AZ EN RU

Bütün zamanların dahisi

Azərbaycanın özü qədər əbədi

    Ulu Öndər Heydər Əlİyеv: Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-si­ya­si, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almı­şam. Ən çətin anlarda, ən mürəkkəb və­ziy­yət­lərdə yalnız və yalnız xalqa arxa­lanmışam. Bu da mənə dözüm, iradə verib və bü­tün uğurlarımı təmin edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında oxuyuruq: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

    Bu gün qürurlanmağa, fəxr etməyə hər cür mənəvi haqqımız çatır ki, dünya millətləri içərisində doğma Odlar yurdu həm kəmiyyət, həm də keyfiyyət etibarilə ön sırada getmək hüququnun sahibidir. Buna isə görkəmli dövlət xadimi Heydər Əliyevin hələ ölkəmizə birinci rəhbərliyi dövrü həyata keçirdiyi tədbirlər, elə o dövrdə müəyyənləşdirdiyi quruculuq siyasəti və Ulu Öndərin siyasətinə göstərilən böyük ehtiram və sədaqət hesabına nail olmuşuq. Bu gün dünyanın şəksiz qəbul etdiyi, misilsiz xidmətləri ilə tariximizə parlaq səhifələr yazmış dahi öndər Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin fövqündə dayanır. Bunu dünyanın bir çox aparıcı dövlətlərinin başçıları da etiraf edir.
    Tarixdə böyük işləri, əməlləri ilə dərin izlər qoymuş şəxsiyyətlərin fövqündə dayanmaq kimi böyük və fövqəlbəşər reytinq qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu böyük reytinqə nail olmaq Ona heç də asanlıqla başa gəlməmişdi. Bu gün haqqında keçmiş zamanda danışmaq çətin olsa da, təskinliyimiz ondadır ki, bu dahi şəxsiyyət ürəklərimizdə əbədi yaşamaq hüququ qazanıb. 
    ...Vətəninin daha da gözəl günlərdə yaşamasını təmin etmək üçün gecəli-gündüzlü fəaliyyət göstərən bu böyük insanda olan enerjiyə dünyanın siyasi xadimləri də həsəd aparırdılar. Bu enerji ömrünü bütünlüklə öz xalqına həsr edən insana verilmiş İlahi vergidir. Xalqımız belə şəxsiyyətlə haqlı olaraq qürur hissi keçirir. Öz şəxsi keyfiyyətləri ilə əsl millilik, vətənpərvərlik, böyüklük, dahilik rəmzi olan Heydər Əliyev xarakteri, ilk növbədə, Azərbaycançılıq xüsusiyyəti ilə açılırdı. Digər insani keyfiyyətlər də məhz bu mənbədən qaynaqlanırdı. Rəhbərlik təcrübəsinin kökü də bunun üzərində qurulmuşdu. Rəhbər üçün ən böyük keyfiyyətlərdən biri, sözün əsl mənasında, milli mentalitetə malik olmaq, zamanı qabaqlamaq bacarığıdır. Ulu Öndər Heydər Əliyev hadisələrin gedişini geniş zaman çərçivəsində izləyir və bundan çox uzaqlara gedən nəticələr çıxarırdı. Daha doğrusu, lap uzaq gələcəyi görmək qabiliyyəti var idi bu böyük dühada.
    Hələ sovet quruluşunda tutduğu vəzifələr, qazandığı zəngin təcrübə bu böyük şəxsiyyətdə insanları yaxından tanımaq, onlara harada hansı vəzifəni tapşırmaq qabiliyyəti formalaşdırmışdı. Ötən əsrin səksəninci illərinin sonlarında baş verən hadisələr doğma Azərbaycanımızı heç birimizin gözləmədiyi məcraya yönəltdi. Məhz belə bir vaxtda Ulu Öndər Heydər Əliyev min bir problem içində boğulan, düşmən hücumlarına hər an tuş gəlmək vəziyyətində qalan doğma torpağa gəlişi ilə hər birimizin həyata inamını özünə qaytardı. Sonralar Ulu Öndər deyəcəkdi: “...Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”.
