AZ EN RU

Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məktəblilər və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirib

Aprelin 27-də (11 illik) orta təhsil səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında  ən yüksək nəticə (300 bal) göstərən və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində həvəsləndirici yerə layiq görülən məktəblilərlə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov məktəbliləri təbrik edərək, son dövrlərdə təhsil sahəsində həyata keçirilən uğurlu layihələrdən və  şagird nailiyyətlərindən danışıb.     
Qeyd olunub ki,  bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən  buraxılış imtahanlarında məktəblilərimiz yüksək nəticələr əldə ediblər. 
Bildirilib ki, builki buraxılış imtahanlarındakı orta bal göstəriciləri    son 3 il üzrə ən yüksək nəticədir  və bölgələr arasında da  Naxçıvan məktəbliləri yüksək nəticələrinə görə ölkə üzrə  ikinci pillədə yer tutur.
Diqqətə çatdırılıb ki, buraxılış imtahanlarında 4 şagirdimizin ən yüksək nəticə olan 300 bal toplaması da şagird nailiyyətlərinin yüksələn  xətlə inkişafının bariz nümunəsidir.    
Elxan Nəcəfov XIII Respublika Müsabiqəsinin  əhəmiyyətini də vurğulayaraq şagirdlərə bu tipli müsabiqələrə daha yaxşı hazırlaşmağı tövsiyyə edib və blok imtahanlarında iştirak edəcək  məzunlara uğurlar arzulayıb.       
Tədbirdə məktəblilərə “Paşa Həyat” sığorta şirkətinin   hədiyyələri  təqdim olunub. 
Bütün şagirdlərə uğurlar arzulayırıq!

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.04.2024 19:47