ayaq izi, bir xatirəsi var. Bütün şəhidlərimiz, sonradan hər hansı səbəbdən, bədbəxt hadisə nəticəsində dünyadan köçmüş qazilərimiz, müharibə iştirakçılarımız qəlbimizdə əbədi yaşayacaq...

Sürəyya BAĞIROVA 
 

Nəşr edilib : 03.02.2023 22:39