    Bir qədər geri qayıdaraq Ümummilli Liderimizin vəzifə pillələrinə nəzər salsaq, bu dahi şəxsiyyətdə olan keyfiyyətlərin elə-belə formalaşmadığını görərik. Dövlət təhlükəsizliyi orqanları, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövrü, 1982-1987-ci illərdə SSRİ kimi nəhəng bir imperiyanın rəhbərlərindən biri, yenidən Azərbaycana, Naxçıvana qayıdaraq burada Ali Məclisin sədri, Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçilməsi və yenidən Azərbaycana rəhbərlik etməsi Onun siyasi tərcümeyi-halının göstəriciləridir.    
    Bir sıra taleyüklü məsələlərin öz həllini tapdığı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyası Ulu Öndərin böyük siyasətçi və dövlət xadimi olmasını, xalqımızın tarixi keçmişinə hörmət və ehtiramla yanaşmasını bir daha ortaya qoydu. Belə ki, həmin sessiyada üçrəngli bayrağımız ikinci dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qaldırıldı. Həmin sessiyada Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə edilmiş, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarlar qəbul olunmuşdur. Məhz görkəmli dövlət xadiminin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar Ümummilli Lider Heydər Əliyevin imzaladığı Ali Məclisin Qərarında deyilirdi: 
    “Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır: 
    1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
    2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin. 
    3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.
    Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvanın dayandığından məmnunluğunu bildirən, ölkəmizin tərkib hissəsi olan qədim Naxçıvanın coğrafi vəziyyətinin bu diyarda Azərbaycan torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb etdiyini öz fəaliyyətində prioritet vəzifəyə çevirən, üç il Naxçıvanda yaşamasını və naxçıvanlılarla birlikdə işləməsini həyatının ən şərəfli və ən parlaq dövrü hesab edən Ulu Öndəri qarşıda Azərbaycana ikinci rəhbərlik dövrü gözləyirdi. Birinci hakimiyyəti dövrü qurub-yaratdığı Azərbaycan isə ovaxtkı Azərbaycan deyildi. Daxili çəkişmələr, vətəndaş müharibəsinə sürüklənmə ərəfəsi, ancaq şəxsi ambisiyalarını düşünən başıboş ölkə rəhbərlərinin səriştəsizliyi və ya bilərəkdən ölkəni bu vəziyyətə salmaları, xaos, anarxiya, rüşvətxorluq, korrupsiya və digər neqativ hallar isə ölkəni məhvə sürükləyirdi.
    Xalqın təkidli tələbilə Bakıya qayıdan, Azərbaycanın sabahı üçün taleyüklü məsələlərin həllində özünün uzunillik idarəetmə metodlarından istifadə etməklə Ulu Öndər dövlətimizi, dövlətçiliyimizi, müstəqilliyimizi qoruyaraq müasir Azərbaycanı xalqa təhvil verdi. Gərgin, yorulmaz, fövqəladə əməyi ilə Ulu Öndər öz Vətəni qarşısında liderlik vəzifəsini yerinə yetirərək xalqın Ümummilli Liderinə çevrildi.
    Dahi rəhbərin böyüklüyünü şərtləndirən amillərdən biri də odur ki, Ulu Öndər bütün zamanlar üçün yenidir. Buna görə də dünən də qəbul edilib, bu gün də qəbul edilir, sabah da qəbul edilmək hüququnu qazanıb. Bu böyük insanın fəaliyyətinin mərkəzində həmişə bir məqsəd, bir amal dayanmışdı: Vətən, xalq və onlar qarşısında olan ən müqəddəs borcu, vətəndaşlıq borcunu fədakarcasına yerinə yetirmək.
