AZ EN RU

Çağırış kampaniyası davam edir

    Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçmiş soydaşlarımızın, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib. 
    Tədbiri giriş sözü ilə baş idarənin rəis müavini vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Sultan Zamanov açıb. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başlatdığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir. 
    Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri, şair Firudin Süleymanov qeyd edib ki, bu gün Azərbaycan xalqı, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazır. Daha sonra Firudin Süleymanov şəhidlərə həsr etdiyi bir şeirini səsləndirib.
   Azərbaycan Vətən Müharibəsi Veteranlar və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri, Sədərək döyüşlərinin qazisi Zahid Cəfərov çağırışçılara uğurlar arzulayıb. Vurğulayıb ki, ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu səbəbdən də çağırışa hazır olan gənclərimizin daim  mübariz olması, Vətənin keşiyində ayıq-sayıq dayanması qüdrətli Azərbaycan Ordusunun əsas təminatçısıdır.
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Vətən müharibəsi qazisi Arif Niftəliyev çağırışçılara öz ürək sözlərini çatdırıblar. Çağırışçılar adından Hüseyn Quliyev çıxış edərək xidmətini layiqincə yerinə yetirəcəyinə, nümunəvi əsgər olacağına söz verib.  
    Sonda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən polkovnik-leytenant Anar Aqilov çağırışçılara öz tövsiyə və tapşırıqlarını çatdırıb, iştirak edən valideynləri bu münasibətlə təbrik edib.  
    Ardınca çağırışçılar Vətən borclarını yerinə yetirmək üçün hərbi xidmətə yola salınıb. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 07.07.2023 20:41