AZ EN RU

Büllur kimi saflığı ilə yurdumuza həyat verən Tanrı neməti – Çınqıllı

    Ətrafa hakim kəsilmiş allı-güllü təbiətə həyat verən Günəşin al şəfəqlərinə, uzaqdan bizə tamaşa edən başıqarlı, vüqarlı dağlara, uzun illər el igidlərinin at oynadıb, ərlik göstərdiyi yaylaqları seyr etdiyi bir zamanda verdiyim sual onu sanki yuxudan oyatdı: – İbrahim baba, bu yerlərin insanları niyə bu qədər gümrah, xoş ovqatlı, necə deyərlər, həyat doludur? 
    – Bu lap əvvəldən belə olub, mənim balam, Uca Yaradanın verdiyi hər bir nemət insan üçün faydalıdır, xeyirlidir. Lakin dağ havasının, dağ suyunun, bu yerlərdə yetişib boy verən bitkilərin, bir sözlə, süfrəmizə gətirdiyimiz bütün nemətlərin insan sağlamlığına faydası tamam başqadır. Elə bunun nəticəsidir ki, ata yurdumuz Naxçıvanın bir çox dağ kəndlərində, Biçənəkdən başlamış Keçili, Külüs, eləcə də muxtar diyarımızın bir neçə digər yaşayış məskənlərində insan ömrü nə az, nə çox 90 ildən artıq davam edir. Bu yerlərdə hansı kəndə qonaq olsanız, orada 70-80, hətta 90 yaşında ağbirçək, ağsaqqalları həyət-bacalarında iş-güc ardınca qaçan görəcəksiniz. Səbəbini də soruşsanız, onlar da, yəqin ki, mənim kimi bu dağların saf havasının, yer altından qaynayıb axan büllur kimi dumduru bulaqların və bunun kimi min bir adda, əvəzsiz dadda nemətlərin sirridir, söyləyəcəklər…
    Bu yaxınlarda istehsalını bərpa etmiş “Çınqıllı” Zavodundan reportaj hazırlamaq məqsədilə çıxmışdıq yola. Elə yaşı 70-i ötmüş, uzun illər Keçili kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmiş İbrahim Səfərovla da burada həmsöhbət olduq, söhbətimizə də bu yerlərin saf havasının, qəlbə şəfqət verən təmiz suyunun, dadı dillər əzbəri olan kənd nemətlərinin sehrini izah etməklə başladıq. İlin bu vədəsində Naxçıvan-Şahbuz magistral yolu boyunca uzanan bu mənzərəli yerlərdən ötən hər kəs buraları çox yaxşı tanıyır. Naxçıvançay boyunca üzüyuxarı qalxan sıra dağlar, bu dağların ətəyində qərar tutmuş yaşayış ünvanları, kəndlər, habelə çay kənarlarında təbiətin xoş rayihəsinə qoşulan arıların zümzüməsi, örüşdən qayıdan qoyun-quzu səsi, sözün əsl mənasında, insanı təbiət vurğunu, gözəllik aşiqi edir. Çox keçmir ki, gəlib ünvana yetişirik. Keçili kəndinin yaşılörtüklü dağları ilə ana torpaqdan halal ruzisini qazanan zəhmət adamlarının bağ-bağatlarının tən ortasında yerləşir bu zavod. Təbii sular muzeyi olan Naxçıvan torpağında “Çınqıllı” suyunun adı, şöhrəti ən az “Badamlı”, “Sirab”, “Darıdağ” qədər çox çəkilir. Yenicə fəaliyyətini bərpa etməsinə baxmayaraq, artıq muxtar respublikamız başda olmaqla ölkənin bir çox yerlərinə, paytaxt Bakıya və ətraf ərazilərə ixrac olunur, bu proses isə sifariş üsulu ilə həyata keçirilir.
    Zavodun fəaliyyəti və iş prinsipi barədə bizə ətraflı məlumatı istehsal işi barədə mütəxəssis Elvin Alrzayev verir. Müsahibim ilk əvvəl uzun illər bu sahədə qazandığı təcrübəyə istinad edərək təbii bulaqlarımızın, mineral suların faydası barədə danışır: – Naxçıvan torpağının hər daşı, qayası başdan-başa təbii nemətləri ilə zəngindir. Lap qədimlərdən bu yerlərdə mövcud olan həyat məhz təbiətin yetirdiyi nemətlərlə varlığını sürdürüb. Nənələrimizdən, babalarımızdan eşitmişəm ki, ötən əsrin ən sərt dövrlərində, habelə İkinci Dünya müharibəsində aclığın, qıtlığın verdiyi əziyyətlərdən insanlar təbiətin ağuşuna sığınmaqla xilas ola biliblər. Buna görə bu gün də Vətənimizin bizə ərməğan verdiyi hər bir neməti qorumağa, qədrini bilməyə çalışırıq. Axı bunlar həm də gələcək nəsillərin sərvətidir. Eləcə də həyatımızın, sağlamlığımızın bir parçası olan mineral sular... Çünki bu yurdun bərəkətli torpağından qaynayıb-daşan hər bir su insan ömrünün təminatçısıdır.  
