AZ EN RU

“Büdcə uçotu” kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Mühasibat və maliyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasovun müəllifi olduğu “Büdcə uçotu” adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə universitetin Elmi katibi Orxan Cəfərov müəllifi işıq üzü görən kitabı münasibətilə təbrik edib, yeni çapdan çıxan dərs vəsaitindən ali təhsil müəssisələrinin bakalavrları, magistrantları, doktorantları, dissertantları, baş mühasiblər, peşəkar mühasiblər, iqtisadçılar, menecerlər, maliyyəçilər və auditorların istifadə edə biləcəyini iştirakçıların diqqətinə çatdırıb.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov 14 fəsil və əlavələrdən ibarət olan “Büdcə uçotu” adlı kitabda büdcə uçotunun mahiyyəti və nəzəri metodoloji əsasları, maliyyə hesabatlarının Beynəlxalq Standartları, Dövlət büdcəsinin mahiyyəti, hüquqi bazası və büdcə prosesi, Dövlət xəzinədarlıq sisteminin təşkilinin zəruriliyi və hüquqi bazası, xəzinədarlıq sistemində dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbulu qaydaları və malların xərci uçotunun nəzərdən keçirildiyini bildirib.

İqtisadiyyat və marketinq kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov qeyd edib ki, təqdimatı keçirilən dərs vəsaitində Büdcə təşkilatlarında mühasibat uçotunun xüsusiyyətləri, Büdcə təşkilatlarının uçotu icrası, büdcədən maliyyələşən təşkilatların mühasibat uçotunun yeni hesablar planı, büdcədən maliyyələşən təşkilatların aktivləri və öhdəlikləri uçotu, büdcədən maliyyələşən təşkilatların gəlirlərinin uçotu, büdcədən maliyyələşən təşkilatların maliyyə hesabatlarının mahiyyəti və əhəmiyyəti, hesabat formalarının təşkili və iqtisadiyyat elmi sahəsində Nobel mükafatı laureatları nəzərdən keçirilərək geniş şəkildə şərh edilib. Daha sonra tədbirdə Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov və Mühasibat və maliyyə kafedrasının dosenti, iqtisad elmləri doktoru Mehdi Bağırov çıxış edərək büdcə islahatları ilə bağlı yenilikləri və qabaqcıl beynəlxalq təcrübəni özündə ehtiva edən, ölkəmizdə həyata keçirilən büdcə islahatlarının ruhuna uyğun hazırlanan “Büdcə uçotu” adlı yeni dərs vəsaitinə böyük ehtiyac duyulduğunu vurğulayıblar və Teymur Abbasovun belə bir əsəri ərsəyə gətirməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Sonda müəllif çıxış edərək kitabın çap olunmasında və təqdimatının keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Məmmədbağır Dünyamalıyev
NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 21.06.2023 16:56