AZ EN RU

Bütöv Azərbaycan soyqırımı qurbanlarının xatirəsinə ucaldılan ən böyük abidədir

“Bir insan erməni ola bilər, ancaq bir erməni insan ola bilməz...” Tarixin ağ-qara səhifələrini vərəqlədikcə tez-tez xatırladığımız alman filosofu, siyasi nəzəriyyəçi, jurnalist Karl Henrix Marksın bu sözlərinə haqq qazandırmaya bilmirik. Bu bədnam toplumun Azərbaycan xalqına qarşı əsrlər boyu davam edən əsassız ərazi iddiaları, təcavüz və soyqırımı siyasəti ötən yüzilliyin əvvəllərindən etibarən özünün pik həddinə çatdı. Heç bir əsası olmayan cılız təfəkkürün, mənfur amalların, məkrli niyyətlərin məqsədi Azərbaycan torpaqlarının böyük bir qismini ələ keçirmək, azərbaycanlıları ata-baba torpaqlarından sıxışdırıb çıxarmaq, sonra həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq idi. 
Ermənilərin törətdikləri qətliamlar içərisində 1918-ci il hadisələri amansızlığı, vandalizmliyi ilə tarixin qanlı səhifələrindən birinə çevrilib. Həmin hadisələrdə minlərlə soydaşımız erməni zülmünün qurbanı olub. Mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik-daşnak hərbi dəstələri Bakı şəhərində türk-müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınları zamanı əks-inqilabçı və müsavatçı adı ilə 12 min dinc əhali amansızlıqla qətlə yetirildi. 
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Milli Hökumət erməni-daşnak qüvvələrinin Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi cinayətləri araşdırmaq üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Həmin komissiya törədilən qətliamlara aid 36 cilddən ibarət sənədlər toplusu hazırladı.
Azərbaycanın bütün bölgələrində – Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda eyni ssenari ilə əhali ağır işgəncələrlə qətlə yetirilirdi. Həmin illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvana yiyələnmək üçün daşnaklar yerli əhaliyə qarşı vəhşiliklər törədir, onları öldürür, yaşayış məntəqələrini yandırır və ərazini azərbaycanlılardan boşaltmağa çalışırdılar. 1918-ci ildə Naxçıvanda ən dəhşətli vəhşilikləri törətməkdə Andranik Ozanyan, Dro, Njde, Doluxanov, Yapon və digər cəlladların başçılıq etdikləri dəstələr böyük rol oynayıblar. Həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən Müsəlman Milli Komitəsinin katibi işləmiş Mirzə Bağır Əliyev hadisələrin, erməni vəhşiliklərinin bilavasitə şahidi olub və onları qələmə alıb. Onun “Qanlı günlərimiz” əsərindən – gündəlik qeydlərindən aydın olur ki, 1918-1921-ci illərdə Naxçıvanda ermənilər tərəfindən 74 min azərbaycanlı ən vəhşi üsullarla öldürülüb. Naxçıvanda o zaman ilk soyqırımını Culfa rayonunun Yaycı kəndində törədiblər. Erməni qaniçənlər Araz çayı sahilindəki 4 minə yaxın əhalisi olan Yaycı kəndini yerləyeksan edib, kənd əhalisinin 2000-2500-nü qətlə yetirib və Araz çayına töküblər. Cəsədlərin sayı o qədər çox olub ki, burada böyük bir qəbiristanlıq yaranıb. Həmin vaxt Nehrəm ətrafında məğlub edilmiş Andranikin dəstələri geri qaçmağa məcbur olub. Ordubada doğru irəliləyən erməni qaniçənlər qarşısına çıxan kəndləri dağıda-dağıda 2 min azərbaycanlını öldürüblər. Ordubad ətrafı, Əlincəçay boyu, Şahbuz kəndlərinin əhalisi tərk-silah olunub, xeyli hissəsi qətlə yetirilib. Nursu, Kolanı, Hənzər, Mahmudoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna kəndlərində də dəhşətli qırğınlar törədilib. Arxiv materiallarında ermənilərin, xüsusilə də Andranik Ozanyanın silahlı dəstələrinin İrəvan əyalətində 200-dən, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində isə 50-dən çox müsəlman kəndlərinə silahlı hücumlar təşkil etdiklərinə, kənd əhalisinin böyük əksəriyyətinin qətlə yetirildiyinə dair məlumatlar yer almaqdadır.
Tarixi sənədlərdə Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna məruz qaldığı və əhalisinin də Araz çayına atılması ilə bağlı məsələlər göstərilir. Müsəlmanlar tərəfindən ələ keçirilən ermənilər Naxçıvanda və onun bütün kəndlərində türklərin qətlə yetiriləcəkləri və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni dəstələrinə yazılı olaraq göndərilən əmrdə deyilir: “Şərur əhalisini Araz çayına atmaq üçüncü alay komandanlığının əsas vəzifəsidir”. Digər bir fakt: Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Onlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idi. 15 mindən artıq erməni quldurunun silahsız, müdafiəsiz insanların üzərinə hücumu nəticəsində bir gün ərzində 10 mindən artıq günahsız insan qətlə yetirildi.   
1915-1921-ci illər arasında Cənubi Azərbaycanda ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90 mindən çox idi. Bütün bunlarla yanaşı, naxçıvanlılar mərdliklə döyüşüb, Naxçıvanın erməni işğalına məruz qalmasına yol verməyiblər. Bununla əlaqədar 20 tabor yaradılıb, onlar silahlandırılıb, III Kalbalı xanın başçılığı ilə 500 nəfərdən ibarət süvari dəstə böyük rəşadət göstərib. Onlar erməni daşnaklarına dəfələrlə layiqli cavab verib, ərazidən qovublar.   
Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti tam açılıb, həmin hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını alıb, qüdrətli dövlət və güclü ordu yaradıb, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakarlığının ifşası istiqamətində tədbirlər görüb. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil edilib, 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunması qərara alınıb. 
Aparılan araşdırmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini göstərən faktlar, saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar aşkarlanıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edir.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək xalq-ordu-lider birliyi başıpozuq bir toplumun ikiyüzillik özbaşınalıqlarına son qoydu, məğrur Azərbaycan əsgər-zabiti düşmənin keçilməz sandığı Füzuli səddindən keçib alınmaz dediyi Şuşa qalasınadək şərəfli zəfər yürüşü etdi. 2023-cü il sentyabrın 19-20-də 24 saatdan az bir müddətdə aparılan lokal xarakterli antiterror tədbirləri ilə isə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin edildi, bir nəfər belə mülki insana zərərin toxunmadığı bu humanist prinsipli əməliyyatla Azərbaycan vaxtilə Mart, Xocalı və digər soyqırımlarını törədən quldur topluma, bu faciələrə göz yuman havadarlara insanlıq, haqq-ədalət dərsi keçdi...
Ümummilli Liderimiz Heydər Əliyevin  tarixi sözləri bu gün Ali Baş Komandanın siyasi qətiyyəti sayəsində həqiqət, gerçəklik günəşi kimi parlayır: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. Bəli, Xocalılı, Xankəndili, Şuşalı bütöv Azərbaycan tarixboyu erməni vandalizminə məruz qalan xalqımızın nümayəndələrinin, bütün soyqırımı qurbanlarının, o cümlədən 1918-ci il hadisələrində vəhşicəsinə qətlə yetirilənlərin xatirəsinə ucaldılan ən böyük abidədir. Məğrurluğundan güc aldığımız, fəxarət hissi ilə köksümüzü dolduran əbədiyaşar abidə... 

Nail ƏSGƏROV

Nəşr edilib : 31.03.2024 08:53