AZ EN RU

Bütöv Azərbaycan uğrunda 44 gün + 23 saat 43 dəqiqə

    Azərbaycan Respublikasının Prezidenti İlhаm Əlİyеv: Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı... Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. ...Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

 

Lap nağıllarda deyildiyi kimi, 40 gün, 40 gecə keçdi. Zalım divlə döyüşən cəsur döyüşçü onun kürəyini yerə vurub məğlub etdi. Divin əsarətdə saxladığı torpaqların üstündən qara buludlar çəkildi, Günəş doğdu. Bayquşların uladığı, çaqqalların dolaşdığı torpaqlarda qurdlar, aslanlar gəzməyə, səmalarında qartallar, şahinlər süzməyə başladı. Həyat yenidən qayıtdı. 

44 gün. Böyük Qayıdış: “Qarabağ Azərbaycandır!”

    27 sentyabr 2020-ci il... Hər şey birdən başladı sanki. Gözümüzü yumub açdıq və özümüzü yanıb qovrulduğumuz bir həsrətin son addımlığında gördük. Yenilməz Azərbaycan əsgəri illərdir, əlində hazır saxladığı silahın tətiyini çəkdi, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. “Qarabağ Azərbaycandır!” nidasıyla azadlıq yürüşü, qisas savaşı başladı. O gündən hər bir azərbaycanlının, qəlbi Vətən eşqi ilə döyünənlərin qulağı səsdə, gözü yolda qaldı. Ordumuzun bütün cəbhəboyu başladığı əks-hücum əməliyyatı hamının diqqətində hər kəs yeni zəfər xəbərləri gözlədi. Qarabağa “Böyük Qayıdış”ın yeni və nəhəng addım səslərinə qulaq verdi...
    “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır”.

Qabağına yüyürər yol, Vətənə gələndə: döyüşkən türk ruhu

Lələtəpə, Cocuq Mərcanlı... Bir zamanlar bu doğma toponimlərin adı çəkiləndə illərdir, köksümüzdə gəzdirdiyimiz yaranın qaysağı qoparaq qəlbimizi göynədirdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel döyüşlərində qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Qarabağa dönüşün və məskunlaşmanın istinadgahına çevrildi və “Böyük Qayıdış” Cocuq Mərcanlıdan başladı.
    Azərbaycan əsgəri o torpaqda qoyduğu əmanəti almaq üçün geri döndü. Bu müharibə indiyədək tarixdə rast gəlinməyən bir savaş kimi dünya savaş tarixinə yazıldı. Döyüşkən türk ruhu, həmişə müasir savaşda tətbiq edilən türk taktikası XXI əsrdə də dünyanı heyrətləndirdi. Halbuki bu əsrdə əldə edilən savaş və sivil texnikaların, hər cür nanotexnologiyaların, robotların, kiborqların, yeniliklərin, mümkün olmayanı reallaşdıran elmlərin fonunda dünyanı heyrətləndirmək elə də asan deyil. Amma Azərbaycan əsgəri bunu bacardı və təkcə Vətən sevgisini deyil, həm də döyüş ruhunu dünyaya nümayiş etdirə bildi.
    Cocuq Mərcanlıdan başlayan yol bizi daha irəli apardı. Düşmənin illərdir, möhkəmlənməyə çalışdığı mövqelər darmadağın edilərək yeni qələbə, zəfər tarixləri yazıldı. Bu cəsur həmlələr dayanmadan, inamla davam etdi.
    “Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq”.

Məcrasına sığışmaz sel, Vətənə gələndə:
 Azərbaycan döyüşdü...

Azərbaycan Ordusunun ayaq səsləri Qafqazı lərzəyə saldı. Dünya Azərbaycan əsgərinin qələbəsini izlədi. Azərbaycan isə döyüşdü; cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və hər üç müharibənin qalibi oldu.
    Azərbaycan döyüşdü... Məcrasına sığışmayan selə dönən ordumuz düşmənin tör-töküntülərini silib-süpürüb apardı. Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi, nə erməninin, nə onun riyakar havadarlarının sahib ola biləcəyi bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış Vətən həsrətindən boy alan silahla nişan aldı hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkdi. O səngərdəki əsgərin sirri elə o məşhur nağılda deyildiyi kimi, hər dəfə doğma torpağına toxunmasında idi, onu yenilməz edən də bu oldu. Vətən torpağında gedən bu müharibə Ermənistana qarşı milli birlik mübarizəsi oldu.
    “İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Saçına daraq olar yel, Vətənə gələndə: gələcəyin taktikası

