AZ EN RU

Cahit Bağçı: Türkiyə ilə Azərbaycan texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcək

Bu gün Azərbaycanda Pirallahı Sənaye Parkında Türkiyə və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak etdik. Daha sonra buraya Türkiyə Texnologiya bazarı ilə tanışlıq tədbirinə gəldim. Bu sabah Azərbaycanda Türkiyə rüzgarı əsir. Bununla bağlı çox qürur duyuram.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirində çıxışında deyib.

Qardaş ölkə səfirinin sözlərinə görə, türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr Azərbaycanda təkcə neft-qaz deyil, həm də qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

“Bu gün Azərbaycanda 19 türkiyə şirkətinin texnologiya sahəsində təqdimatı, Azərbaycanda “Bilişim Vadisi”nin növbəti mərkəzinin açılması, həmçinin ötən həftə baş tutmuş “İnmerge İnnovasiya Sammit” Azərbaycan və Türkiyənin texnologiya sektorunda əməkdaşlığının daha da genişləndirilməsi baxımından əvəzsizdir”, - deyə Cahit Bağçı bildirib.

Səfir əlavə edib ki, Türkiyə ilə Azərbaycan neft-qaz sektoru ilə yanaşı texnologiyalar və İKT sektorunda əməkdaşlıq edəcək: “Bu əməkdaşlıq hər iki ölkə üçün çox faydalı olacaq. Azərbaycanın son illərdə İKT sektorunda ekosistemə verdiyi töhfələr bizi sevindirir”.

Nəşr edilib : 07.12.2023 12:52