AZ EN RU

Bura Naxçıvandır…

    İnsanlar Tanrı tərəfindən onlara biçilmiş ömür payında birlikdə yaşayır, məkanlar çərçivəsində ümumi mədəni dəyərlər formalaşdırırlar. İnsanın yaşadığı yerlə bu güclü bağı qırmaq, demək olar ki, mümkünsüzdür. İlk dəfə dünyaya göz açdığımız ev, küçə, şəhər və böyüyüb boya-başa çatdığımız yerdə yaşamasaq belə onlar həmişə təsəvvürümüzdə qalıcı izlər qoyur. Evimizdən başlayaraq şəxsiyyətimizin, xarakterimizin formalaşmasında aldığımız tərbiyə və təhsil qədər udduğumuz hava və üstündə gəzdiyimiz torpağın da dəyəri əvəzsizdir.     

    Dünya sivilizasiyanın qaynağı olan, Nuhun qədəm basdığı, hər küçəsi, hər tini tarix qoxan, əsrlərboyunca keçilməz qala rolunu oynayan, təbii və memarlıq üslubu ilə gözoxşayan, bir çox fərqli mədəniyyətləri və ünsürləri birləşdirən, Möminə xatına “qucaq”, Yusif  Küseyr oğluna “əbədi beşik”, Nəimiyə “hüruf”, Mirzə Cəlilə “məktəb”, Ordubadiyə “qələm”, Cavidə “ev” olan qədim türk diyarı Naxçıvandan yazıram…
    Naxçıvan! Qürbətdə olarkən həsrəti ilə qovrulduğumuz, sadəcə, yaşanılan məkan olmadığını, yeri gəldiyi zaman bir dost, bir sevgili və bir can yoldaşı olduğunu hiss etdiyimiz, hər şeyin insanla gözəlləşəcəyini düşünüb insanları ilə sevilən şəhərdir. Naxçıvana ayna tutub, onun gözəlliklərini gələcək nəsillərin yaddaşına, qəlbinə və ruhuna əbədi köçürmək hər bir qələm əhlinin borcudur. Naxçıvana bağlılığımız, heyranlığımız və sevgimiz artdıqca, ondan ayrı düşmək günbəgün çətinləşərək dözülməz olur. Sanki rəssam bahar fırçasını göy qurşağına vurub, bu torpağın hər dağına, hər daşına sarı bülbüllər, qırmızı güllər çəkərək lalənin yanağına şəbnəm qondurub. Bu şəhərdə arılar ləçək üstə bal şehinə bənzəyir. Meyvəsindən hələ şərab olmamış, tut sərxoşdur, bağ sərxoşdur bu eldə. Hələ yazın gəlməyinə az qalmış, talavar üstə tağ sərxoşdur bu eldə. Bulaqları zümzüməli, bülbülləri həzin səsli, seli, suyu çağlamalı, sərin külək, dağ havası, ürəyindən keçsə əgər, Naxçıvana eylə səfər. Bura türkün diyarıdır. Elə bu adı da türklərə Tanrının özü verərək, onları dünyanın ən yüksək yerlərində, havası ən təmiz torpaqlarda yerləşdirməsi və “öz ordum” deməsi bu xalqın ululuğunun rəmzidir. Bununla bərabər bu xalq gözəllik, zəriflik, ədəb, hörmət, ehtiram, sözündə bütövlük, təvazökarlıq, igidlik, mərdlik kimi saysız-hesabsız tərifə  layiq olan ərdəmlərə sahibdir.
    Bizim istək və arzumuzdan asılı olmayaraq, bir çox peyğəmbərlərin indiki Naxçıvan adlanan yurdun ilk insan məskəni olduğunu deyən Amerika Birləşmiş Ştatlarındakı Norvest Universitetinin professoru Marti Martincito Fillips “Allah yurdu Naxçıvan” məqaləsində qeyd edirdi ki, Böyük İpək Yolunun məhz Naxçıvandan keçməsi, Ordubadda ipəkçilik ənənəsinin formalaşması tarixin yaddaş salnaməsinə çevrilmiş, heç kimin və heç nəyin real tarixi gerçəkliyi inkar edə bilməyəcəyi bir məntiqi həqiqəti üzə çıxarmışdır. 
    Yer kürəsinin bu balaca cənnət məkanını özünə və əhalisinə məskən seçən Nuh Peyğəmbər bu seçimin Allah əmri olduğunu bildirmişdir. Bu torpağın hər qarışı, hər daşı Nuh əlamətlərini bu gün də qoruyub saxlayır. Çünki bu gerçəklik Naxçıvanın dağlarında və buranın bugünkü sakinlərinin qədim tarixində, gündəlik həyat tərzində yaşanmış və bu gün də yaşanır. 
    Nuh fəlsəfəsinə, Nuh baxışına görə dünyada yer və göyün qovuşduğu yanlız bir yer var və bu yer Naxçıvandır. Başqa cür olsa idi, Nuh Peyğəmbər dünya mədəniyyətinə və dünyanın tarix yaddaşına Nuh möhürünü Naxçıvanda vurmazdı. 
    Hər baharda Naxçıvan daha da yeniləşir, həyat simfoniyasının çalarlılığı olan Haçadağla həzin yuxuya gedərək Gəmiqaya ilə şaxə qalxır, Nəhəcirlə dəyirman daşında emal olunub əbədiyyətə təhvil verilir. Naxçıvan dağları Allah tərəfindən çəkilən təbiət mənzərəsidir. Uzaqdan baxanda bu dağlar sanki istehkamı xatırladır, lakin yaxınlaşdıqca hiss edirik ki, bu mənzərə insana təcrid olunmuş bir məkanın varlığından xəbər verir. 