Ukraynalı hərbi analitik Oleq Jdanov 44 günlük müharibə haqqında qeyd edirdi: “Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur. Bu gələcəyin taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu, sözün birbaşa mənasında, Ermənistan ordusuna dəhşətli kabus yaşadır”. 
    Qartal kimi Qarabağa doğru süzülən igidlərimizin nərəsindən düşmən lərzəyə gəldi. Şimşək atlı oğulların saçlarına daraq oldu Vətən yelləri. Hər şey o qədər sürətlə baş verdi ki, ürəyimiz hansı duyğuları yaşayacağını bilmədi. Amma azadlıq, qələbə duyğusu hamısını üstələdi. Sinəsini düşmən gülləsinə sipər edən igid oğullarımızın şəhidlik məqamına üzülsək də, qürurla, göz yaşlarımızla alqışladıq, qarşıladıq onları. Vətəni əmanət etdiyimiz igidlərimizi Tanrıya əmanət etdik.
    “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi... Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir”.

Ayağına düşər gül, Vətənə gələndə:
 gerçək qəhrəmanlıq xəzinəsi

Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Dünyada ən böyük qəhrəmanlıqlar da Vətən naminə edilib. Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu Vətən!
    Vətən o zaman yaşayır ki, onun uğrunda canından keçən qəhrəman övladları olsun. Bu gün neçə-neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan. Çünki ən böyük xəzinə qızıl deyil; nə ləl-cəvahirat, nə də sənət əsərləri. Dünyəvi şeylər, eynilə fəsillər kimi gəlib keçicidir. Amma gerçək qəhrəmanlıq xəzinəsinin işığı əsla solmaz. 
    Sənin səmanda bayrağımız dalğalansın – deyə, yenidən sənə qovuşaq deyə çox səbir etdik, çox dua etdik. Və nəhayət, səbrimizin, duamızın, mübarizəmizin cavabını aldıq. Azərbaycan əsgərinin ayaq səsləri bütün ağrını, kədəri, nisgili bitirdi. 
    “Biz öz doğma torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilas əsgəridir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Gözdən həsrət yaşını sil, Vətənə gələndə: Vətən nəğməsi

Bəzən heç bir cümlə gerçək duyğuları əvəz edə bilmir, ona görə insan bəzən ən dərin duyğuları yaşayıb hiss edərkən danışa bilmir, izah edə bilmir. İnsan qəlbinin ən böyük nəğməsi Vətən nəğməsidir. Bu nəğməni hərə bir cür oxuyur. Onu döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub, bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası, Həcər sədaqəti ilə oxuyanlar da. Bu nəğmənin hər kəlməsi Vətəndir, hər notu, hər səsi Vətən sevgisi ilə yoğurulmuş əzəli və əbədi bir musiqidir. Hər zəfər xəbəri qəlbimizi fərəhlə, gözlərimizi sevinc və qürur göz yaşları ilə doldurdu. İllərin həsrəti sona çatdı. Azərbaycan bayrağı vüqarla əzəli və əbədi torpaqlarımızda dalğalanır. Əsən yellər bayrağımızı yeni sabahlara, yeni zəfərlərə doğru dalğalandırır.
    “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq”. 

Gələndə oğul kimi gəl, Vətənə gələndə: 
torpaq qanla suvarılanda

    “İkinci Qarabağ müharibəsində Naxçıvan ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
    Silahlı Qüvvələrin Ali Baş Komandanı və gücünə, ədalətinə, mərhəmətinə heyran olduğum Azərbaycan əsgəri bu xalqın ümid, güman yerinə çevrildi. Və bir də bu qələbəyə qanı və canı ilə pay verən şəhidlərimiz! Torpaq uğrunda tökdüyünüz qanınız yerdə qalmadı! Əmin olun ki, bu xalq sizi heç zaman unutmayacaq! 
    Torpaq qanla suvarılanda Vətən olur. Bu torpaq, bu Vətən uğrunda minlərlə igid vətən oğlu, vətən qızı öz canından, qanından keçib, bu Vətəni qanıyla suvarıb. Sərt qayalarımız, bərəkətli torpaqlarımız onların qanıyla suvarıldıqca şəhid qoxulu Vətən torpağı daha da qüvvətlənir, güclənir və müqəddəsləşir. Hər biri əbədi məşələ çevrilərək yurdumuzun gələcəyinə işıq salır. Bir ölüb min dirilərik. Şəhid atasının əlini öpən müdavimlər, şəhid evlərinə qədər düzülən bayraqlar. Sonsuz təvəkkül, böyük inam, tükənməz sevgi. Nə haqqınızı ödəyə bilər, nə də sizi geri qaytara bilərik.
    “Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinmə­məlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız”.