    “Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər”. Vətən qarşısında övladlıq borcu... Xalqımızın böyük oğlunun hamımız üçün tövsiyə, proqram xarakteri daşıyan bu sözləri həyat idealımızdır, bütün fəaliyyətimiz bu istiqamətdə qurulub.
    Övladlıq borcunu yerinə yetirməyi öyrənmək üçün ən böyük qaynaq elə bu böyük insandır – özü bu borcu can-başla yerinə yetirirdi. Azərbaycançılıq ideologiyasının müəllifi dahi Heydər Əliyevin bu istiqamətdəki fəaliyyəti hamımıza nümunədir. Ölçüyəgəlməz bu işləri sadalamağa ehtiyac yoxdur, çünki hər addımda rastlaşırıq belə işlərlə. Belə fəaliyyəti ilə O, yunan filosofu Sokratın “Dövlətə təcrübəli, səriştəli adamlar başçılıq etməlidirlər. Gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də o adamlar idarə etməlidirlər” fikrini sübuta yetirdi.
    “Fəlakətə düçar olan millətin belə anlarda güclü bir şəxsiyyətə ehtiyacı olur. Elə bir şəxsiyyətə ki dağınıq düşmüş, paralanmış ümidləri, ürəklərdə ölmüş mərhəməti, vicdanı, namusu yenidən dirildərək onu şər qüvvələrə qarşı yönəldə bilsin”. Bu müdrik kəlam sanki xalqımız və milli liderimiz Heydər Əliyev haqqında deyilib...
    Dahi rəhbər təkcə bu günümüzü düşünmürdü. Həm də gələcək nəsillər üçün güclü, müstəqil Azərbaycanın olması dahi şəxsiyyətin ən ümdə amalı idi. Bu isə bizdən sonra gələnlərin taleyinə əsl vətəndaşlıq münasibəti, öz vətəndaşlıq borcuna sadiqlik nümunəsidir. Artıq bütün dünyanın qəbul etdiyi cənab İlham Əliyev Ulu Öndər siyasi məktəbinin ən layiqli davamçısı kimi görkəmli dövlət xadiminin həyatımızın bütün sahələri üçün müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirir. Canı qədər sevdiyi doğma Azərbaycanı özünün qibləgahı sayan bu böyük şəxsiyyətin hüdudsuz xalq məhəbbəti qazanmasını şərtləndirən cəhətlərdən biri də məhz cənab İlham Əliyev kimi bir siyasətçini yetişdirməsi idi.
    Təkcə bir faktı xatırladaq. Ulu Öndərin ideyalarına ən böyük sadiqlik ölkə başçısının sərkərdəliyi ilə 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsi görkəmli dövlət xadiminin ən böyük arzusunun reallaşması, nəticə etibarilə, ərazi bütövlüyümüzün təmin olunması idi. Və postmüharibə dövründə bu torpaqlarda kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi məhz dahi öndərin qurduğu yeni Azərbaycanın iqtisadi qüdrətinin günü-gündən güclənməsinin bariz ifadəsidir. 
    2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamda deyilir: “Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir”.

    İstiqlalımız yaşadıqca bu müdrik siyasətçinin amalları da yaşayır və yaşayacaqdır. Bu əminlik ona görədir ki, dövlət adlı maşınımızın, titanik gəmimizin sükanı etibarlı əllərdədir. Bu gün onun sükanını məharətlə idarə edən cənab İlham Əliyevin fəaliyyətinin hər detalında bu böyük şəxsiyyətin yaratdığı siyasi məktəbin təlimi dayanır – dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, inkişafına, tərəqqisinə, xalqın yüksək həyat səviyyəsinin təmin olunmasına yönəldilmiş təlim. Məhz bu təlimin bəhrəsidir bugünkü Azərbaycan. Memarı isə dahi Heydər Əliyev. Ulu Öndər deyirdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”.

 Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 11.12.2023 18:55