    Müsahibimizin bu sözlərindən yola çıxaraq qeyd etməliyik ki, tədqiqatçıların fikrincə, mineral bulaqların formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm də bu qənaətdədirlər ki, bu suların yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxması önəmli rol oynayır. Bu halda bulaq suları yeraltı süxurların bütün müsbət keyfiyyətlərini özləri ilə bərabər yerin səthinə çıxarırlar. Nəzərə alsaq ki, ərazidə ən qədim su süxurların yaşı 400 milyon illə 500-700 min arasında dəyişir, onda dediklərimizi xırdalamağa da bir o qədər ehtiyac olmur.
    Müsahibim söhbətinə zavodun iş prinsipi barədə ətraflı məlumat verməklə davam etdi: – Müəssisə 2007-ci ildə yaradılsa da, 2009-cu ildən fəaliyyətə başlayıb. Qabaqcıl ölkələrin istehsalı olan avadanlıqların quraşdırıldığı müəssisənin istehsal gücü gündəlik 42 tondur. Burada 4 istehsal xəttində 8 çeşiddə, 2 növdə – şüşə və plastik qablarda təbii bulaq suyu istehsal olunur. Yüksək keyfiyyətlə qablaşdırılan məhsullar muxtar respublikanın satış və xidmət obyektlərinə, eləcə də ölkə bazarlarına çıxarılır. Müəssisədə Keçili kəndindən 10 sakin işlə təmin olunub. İlin sonuna işçi sayı 30 nəfərə çatdırılacaq. Bununla yanaşı, iki istehsal sahəsindən ibarət olan zavodda istehsal prosesi mürəkkəb struktura əsaslanır. Belə ki, paslanmayan borular vasitəsilə müəssisəyə gətirilən su ionlaşdırıldıqdan sonra sudoldurucu aparata verilir. Həmin aparatda plastmas butulkalar ionlaşmış su ilə yuyulur, doldurulur, bağlanır, xüsusi ötürücü vasitəsilə etiket aparatına buraxılır. Etiketləndikdən sonra tarixvuran aparata keçir. İstehsal və istifadə tarixi vurulduqdan sonra sonuncu qablaşdırma aparatına aparılır. Buradan isə hazır vəziyyətdə anbara yığılır. Hazırda burada saatda 3000 butulka təbii bulaq suyu istehsal edilir. Bununla belə, ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir. Onu da qeyd edim ki, bir çox təbii bulaq sularından fərqli olaraq “Çınqıllı” xüsusi filtirləmə yolundan keçmir, yalnız sterilizə olunaraq istehsala hazır vəziyyətə gətirilir. Bu onun tərkibinin təmiz, saf olması ilə bağlıdır. 
    Müsahibimizin sözlərinə görə, “Çınqıllı” suyu bir neçə ölçülü – 0,5 və 1 litrlik butulkalara, həmçinin 5, 10, 17, 19, 20 litrlik qablara doldurulur. Müəssisənin məhsulları son vaxtlara qədər ancaq muxtar respublikanın ticarət obyektlərinə göndərilirdi. İndi isə sifariş əsasında paytaxt Bakıya göndərilməsinə də başlanılıb. Bu da onu deməyə əsas verir ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti inkişaf edir və qısa zaman ərzində diyarımızın sevilib-seçilən məhsulları ölkə hüdudlarından kənarda da öz layiqli yerini alacaq. 
