AZ EN RU

Bulaq-abidənin açılış mərasimi olub

Şərur rayonunun Dərvişlər kəndində Vətən müharibəsi şəhidi  Sahil Cəlilovun xatirəsini əbədiləşdirmək üçün inşa edilən bulaq-abidənin açılış mərasimi olub. Açılışdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın  Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Qoşqar Kamilov çıxış edərək bildirib ki, bugünkü müzəffər ordumuzun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin bu sahəni diqqətdə saxlaması hesabına bu gün güclü ordumuz istənilən tapşırığı vaxtında yerinə yetirməyə malikdir. Bunun ifadəsidir ki, dövlət-xalq-ordu birliyi nəticəsində ordumuz 44 gün ərzində illərdir, işğaldakı torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov dahi rəhbərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ordumuzun rəşadətindən Ali Baş Komandanın uğurlu siyasətindən bəhs edib. Bildirib ki, 44 gün davam edən və qələbəmizlə başa çatan müharibədən üç il sonra – 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatlarında ordumuz öz gücünü bir daha bütün dünyaya nümayiş etdirdi.

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafəsi nazirinin müavini Nicat Babayev ölkəmizdə şəhid ailələrinə və qazilərimizə göstərilən qayğıdan danışıb.

Sonra çıxış edənlər şəhidin döyüş yolundan, igid oğullarımızın döyüşlərdə göstərdikləri  qəhrəmanlıqdan bəhs ediblər. Bildirilib ki, Sahil Cəlilov döyüşlərdə göstərdiyi şücayətlərə görə ölkə başçısı tərəfindən medallarla təltif olunub.

Sonda  məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş söyləyiblər.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.11.2023 17:44