AZ EN RU

Bütün kənd onu qarşıladı

Sərxan Həsənqulu oğlu Salahov

(01.03.1991-02.11.2020)

Sərxan çox mərd oğul idi. Mehriban idi. Bununla yanaşı, o qədər utancaq, qeyrətli oğlan idi ki, sözlə ifadə etmək çətindir. Biz Türkiyədə yaşayırdıq. O isə burada qalıb məktəbə gedirdi. Məktəbi də bitirdi. Vətənə borcunu verməyə getdi.

Heç unuda bilmədiyim bir hadisəni danışacağam. Bir dəfə Türkiyədən qayıdırdıq. Sərxan kənddə idi. Məni qarşılamağa gəlmişdi. Evdən çıxanda yoldaşı uşağa bez almağı tapşırıbmış. Sərxan gəlib avtobusa qalxdı. Gördü istidən hamının halı qarışıb. Mənə tərəf baxmadan avtobusdan endi. Bir də gördüm ki, iki bağlam müxtəlif sular alıb gətirib. Avtobusdakı sərnişinlərə payladı, evə gəldik. Yoldaşı dedi ki, bəs uşaqlara bez almadınmı? Dedi ki, yox, almamışam. Yoldaşı niyəsini soruşdu. Cavab verdi ki, avtobusdakıların susuzluqdan narahatlıqlarını gördüm, onları susuz qoya bilməzdim. Bax Sərxan belə oğul idi. Cibindəki son qəpiyini də başqaları üçün xərcləyərdi.  
Müharibədə olduğu müddətdə tez-tez danışardıq. Deyirdim ki, ay bala, səni də müharibəyə aparıblar? Deyirdi, ay ana, yox, mən kursu qurtarmamışam axı. Mən burada təmizlik işinə baxıram. Atama de mətbəxi, hamamı başa çatdırsın. Mən də deyirəm, yox, ay anan qurban, atan təkdir. Kiminlə düzəltsin, özün gələndə düzəldərsən. Dedi, yox, ana bilmək olmaz. Atam işini görsün, tez qurtarsın. Bu danışığımızdan on gün sonra balamın şəhid xəbəri gəldi.
Sonuncu danışığımız noyabrın biri oldu. Saat üçdə zəng vurmuşdu. Dedi ki, ana salamatçılıqdı. Amma mənə zəng çatmasa, bilin ki, telefonun enerjisi bitib. Nə vaxt kəndə ensək, onda zəng vuracağam. Sonuncu sözü o oldu ki, ana, uşaqlar sənə əmanətdir. Atama de işlərini görüb qurtarsın, məni gözləməyin. Mən də müharibə qurtaranda gələcəyəm. Balam gəldi, amma şəhid gəldi, qəhrəman gəldi. Vətən oğlu kimi gəldi. Sərxan bu dəfə kəndə elə gəldi ki, bütün kənd onu qarşıladı. 

Nəşr edilib : 09.03.2024 19:15