AZ EN RU

Bütöv Azərbaycan naminə tarixi gün

Ötən il dekabrın 7-si ölkə həyatının, regionun siyasi gündəmində ən əhəmiyyətli hadisə ilə yadda qaldı. Dövlət başçısının həmin gün imzaladığı müvafiq Sərəncama əsasən Seçki Məcəlləsində müəyyən olunmuş qaydalara tam uyğun növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması dünyanın hazırkı geosiyasi mənzərəsi fonunda atılmış mütərəqqi addım kimi dəyərləndirildi. Xüsusilə ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra Azərbaycanın siyasi arenada qazandığı nüfuzu həzm edə bilməyən bəzi ermənipərəst Qərb ölkələrinin regionda qarışıqlıq yaratmaq cəhdlərini, eyni zamanda ölkəmizin post-müharibə dövründə qarşıya qoyulan hədəflərini nəzərə alsaq, bu addımın mütərəqqiliyi daha da ön plana çıxır...
    Ölkəmizdə 1993-cü ildən bəri daha da təkmilləşdirilən seçki prosesi qanunvericilik çərçivəsində şəffaflığı, demokratikliyi ilə bu gün regionda özünəməxsus imic qazanıb. “Demokratiyanın əvvəli var, sonu yoxdur” – deyən, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük çoxluğunun səsini qazanmaqla Prezident seçildikdən sonra seçki prosesinin daha da şəffaflaşdırılması üçün müvafiq addımlar atdı. Xüsusilə də dövlət başçısının 2005-ci il mayın 11-də və oktyabrın 25-də imzaladığı sərəncamlar bu siyasi əhəmiyyətli prosesin standartlara uyğun, demokratik dəyərlər əsasında təşkilinə geniş imkanlar açdı...
    Seçkilərdə exit-pollun tətbiqi, barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi, müşahidəçilər dairəsinin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının seçkiləri müşahidə etməsi üzərində məhdudiyyətlərin götürülməsi şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımlar kimi beynəlxalq müşahidəçilər, xarici kütləvi informasiya vasitələrinin əməkdaşları, ekspertlər tərəfindən hər zaman yüksək qiymətləndirilir. Bu baxımdan son prezident seçkilərində beynəlxalq müşahidəçilərin bir neçəsinin səsləndirdiyi bəyanatı xatırlatmaq yerinə düşər. Belə ki, həmin prosesdə yaxından iştirak edən İtaliya xarici əlaqələr komitəsinin üzvü Antonio Radze bildirmişdi ki, seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm”. Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: “Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 1200-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub”.
    Milləti uçurumdan zirvəyə aparmaq amalı ilə ümumxalq məhəbbəti qazanan Ümummilli Liderimiz Azərbaycanın şanlı XXI əsr tarixinin yazılması naminə öz haqq yolunun layiqli davamçısını xalqına bu sözlərlə miras buraxdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, 2003-cü il oktyabrın 15-də seçki məntəqəsinə üz tutan hər bir azərbaycanlı Ulu Öndərə dərin sevgisini, Onun yoluna sonsuz sədaqətini göstərməklə həm də ölkəmizin işıqlı gələcəyinə, inamlı sabahına səs verdi. Və Prezident cənab İlham Əliyev seçki ərəfəsində verdiyi “Əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm” vədinə əməl edərək ölkəni böyük tərəqqi yoluna çıxardı. Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu siyasəti daha da gücləndirildi, aparılan islahatlar iqtisadiyyatın, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına təkan verdi. Beynəlxalq aləmdə mövqelərimiz xeyli möhkəmləndirildi, uğurlu diplomatik addımlar nəticəsində ölkəmiz nüfuzlu təşkilatlarda söz sahibinə çevrildi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatların Ermənistanı işğalçı dövlət kimi tanımaqdan başqa çıxış yolu qalmadı. 
    “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” ideyası Prezident İlham Əliyevin daxili siyasətinin ana xəttinə çevrildi, işsizlik halları minumuma endirildi, 2 milyondan çox yeni iş yerləri yaradıldı. Regionların sosial-iqtisadi inkişafına yol açan Dövlət proqramları qəbul edildi, ardıcıl şəkildə 4 milyondan çox insanı əhatə edən sosial islahat paketləri icra olundu, əməkhaqları, pensiyalar, müavinətlər dəfələrlə artırıldı, həssas təbəqədən olan vətəndaşların mənzil-məişət şəraitləri yaxşılaşdırıldı, maddi rifah halları yüksəldildi. 