+ 23 saat 43 dəqiqə: “Üçüncü Qarabağ müharibəsi”

Biz ordusu olan dövlət, ölkə deyilik. Biz xalqı ordu olan ölkəyik. Əgər belə olmasa idi, 30 illik yolu 44 günə gedə bilməzdik. Ali Baş Komandan “Mənim sözüm sözdür”, – deyərək elə bir güclü ordu yaratdı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa, həm də bu ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatında düşməni ağ bayraq qaldırmağa məcbur edərək isbat etdi. 
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri haqqında israilli hərbi ekspert Sergey Auslender deyir: “Üçüncü Qarabağ müharibəsi”, həm də sonuncu. Müasir müharibələr belə aparılır. Düşməndən texnoloji cəhətdən bir nəsil üstün olanda elə ilk zərbə ilə onu kor edib çaşdırırsan, artıq düşmənin sonrakı müqaviməti mənasız olur. Yuxarıdan hardansa yalnız raketlər və kamikadze dronlar gəlir. 23 saat 43 dəqiqə – yəqin ki, bu dünya rekordudur. Azərbaycan Ordusu bunu etdi”. 

10 il irəli: Siz bacardınız, cənab Prezident!

    Cənab Prezident 2011-ci ildə “Rossiya 24” kanalına müsahibəsində jurnalistin sualına cavab olaraq dedi: “Əlimdə imkanım olsa idi, gələcəyə gedərdim və hətta deyərdim 10 il irəli. Baxardım ki, mənim düşündüyüm alınıb, yoxsa yox və nə qədər alınıb. Bax bunu böyük məmnuniyyətlə edərdim”. Bu, böyük strateqin, dünya səviyyəli diplomatın və qətiyyətli, uzaqgörən siyasətçinin gələcəyə hesablanmış strateji gedişlərinin ən böyük bəyanlarından biri idi. Siz bacardınız, cənab Prezident, Ali Baş Komandan! 10 ildən də qısa bir müddətdə bunu bacardınız! Biz qayıtdıq! 
    44 günlük Vətən müharibəsi fasiləsiz informasiya savaşında ən cəsur sərkərdə olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş hərbi gedişatlar, Azərbaycan xalqına hər müraciətində simasında hiss etdiyimiz qələbədən doğan sevinc, namərd düşmənin əməllərindən qəzəb, əsgər və zabitlərin taleyindən nigaranlıq, ordusunun qüdrətindən məğrurluq, şəhidlərin xatirəsinə hörmət hissləri, xalq-ordu birliyi ilə yaddaşımıza həkk olundu. 
    “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.

Son söz yerinə: tarixi qaliblər yazır

Tarix kitabları qəhrəmanlar və onların fədakarlıqlarıyla doludur. Amma o hekayələri kim yazır? Müzəffər Sərkərdə, qalib ordu və Vətən uğrunda canından, qanından, arzularından, xəyallarından keçənlər... Şəhidlər... 
    General-mayor Polad Həşimovun təbəssümü, Xudayar Yusifzadənin “Xudayar təsnifi”, 19 yaşlı Cəbrayıl Dövlətzadənin erməni generalını əlləri ilə boğmağa güc verən düşmənə nifrəti, 18 yaşında didərgin düşdüyü Qubadlı uğrunda can verən polkovnik, Milli Qəhrəman Şükür Həmidovun Vətən sevgisi, Muxtar Qasımlının bütün şəkillərində parlayan həyat dolu gözləri, uşaqlıqları əllərindən alınan, həyatlarının hələ başlanğıcında bu dünyadan qoparılan uşaqların cansız bədənləri ilə yazıldı Zəfər tarixi...
    ...Və bir də Gəncəyə endirilən raket zərbəsindən sonra təbəssümlə kameralara baxan 5 yaşlı Bəxtiyarın cəsarəti, ata-ana qayğısından həmişəlik məhrum olmuş Sevilin, Hüseynin, Nilayın baxışları, hər bir əsgəri və hərbçini öz qardaşı, oğlu kimi görən insanların milli təəssüb və qeyrəti ilə yaddaşımıza həkk olundu 44 günlük Vətən müharibəsi... Və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm sitatı ilə: “Qarabağ Azərbaycandır və nida işarəsi”. 

Məmməd BABAYEV

Nəşr edilib : 25.10.2023 20:58