    Tarixin müəyyən qaranlıq dövründə ideya, məntiq və fəlsəfi baxımdan insanlar ilk doğulan övladlarını qurban kəsirdi. Bu inanca əsaslanan bir hal kimi qəbul edilmiş və göydən yerə bərəkət, sağlamlıq nazil olacağına əsaslanmışdır. Müəyyən dövrdən sonra İbrahim Peyğəmbərin qurbanlığının qoç qurbanlığı ilə əvəz olunması başladı. “Qurani-Kərim”də bəhs edilən, Naxçıvan mədəniyyətinə, Naxçıvan torpağına aid olan Əshabi-kəhf  dini abidəsində kəsilən qurbanlar Tanrıya sevgi və yaşadıqları torpağa əbədi məhəbbət və müqəddəslik rəmzi kimi başa düşülür. Naxçıvanlıların hər il Qurban bayramını dini inanclar çərçivəsində yüksək səviyyədə keçirməsi onu göstərir ki, bu yurdda yaşayan insanların fəaliyyəti birbaşa haqq-ədalət və müqəddəslik, paklıq üzərində köklənmişdir. Buna görə də Naxçıvan tarixi dünya tarixinin müqəddəslik və paklıq rəmzidir ki, Naxçıvanı Allah qoruyur. Ta qədim zamanlardan Naxçıvanda kütləvi dağıdıcı hadisələrin olmaması da buna əyani sübutdur.
    XVII əsrdə yaşamış Məhəmməd Mufid Mustafi təkcə Ordubad şəhərində gur və təmiz suyu olan 70-dən artıq çeşmənin olduğundan xəbər vermişdir. Həmin kəhrizlərdən axan sular aydınlıqdır, safdır, müqəddəsdir. Bunun nəticəsidir ki bu diyar həm də insanlarda dözüm, cəsarət, hünər, rəşadət, qorxmazlıq kimi keyfiyyətlər yaratmaqla onlarda Vətənə, torpağa bağlılıq hissləri aşılayaraq vətəndaşlıq ləyaqəti formalaşdırır. Vətəndaşlıq ləyaqəti isə doğma yurda, ana Vətənə məhəbbətdir. 
    Bu torpaq Naxçıvan memarlıq məktəbinin banisi, Möminə xatın kimi ölməz əsərin müəllifi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin, Orta Asiyada adıyla məşhurlaşaraq Anadoluda Mövlanaya həkimlik edən Əkmələddin Naxçıvaninin, görkəmli filosof Baba Nemətullah Naxçıvaninin, məşhur xəttat Mahmud Bağır Ordubadinin, şeir ustadı Ziyai Ordubadinin, Sultan IV Muradın saray musiqiçisi Əcəm Murad Ağanın, dünya şöhrətli alim Mirzə İbrahim Ordubadinin, məşhur şair Fikri Ordubadinin, Naxçıvanda ilk qadın məktəbi açan Məmməd Tağı Sidqinin, “Molla Nəsrəddin”in yaradıcısı məşhur yazıçı və publisist Cəlil Məmmədquluzadənin, “Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən dahi dramaturq və filosof Hüseyn Cavidin, tanınmış şair Əliqulu Qəmküsarın, tənqidçi alim Əziz Şərifin, ömrünün baharında həyata gözlərini əbədi yuman realist rəssam Bəhruz Kəngərlinin, uşağından böyüyünə hamının həvəslə oxuduğu “Qara Volqa” əsərinin müəllifi Cəmşid Əmirovun, istedadlı aktyor və rejissorlardan İbrahim Həmzəyevin, Rza Təhmasibin, Zəroş Həmzəyevanın, heykəltəraş Akif Əsgərovun və adlarını çəkmədiyim bir çox görkəmli şəxsiyyətlərin Vətənidir. 
    Və nəhayət, müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu, öndəri, görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Ümummilli Lider Heydər Əliyev kimi bir dahinin böyüyüb bəhrələndiyi torpaq da məhz Naxçıvandır. Naxçıvanın iqtisadi və mədəni inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Onun müdrik siyasəti nəticəsində muxtar respublika Azərbaycanın ən böyük aqrar-sənaye bazasına çevrilmiş, yeni istehsal sahələri yaradılmış, həmçinin təhsil və mədəni obyektlərin inşası geniş vüsət almışdır. Turizm, səhiyyə və təhsil sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası Azərbaycanın inkişaf etmiş sənaye mərkəzinə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi irsinin layiqli varisi olan Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Azərbaycanın bu əbədi və əzəli dilbər guşəsinə tükənməz sevginin ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi: “Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, 3500 il tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir”. 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 06.06.2023 20:30