AZ EN RU

Çağırışçılar hərbi xidmətə yola salınıb

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamına əsasən muxtar respublikada çağırış yaşına çatmış gənclərin hərbi xidmətə çağırışı davam etdirilir.
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Naxçıvan Şəhər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun əməkdaşı Ramiq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsmayıl Gülməmmədov və digərləri çıxış edərək çağırışçılara tövsiyə və arzularını çatdırıblar.
    Çağırışçılar adından çıxış edən Əli Ələsgərli Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canla-başla xidmət edəcəklərinə, verilən əmr və taşırıqları layiqincə yerinə yetirəcəklərinə söz verib. 
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi Anar Aqilov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçılara təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini tövsiyə edib.
    Analoji tədbir Babək rayonunda da keçirilib. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.10.2022 21:27