    Ümummilli Liderin “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” şüarı iqtisadiyyatımızın daha da şaxələndirilməsində, xarici ticarət dövriyyəsinin ilbəil artırılmasında özünü göstərdi. İnhisarçılıq hallarına son qoyuldu, sərbəst biznes mühiti formalaşdırıldı, yeni müəssisələr yaradıldı, ənənəvi istehsaldan innovativ istehsalata keçid təmin edildi. Ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsinə çevrilməklə, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə beynəlxalq nəqliyyat sistemində mövqelərini gücləndirdi, Avropanın etibarlı enerji tərəfdaşına çevrildi. Neftdən gələn gəlirlər qeyri-neft sektoruna yatırıldı, xarici sərmayədarların ölkə iqtisadiyyatına cəlbi ilə bu sektorda canlanma yaradıldı, kənd təsərrüfatı sahələrinə elmi-tədqiqi yanaşmalar, innovativ texnologiyaların tətbiqi məhsuldarlığın, məhsul istehsalının həcminin artırılması ilə nəticələndi. Statistik rəqəmlərə də nəzər salanda görürük ki, ötən dövrdə qeyri-neft iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək artıb. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft sənayesində 4,7, turizmdə 19, informasiya və rabitədə 23, nəqliyyat sektorunda isə 5 dəfə böyüyüb. Ötən 20 ildə qeyri-neft məhsullarının ixracı 12 dəfə artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard dolları üstələyib. Ümumilikdə, 20 ildə Azərbaycan iqtisadiyyatı yüksək artım templəri nümayiş etdirib. 2003-2022-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib. 2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb.
    20 il ərzində gənclər, idman, təhsil sahələrində dünya standartlarına uyğun maddi-texniki, metodiki baza daha da gücləndirildi, onlarla idman kompleksləri, təhsil ocaqları tikilib istifadəyə verildi və nəticədə həm fiziki, həm də mənəvi cəhətdən güclü, intellektual gənclik formalaşdı. Beynəlxalq olimpiadalarda, yarışlarda, idman oyunlarında qazanılan nailiyyətlərlə ölkəmizin imici daha da yüksəldi, bayrağımız ən ali kürsülərdə dalğalandı, himnimiz Avropadan Amerikaya qədər hər kəsi ayağa qaldırdı. Azərbaycan birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avroviziya mahnı müsabiqəsinə layiqli şəkildə ev sahibliyi etdi, Bakıdan tolerantlıq səsi ucaldı, mədəni, mənəvi dəyərlər nümunəsi göstərildi bütün dünyaya...
    Prezident cənab İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət 2018-ci il 11 aprel seçkilərindən sonra özünün 5 illik zirvə nöqtəsinə yetişdi. İllərdir, ordu quruculuğu istiqamətində görülən işlər, reallaşdırılan islahatlar məntiqi sonluqla nəticələndi, xalqımızın ürəyində qubar bağlayan Vətən həsrətinə son qoyuldu, beynəlxalq təşkilatların, dünya hegemonlarının biganə yanaşdığı Qarabağ dərdinə çarə tapıldı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək xalq-ordu-lider birliyi “dəmir yumruğ”a çevrilərək bədxahların başına endirildi, məğrur Azərbaycan əsgər-zabiti düşmənin keçilməz sandığı Füzuli səddindən keçib alınmaz dediyi Şuşa qalasınadək şərəfli zəfər yolu yeridi. Böyük Qələbəyə aparan bu yol uydurma erməni mifini sulara qərq edən yenilməz ordumuzun qüdrəti ilə yanaşı, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti, xalqımızın həmrəyliyi ilə nurlandı, əbədiyyətlik qazandı. 2023-cü il sentyabrın 19-20-də 24 saatdan az bir müddətdə aparılan lokal xarakterli antiterror tədbirləri ilə isə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin edildi, bir nəfər belə mülki insanın burnunun qanamadığı bu əməliyyatla Azərbaycan vaxtilə Xocalı faciəsinə göz yuman erməni havadarlarına insanlıq, haqq-ədalət dərsi keçdi...
Otuz ildən sonra öz milliliyinə, kimliyinə yenidən qaytarılan qədim ata-baba torpaqlarımızın hər qarışı bu gün dirçəldilir, yenidən qurulur, bir vaxtlar öz yurdundan didərgin düşən soydaşlarımız evlərinə geri dönür. Sönən ocaqların odu alovlanır, barıt qoxan bağ-bağçalar xoş rayihəyə bürünür, solan qönçələr allanır, yad küylərin dolaşdığı küçələrdə şən-şaqraq uşaq sədaları eşidilir, viran olunan məscidlərdən azan səsi ucalır, məktəblərdə, mədəniyyət ocaqlarında milli-mənəvi dəyərlər aşılanır, təbliğ edilir, yaşadılır... Və ən nəhayəti isə odur ki, xalqımız qalib kimi bütövləşən Azərbaycan naminə ilk dəfə seçkiyə hazırlaşır. Soydaşlarımız daha məcburi köçkün kimi deyil, öz ana torpağı, ata yurdu Laçında, Zəngilanda, Füzulidə, Qarabağda onlara bu böyük xoşbəxtliyi, əbədi qalibiyyəti yaşadan, ərazi bütövlüyünü təmin edən Müzəffər Prezidentini seçməyə amadədir... 

Nail ƏSGƏROV 

Nəşr edilib : 10.01.2024 14:21