AZ EN RU

Bura Naxçıvanın bala “Zəngilan”ıdır...

    Naxçıvanın qucaq açdığı zəngilanlıların məskunlaşdığı Zəngilan məhəlləsinin varlığı bir neçə rayon sakinindən başqa çoxlarına məlum deyil. Mən də Culfa şəhərində belə bir məhəllənin olduğunu eşidəndə vaxt itirmədən yol aldım Culfa şəhərinə... 

    Soraqlaya-soraqlaya həmin məhəlləni tapdım. Adıçəkilən ünvanda uzaqdan diqqətimi çəkən köhnə bir tikilinin qarşısında iki xanım söhbət edirdi. Onlara yaxınlaşıb burada məskunlaşan zəngilanlılarla söhbət etmək istəyimi bildirdim. Bəxtim gətirmişdi. Onlardan biri Zəngilandan olub, 1973-cü ildən elə bu məhəllədə yaşayan Zeynəb xanım idi. Onunla söhbətdən əvvəl düşüncələrə sövq edən binanın tarixi haqqında soruşdum. Zeynəb xala dedi ki, elə biz gəlib bu binanı belə görmüşük. Yaşlı insanlar deyirlər ki, bu bina İrəvan kərpicindən tikilib. Əvvəllər burada Mincivan-Culfa dəmir yolu xətti var idi. Zəngilanlı maşinistlər bu binada qalırdılar. Sonra ailəsi ilə birlikdə Culfaya gələn zəngilanlı dəmir yolu işçiləri üçün 3 bina tikildi. Buna görə də həmin məhəllə “Zəngilan məhəlləsi” adlandırıldı. Dəmir yolu işçilərinin əksəriyyəti mincivanlı olduğundan bura “Mincivan məhəlləsi” də deyirlər. 
    Zeynəb xala deyir ki, mənim yoldaşım da maşinist işləyirdi. O, culfalı idi. Culfa-Mincivan qatarını sürürdü. “Yoldaşımın bacısı Mincivana gəlin köçmüşdü. Onunla rəfiqə idik. Sonra da baldızım oldu”, – deyib utancaq təbəssümlə gülür...
    ...O qədər səmimi söhbət edir ki, Zeynəb xala sanki məni illərdir, tanıyır. Bizi israrla evlərinə dəvət edir. Amma, təəssüf ki, zamanımız az olduğundan onunla sağollaşıb başqa bir Zəngilan sakininin sorağına düşürük. Zəngilanlıların yaşadığı binanın taxta pilləkənləri ilə yuxarı qalxırıq. Məni uşaqlıq illərimə aparan mavi boyayla rənglənən taxta bir qapını  döyürük. Qapını balaca bir oğlan açır. Oğlanın arxasınca isə ağbənizli, nurüzlü bir xanım asta addımlarla qapıya tərəf gəlir. Öyrənirəm ki, bu xanım 1961-ci ildə ömür-gün yoldaşı Əziz kişi ilə Culfada elə bu binada məskunlaşan Ərkinaz nənədir. Allah qonağıyıq deyib içəri keçirik. “Allah qonağına canım fəda, ay bala”, – deyən Ərkinaz nənə bizi mehribanlıqla qarşılayır. Hər küncündən, bucağından xatirələr boylanan hüzur dolu balaca evdə keçmiş günlərdən söhbət açırıq. Ərkinaz nənə deyir ki, yoldaşım 1960-cı ildə Mincivan-Culfa dəmiryolunda işə başladı. Biz də elə həmin il nişanlandıq, 1961-ci ildə isə toyumuz oldu. Sonra qərar verdik ki, köçüb Culfada elə bu məhəllədə dəmir yolu işçiləri üçün tikilən bu binada yaşayaq. Biz bura köçəndə gəldim-gördüm mincivanlıların hamısı burada. Əvvəllər bura “Mincivanski zdaniya” deyərdilər. Sonra hamısı bir-bir köçüb, getdilər. Yoldaşım buranı çox sevirdi. Ona görə də getmədi. Sonra yoldaşım rəhmətə getdi, mən bu binada qız, oğul böyütdüm, qızlarımı gəlin köçürdüm, oğlanlarımı evləndirdim.  Bu binada mənim əziz xatirələrim var. 
    Ərkinaz nənə deyir ki, Allahdan ən böyük arzum ölməmişdən əvvəl Zəngilanın o gözəl, səfalı yerlərini görməkdir, buz bulaqlarının suyundan doyunca içməkdir. O qədər həsrətini çəkmişəm ki, yurd-yuvamın. 
    Həsrətlə dərindən ah çəkən Ərkinaz nənə kövrəlir, göz yaşlarını saxlaya bilmir. Titrək səsiylə “elinə, obasına, yurd yerinə illərlə həsrət qalanlar mənim acımı, həsrətimi anlayar...” – deyir. 
    Ərkinaz nənə deyir ki, Zəngilanın azad olunma xəbəri gələndə  sevincimdən o qədər ağladım ki. Zəng vurdum bütün qohumlarıma, şirniyyat alıb qohum-qonşuya şirinlik payladım. Sağ olsun Prezidentimiz, doğma obamı düşmən tapdağından azad etdi. Şəhidlərimizə Allah rəhmət eləsin. Ürəyim qubar edir ki, öz yurdumu gedim görüm. Böyük oğlum söz verib ki, tezliklə məni Zəngilana aparacaq. Əgər Allah mənə nəsib etsə yurduma getməyi, qurban aparıb kəsəcəm kəndimizdə. Hamınızı da öz evimizə qonaq aparacağam, – deyir. Göz yaşları yanağında donan Ərkinaz ananın çöhrəsi gül-çiçək açır... 
    ...İllərdir, yurduna-yuvasına həsrət qalan Ərkinaz ananın timsalında, Qarabağ elinin əziz insanlarının çöhrəsində gül-çiçək açdıran, qəlbini sevinc, fərəh hissi ilə dolduranlara eşq olsun deyirik! Və ümid edirik ki, yenidən cənnətə dönən Qarabağa Vətən həsrəti, yurd nisgili çəkənlər tezliklə qatarla geri qayıdacaqlar!

Gülcamal TAHİROVA

Nəşr edilib : 07.01.2024 18:01