    Söhbət zamanı Əməkdar jurnalist, mərhum tarixçi-alim Məmməd Məmmədovun “Təbii bulaqlar muzeyi – Naxçıvan” başlıqlı məqaləsində yazdığı bu fikirləri xatırlayıram: “Geologiya-minerologiya elmləri ilə məşğul olan alimlərimiz bu diyarı “təbii bulaqlar muzeyi” adlandırıblar. Hələlik bu “muzeyin” 250-dən artıq eksponatı aşkar olunub. Onların gündəlik debütü də az deyil. Hesablamalara görə, gün ərzində regiondakı mineral su mənbələri yer səthinə, təxminən, 24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat nümunəsi olan bu mineral bulaqlar (xüsusi ilə müalicə əhəmiyyətli sular) adamlara qədim zamanlardan məlum olub. Yerli əhali həmişə dirilik, şəfa suyu olan bu bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə “Tanrı ocağı”, – deyərək möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin ətraflarında yaşayış məskənləri salınıb. Sirab kəndi yaxınlığındakı Daşqala mağarasını buna misal göstərmək olar. Deyilənə görə, burada ibtidai icma dövrünün adamları yaşayıblar. Badamlı kəndi yaxınlığındakı nekropol isə orta əsrlərə aid arxeoloji abidədir. Naxçıvan şəhərinin ilkin adları olan “Naksuana” və “Naşəva” sözləri də öz mənalarını bu “tanrı ocağı”ndan götürüblər. Sən demə, Naşəva farsca “xoş su” mənasını verdiyi kimi, Naksuana da türk dillərində “xeyirxah su yeri” deməkdir. Tarixən də Naxçıvan şəhərinin ətrafı həmişə mineral su yataqları ilə zəngin olub”.
    Müəssisə ilə yaxından tanış olduqdan sonra bu işdə təcrübə qazanmış bir neçə zəhmətsevərlə həmsöhbət oluram. Adətən, zavod və fabrik işi kimi çətin, məsuliyyət tələb edən işlərdə daim kişilər çalışıb. Lakin bu müəssisədə kişilərlə bərabər qadınları da çiyin-çiyinə iş başında görmək insanı sevindirir. Elə həmin xanımlardan biridir Keçili kənd sakini Sevinc Vəliyeva. O artıq 10 ilə yaxındır ki, ömrünü bu işlərə həsr edib. Gününün böyük bir hissəsini zəhmət dolu bir işdə keçirsə də, yorulmadığını deyir. Bunu onun gümrah və şux əhvali-ruhiyyəsindən də hiss etmək mümkündür. Halal zəhmət adamının söylədiklərindən: – Artıq on ilə yaxındır ki, öz ruzimi bu müəssisədən əldə edirəm. İşimiz nə qədər zəhmətli olsa da, şövqlə çalışırıq. Çünki burada kəndimizin bir neçə mehriban, gülərüz insanları ilə birgə çalışırıq. İşimiz də yaxşıdır. Düzdür, bəzən elə gün olur ki, sifariş çox olduqda kollektivlikə yoruluruq, amma evimizə gedib bir stəkan çay içib, öz halal çörəyimizi yeyərkən kimlərəsə həyat cövhəri olan bulaq suyundan çatdırıldığını fikirləşdikdə yorğunluğumuzu tamam unuduruq. Bizim məqsədimiz onun öhdəsindən layiqincə gəlməkdir. Hər işin çətinliyi var, amma insan əməyinin bəhrəsini gördükdə tamam fərqli hisslər keçirir. Bu gün bu müəssisədə çalışan hər kəs marketlərdə, mağazalarda satılan “Çınqıllı” sularını gördükdə sanki əməyinin ən gözəl bəhrəsini dadmış olur. Əgər bu gün bir vətəndaş suyun keyfiyyətindən, təmizliyindən, qabların səliqə-sahmanından razılıq edirsə, bu zəhmətimizin ən gözəl qarşılığıdır. Buna az da olsa, nail ola bilmişiksə, böyük xoşbəxtlikdir. 
    5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kontinental, relyefi, əsasən, dağlıq və dağ ətəyi ərazidən ibarət bu diyarın flora və faunası ilk baxışda, bəlkə də, yoxsul görünə bilər. Əslində isə ərazi cəhətdən bir o qədər böyük olmayan bu region Yerin təkindəki və üzərindəki sərvətlərinin bolluğu ilə dünyada şöhrət qazanıb. Fikrimizi təsdiqləmək üçün Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olan akademik Mirəli Qaşqayın dağ-mədən ehtiyatlarına görə Naxçıvanı “Azərbaycanın Uralı” adlandırmasını xatırlatmaq kifayətdir. Akademik Naxçıvanı, həmçinin təbii sərvətlərinin zənginliyinə görə Vətənimizin “şah damarı” adlandırıb. Təbii ki, muxtar diyarımızı belə adlarla məşhurlaşdıran, adını dillər əzbəri edən ziyalılarımızın, alimlərin qələminin mürəkkəbi yox, ana torpağın, Uca Yaradanın bu ellərə bəxş etdiyi sonsuz nemətləridir. Elə 3 kilometr hündürlükdə dağların qoynuna sığınan “Çınqıllı” suyu kimi. İçin bu diyarın ürəkləri sərinlədib, ruhları təzələyən təbii sularından, “Badamlı”sından, “Sirab”ından, “Darıdağ”ından. İçin ki, ruhunuz saf, canınız sağlam, ömrünüz uzun olsun. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 20.06.2023 19:01