AZ EN RU

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların hərbi xidmətə yola salınmasına başlanıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il fevralın 18-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilib. Bu münasibətlə keçirilən tədbirdə dövlət himni səsləndirildikdən sonra çıxışlar dinlənilib. 
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov 44 günlük vətən müharibəsində qazandığımız tarixi Zəfərin əhəmiyyətini vurğulayaraq ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının ölkəmizlə bərabər muxtar respublikamızda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Xidmət rəisi qeyd edib ki, bu gün Silahlı Qüvvələrin bütün qoşun növləri sürətlə inkişaf etməkdədir. Muxtar Respublikanın bütün hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Xidmət rəisi sonda bu gündən Azərbaycan əsgəri adını daşıyan bütün çağırışçılara bu məsuliyyətli və şərəfli yolda müvəffəqiyyətlər arzu edib. 
    Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Əliyev, Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov və Təhsil nazirinin müavini Ovni Muradov da çıxışlarında hərbi xidmətə yollanan gənclərə hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıblar.
    Çağırışçı Ariz Cabbarov da öz növbəsində vətənə xidmət edərək vətəndaşlıq borcunu yerinə yetirəcəyi üçün qürur hissi keçirdiyini bildirib.
    Çağırışçılar həkim komissiyasından keçdikdən sonra yola düşüblər.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 19:16