AZ EN RU

Bulaq

    Dekabrın 14-ü şəhid mayor Vüsal Vəliyevin uğrunda canından keçdiyi müqəddəs torpağa tapşırıldığı gündən 3 il ötür...
    Mənə Vüsalı şəxsən tanımaq nəsib oldu. Ailə vəziyyətimlə əlaqədar Bakıdan kənar elmi konfranslara qatılmağım, demək olar ki, nadir hallarda mümkün olur. Qazağa Beynəlxalq Elmi Konfransa getmişdim. Mayor Vüsal Vəliyev hərbi xidmətini həmin zaman Qazaxda davam etdirirdi – komandir idi. Qardaşı, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu institutumuzun – AMEA Folklor İnstitutunun fəal gənclərindəndir. Konfransda məruzələrimizi bitirdikdən sonra muzeyə toplaşmışdıq. Vüsal vaxt edib Elyarla görüşməyə gəlmişdi. Yoldaşlardan ayrılıb iki qardaşın söhbət məqamında onlara yaxınlaşdım – elə bil ki, hansısa bir qüvvə məni çəkdi ki, yaxınlaş və yaxından tanı bu igid oğulu! Müharibə gedən bir ölkədə gəncliyini hərbə həsr edən bu layiqli Azərbaycan övladını yaxından tanımaq fürsətini ötürmə! 
    Üzündən nur yağırdı Vüsalın! Bilmirəm niyə, hərbi komandirləri zəhmli təsəvvür etmişəm həmişə. Lakin Vüsalın siması bir başqa idi! Üzündəki nur, gözlərində ziya ətrafa işıq saçırdı. Dahilərin bir kəlamı var: danış, səni görüm. Danışığından necə layiqli, ləyaqətli, mərd, qorxmaz bir oğul olduğu aydın görünürdü. 
    Vətən müharibəsi zamanı Vüsalın itkin xəbərini eşitdik. Möcüzə gözləyirdik... Belə bir məqamda atası İslam Vəliyevin qonşudakı hüzr məclisində Vüsalın itkin xəbərini eşitməsini və bu dərdə ürəyinin dözə bilmədiyi acı xəbəri aldıq. Bir müddət sonra isə Vüsalın Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olduğunu bildik. 
    Qarabağ Beynəlxalq Elmi Konfransı çərçivəsində Şuşaya səfər təşkil edilmişdi. Şuşa səfəri zamanı isə şəhidin anası Mədinə ana ilə tanış olmaq mənə qismət oldu. Elyardan birgə şəklimizi çəkməyi xahiş etdim. Sanki rastıma xəzinə çıxmışdı. Əlbəttə, canından bir parça olan əziz balasını Vətən uğrunda qurban vermiş qürurlu, mətin, dağ vüqarlı, Vətəni sevən, sevməkdə nümunə olan Mədinə ana zəngin xəzinədir bizə! 
    Nəhayət, ötən ay, noyabrın 23-24-də Naxçıvanda “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresində Elyar İslamoğlu ilə birlikdə iştirak etdik. Mədinə ana Şərurda – Vüsal kimi igid oğulun böyüdüyü ocaqda Vüsalın ildönümünə hazırlıq edirdi. 
    “Qardaşın necə insandır? – Yoldaş olmamışam” – deyimi var. Konfransa Elyarla yoldaşlı gəlmişdim. Lap əvvəldən təkidlə “Anam gözləyir, bizə gedəcəyik” demişdi. Bu mənə Allahın bir lütfü idi. Allahın sevdiyi bəndəsinin böyüdüyü, boya-başa çatdığı ocağa – ziyarətə gəlmişdim. Əslində, bir payız soyuğunda evdə istilik, səmimiyyətlə yanaşı, qəribə bir sakitlik, arxayınlıq vardı. Amma Vüsalın otağını – ev-muzeyini ağrısız seyr etmək mümkün deyildi. Eyvana çıxdım. Digər övladlarından gördüyü nəvələrinin (Vüsal şəhid olanda nişanlı idi) “Çiçək nənə” adlandırdığı Mədinə ananın gülləri göz oxşayırdı. Elyar həmişə deyir: “Vüsalın gülləri azalsa, ya qurusa, anam çox narahat olur”. Ona görə imiş, Bakıdan Naxçıvana gətirdiyi gül kollarını təyyarədə çox incəliklə qoruyur, anaya salamat çatdırmağa çalışırdı. 
    Güllüklə üzbəüz – həyətin yuxarı başında su kranı var idi. Su kranı deməzdim, vaxtilə oğul-uşaqla dolu olan, qaynayan bu qapı-bacanın bulağı – İslam Vəliyevin bulağı. O bulaq ki gözündən Vüsal kimi bir oğula su içirib, onu mərd yetişdirib, vətənpərvər yetişdirib. Koroğlu Qoşabulaqdan su içdiyi kimi, Vüsal da bu ocağın suyu ilə igid ola bilib. Elyar deyir ki, atam bizə hər zaman bərk-bərk tapşırardı ki, yaxşı insan olmağa çalışın, əl tutun, haya çatan, köməyə yetişən olun. “Aşıq gördüyünü çağırar” məsəli, mən Elyarı elə görmüşəm. “Arifə bir işarə” məsəli, ilk gördüyümdə Turalı da (evin kiçik oğlu) eynilə duydum.Vüsal isə bütün xalqının harayına çatmağı bacardı. Yaşamaq hüququndan keçib xalqımızın firavan yaşaması üçün, torpaqlarımızın azadlığı uğrunda canını fəda etdi. 
    Dekabrın 14-də Vüsal bulağının – Vüsalın xatirə bulaq kompleksinin açılışıdır. Ulu Tanrıdan diləyimizdir ki, Vüsal bulağının suyu ilə Mədinə ananın, Vüsalı tanıyan hər kəsin yanan ürəyinə su səpilsin. İllər keçəcək, zamanla dünyadan köç edəcəyik. Nə qədər ki, Azərbaycan xalqı var, Vüsal da, onun kimi igid oğullar da bu xalqın qəlbində daim yaşayacaq. 
    P.S. Həmişə elmi məqalələr yazdığımdan yazıya başlayanda özümə bu yazı üçün yazı üslubumu xatırlatdım. Xatırlatdım ki, “bulağın dilində” düşüncələri sizlərə ötürə bilim.

Nigar Həsənova 
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 13.12.2023 18:11