AZ EN RU

Bunu bilirdinizmi?

Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsinə baxmayaraq, muxtar respublikanın insanları, xüsusən də ziyalıları Azərbaycan ictimai və mədəni mühitindən ayrı düşmədilər. Görkəmli ədəbiyyat xadimlərimizin, jurnalistlərimizin paytaxt Bakı daxil olmaqla ölkəmizin istənilən bölgəsi ilə əlaqə saxlaması, bir az əvvəl də qeyd etdiyimiz kimi, maraqlı oxucu məktublarının, ziyalı yanaşmalarının qəbul edilməsi və onların böyük incəliklə, diqqətlə “Şərq qapısı” qəzetində işıqlandırılması sadaladıqlarımızı bir daha təsdiq edir. Hətta araşdırarkən elə mövzulara və fotoşəkillərə rast gəlirsən ki, heyrətlənməmək mümkün deyil. Elə bu fotoşəkildə olduğu kimi: “Şərq qapısı” qəzetinin 1962-ci ildə iyun ayı ərzində nəşr olunan saylarının birində işıqlandırılmış bu ağ-qara fotoşəkildə helikopterin enmə anının görüntüsü əks olunub. Helikopterin arxa tərəfində isə paytaxtımızın Azadlıq meydanı ərazisində yerləşən tarixi Hökumət Evini görürük. Maraqlı tərəfi isə fotoşəklə verilən şərhdir. Belə ki, şəklin aşağı hissəsində yazılıb: “Bakı ilə Sumqayıt arasında taksi-vertolyot işləyir. Şəkildəki vertolyot Bakıda yerə enərkən”. 
Diqqətə çatdırdığımız kimi, muxtar respublikamızın ölkənin əsas ərazisindən ayrı olması onun ictimai-siyasi həyatına mənfi təsir göstərsə də, mədəniyyətinin və mətbuat əlaqələrinin formalaşmasını, necə deyərlər, inkişafdan saxlaya bilməyib. Ötən əsrin 60-cı illərində, paytaxt Bakıda yeni sənaye iqtisadiyyatının formalaşdığı bir zamanda, məlumatda da deyildiyi kimi, “vertolyot-taksi”lərin xəbərinin belə maraqlı fotoşəkillə, oxunaqlı tərzdə verilməsi qəzetin üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirməsidir. Hətta bu elə nadir xəbərdir və əvəzsiz fotomənbədir ki, günümüzdə tarixi faktların, məlumatların sosial şəbəkədə olmasına baxmayaraq, bu barədə axtarış edəndə internetdə heç bir mənbəyə rast gəlinmir. Deyəsən, bu fakt sırf “Şərq qapısı” qəzetinə xasdır…

Nəşr edilib : 27.04.2024 23:23