AZ EN RU

BÜTÖV VƏTƏN və QALİB XALQ naminə

Paytaxt Bakıdan 
“Şərq qapısı”na yazırlar

    Bu həftə Prezident cənab İlham Əliyev yerli televiziya kanallarına növbəti dəfə müsahibə verdi. Kifayət qədər önəmli məqamlara toxunulan, xüsusilə baş verən son siyasi proseslərə işıq tutan müsahibədə ölkə başçısına ünvanlanan suallardan biri də növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillərlə bağlı idi. 
    Nəzərə alsaq ki, ölkə başçısının çıxışları hər zaman xüsusi əhəmiyyətə malikdir – belə müsahibələrdə hər bir cümlənin ciddi xəbər əhəmiyyəti var və səslənən bütün fikirlərin ölkənin milli maraqlarına xidmət etdiyini hər bir diqqətli izləyici, dinləyici, oxucu görür, duyur, bilir. Onun müzəffər lider olaraq xalq tərəfindən sevilməsinin əsas səbəblərindən biri də hər zaman sözünün arxasında əməlləri ilə dayanmasıdır.
    Etiraf etməliyik ki, bir çox vətəndaşımız onun sözünün əsl gücünü 44 günlük Vətən müharibəsində xarici KİV-lərə verdiyi müsahibələrdə, xalqımızın və bütün dünyanın qarşısında qətiyyətli çıxışlarda özləri üçün yenidən “kəşf ediblər”. Bəzi “gecikmələrə” görə suverenliyə – Qarabağın işğaldan azad olunacağına inamını uzun illər ərzində itirməkdə olan vətəndaşı anlamaq olar. Təsəvvür edin ki, 2020-ci ildən öncəki, Qarabağın itirilməsindən sonrakı hər hansı ildə Prezident çıxış edir, ölkəmizə qarşı təxribat ehtimallarından danışır, dövlətçiliyimizə təzyiqlərdən bəhs edir, Prezident-xalq birliyinin önəmini, Şuşada, Laçında gec-tez bayrağımızın dalğalanacağını növbəti dəfə inamla vurğulayır və ordu quruculuğunun vacibliyindən, bu istiqamətdə görülən işlərdən bəhs edir. Həmin vaxt bir çoxumuz üçün belə çıxışlar adi görünsə də, zaman bizə Onun tərəfindən deyilmiş heç bir kəlmənin boş yerə ifadə olunmadığını göstərdi. Zaman bizə həm də onu anladacaqdı ki, bu adi görünən çıxışlarda, səslənən təkrarlarda belə bizim duymadığımız, çox vaxt məqsədli olaraq bəlli edilməyən, suveren Azərbaycan naminə, dövlətçilik naminə, Qələbə naminə mübarizə varmış. Ağızdan çıxan hər söz, hər kəlmə BÜTÖV VƏTƏN və QALİB XALQ naminə ola bilərmiş...
    Zaman, xüsusilə qələbədən sonrakı dövr bizə həm də onu anlatdı ki, Prezidentin müsahibələrində səsləndirdikləri qədər, bu və ya digər səbəblərdən deyə bilmədiyi də önəmlidir və bu çıxışlarda Vətəni sevən hər kəsə çatdırılan, ancaq duyula bilən Vətən naminə çağırışlar var. 
    Növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri izah edərkən birinci səbəb olaraq bunu yeni dövrün başlanğıcı ilə əlaqələndirən dövlət başçısı elan olunmuş seçkilərin bu yeni dövrə xeyir-dua verəcəyinə əminliyini vurğuladı. O bunu həm də yeni missiyanın başlanğıcı kimi dəyərləndirdi. 
    Məhz burada diqqətimi çəkən bir məqama da nəzərinizi yönəltmək istəyirəm. Nəzərə alsaq ki, Prezidentin natiqlik bacarığı, müxtəlif dillərdə fikirlərini rahatlıqla ən yüksək səviyyədə ifadə etməsi heç bir halda müzakirə mövzusu deyil; o bu imkanlardan istifadə edərək beynəlxalq ictimaiyyətin, KİV-in önəmli mövzulara diqqətini lazımi qədər cəlb etməyi bacarır – belə olan halda bir suala cavab ətrafında eyni sözün müxtəlif cümlələr daxilində beş dəfə səslənməsi diqqətimi xüsusilə cəlb etdi. Söhbət “sakitləşmə” sözündən gedir. Sitatları oxuyaq:
    “Cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də, təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. 
    “Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq”.
    “Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Bu, ayrı bir böyük söhbətin mövzusudur. Bəlkə, nə vaxtsa ayrıca bu məsələ ilə bağlı da biz danışarıq. Amma hər halda sualınıza cavab verərək deməliyəm ki, bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq”.
    “Yəni biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər, bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin, nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.
    Düşünürəm ki, məhz xüsusilə, indiki məqamda bütün bunlar, cənab Ali Baş Komandanın cəmiyyəti, bütün vətəndaşları ayıq-sayıq olmağa, seçki prosesinə məsuliyyətə dəvəti ola bilər?! Nəzərə alaq ki, eyni müsahibədə, eyni sual altında cənab Prezident detallara varmadan yeni konseptual inkişaf strategiyamızdan, milli ideologiyamızın yeni istiqamətlərindən, yeni hədəflərdən qısaca bəhs edir. Necə ki, illər öncə çoxlarından fərqli olaraq o, suveren Azərbaycanı, işğaldan azad olunmuş Qarabağı görürdü, hamımızdan daha çox inamlı və ümidli idi—ona ümidlərimiz bizə uzaq görünənlərin gerçəkləşməsini yaşatdı, deməli, bu məsələdə də Ona, Onun hər sözünə güvənməli, bu yeni mərhələdə daha güclü Azərbaycan üçün məsuliyyətimizi bir vətəndaş olaraq anlamalıyıq. 
    Haşiyə çıxaraq, sadə bir müqayisə aparsaq, dövlətimizin başçısı ailəsini sevən, onunla nəfəs alan, onun hər bir fərdinin yolunda bütün fədakarlıqlara hazır olan atalara bənzəyir. O atalara ki təkcə gələcəyi görməklə kifayətlənmir, onlar həm də gələcəyi qururlar – yüksək səviyyədə təhsil, təlim-tərbiyə verərək ailəsini, övladlarını hər vəchlə qoruyaraq. Bu mənada, bir sual ətrafında sadə vətəndaşa ünvanlanan bu önəmli məqam heç də adi bir ötəri nüans – təsadüfi təkrarlar sayılmamalıdır. 
    Prezident eyni sual ətrafında cəmiyyəti açıq müzakirələrə də dəvət edir: “Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə də bu barədə, yəqin, müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
    Bəli, bu gün ölkə başçısı Azərbaycanın gücünə güc qatmaq üçün çalışır. Yeni mərhələdə də xalqına arxalanaraq kəsişən böyük güclər qarşısında öz sözünü – həqiqəti deməyi bacarır. Cənab Prezidentin təbirincə desək: “...hər şey göz qabağındadır. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar”.

Ceyhun Zərbəliyev

Nəşr edilib : 12.01.2024 17:38