AZ EN RU

Çağırışçıların yola salınma mərasimi keçirilib

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsində keçirilən müddətli hərbi xidmətə çağırış tədbirində əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov açaraq diqqətə çatdırıb ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Sözügedən sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir. 
  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə gənclərin vətənpərvər ruhda böyüməsi əsas prioritet istiqamətlərdən biridir. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Bu gün artıq ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının ölkəmizlə bərabər muxtar respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrin bütün qoşun növləri sürətlə inkişaf etməkdədir. Blokada şəraitində olan muxtar respublikanın bütün hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. 
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov çıxışında qeyd edib ki, 44 gün davam edən döyüşlərdə Ordumuz şanlı zəfər qazanaraq 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan mənfur düşməni darmadağın edərək təslim olmağa məcbur etdi. Ali Baş Komandanın rəhbərliyi altında, qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torplaqlarımızı işğaldan azad etdik. Əldə olunan bu tarixi zəfər, ölkəmizin ərazi bütövlüyünün təmin olunması həm də Azərbaycan xalqının özünə inamını qaytardı.
    Sonra çağırışçı Rauf Abbasov çıxış edərək Vətənin, torpaqlarımızın suverenliyi, azadlığı yolunda canla-başla xidmət edəcəyinə, torpaqlarımızın mühafizəsində ayıq-sayıq dayanacağına söz verib.
    Daha sonra çağırışçılar müddətli  hərbi xidmətə yola salınıb. 

Nəşr edilib : 14.10.2022 19:50