AZ EN RU

Bu yol Zəfər Yoludur...

Zəfər salnaməsi Naxçıvan ədəbi mühitində

    Naxçıvan Azərbaycanın həm qədim yaşayış-sivilizasiya, həm də mədəniyyət mərkəzlərindən biridir. Ən qədim dövrlərdən Naxçıvan zəngin folklor və ədəbi mühitə malik olmuşdur. Bu gün yaranan ədəbiyyat da çoxəsrlik ədəbi ənənələrin davamıdır və özünəməxsus səciyyəsi vardır. Bugünkü ədəbiyyat müstəqillik dövrü ədəbiyyatımızın davamıdır, lakin onun ən səciyyəvi olanıdır. Quruculuq və inkişaf dövrünün xüsusiyyətlərini əks etdirən ədəbi inkişafın zirvəsini məhz bu gün formalaşan yeni ədəbi epoxa təşkil edir. Bu ədəbi inkişaf müstəqillik dövrü ədəbiyyatımızın Zəfər dövrünü təşkil edir. Xalqımızın 30 illik kədər, nisgil və ümid duyğuları üzərində yaranan ədəbi prosesdən zəfər duyğularını tərənnüm və əks etdirən yeni bir ədəbiyyat yarandı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun Şanlı Qələbə müjdəsindən sonra yeni coşqulu bir dönəm təşkil edən bugünkü ədəbiyyatımız yeni Zəfər tariximizi yazır, onun sevinc, qürur, qəhrəmanlıq və sair motivlərini əks etdirir. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. ...Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”. 2020-ci il noyabrın 8-də elan edilmiş Qələbə böyük bir epoxaya, ədəbi inkişafa təkamül verdi. Xalq, ordu və lider birliyi milli tariximizin ən yaddaqalan dövrünü təşkil edərək Azərbaycanın qələbəsinə vəsilə yaratdı. Bu möhtəşəm Qələbə epoxasını Naxçıvan ədəbi mühiti də çox coşqu ilə ədəbiyyata gətirdi. Vaxtilə “Döyüş əmri ver mənə, Ali Baş Komandanım”, – deyən naxçıvanlı sənətkarlar zəfər duyğularını ədəbiyyatın nüvəsinə, pafoslu təqdiminə çevirdilər. İndi artıq ədəbiyyatın əsas məzmununu sevinc, qürur, məğrurluq, qələbə ruhu təşkil edir, əsas qəhrəmanlarını isə uzaqgörən zəkası, qətiyyəti və vətənpərvər mövqeyi ilə yeni mərhələ yaradan Müzəffər Ali Baş Komandan, Vətənimizin və ümumən, dünyanın hərb tarixinə yeni, qızıl səhifələr yazan, böyük bir tarix yaradan qəhrəman, rəşadətli Azərbaycan Ordusu, Azərbaycan əsgəri və zabiti, bir də bütün ruhu ilə lideri və ordusuna dəstək olan Azərbaycan xalqı təşkil edir. 
    Bütövlükdə, ölkəmizdə olduğu kimi, Naxçıvanda da 2020-ci ildən etibarən ruhumuza sevinc və qürur duyğuları təlqin edən Zəfər ədəbiyyatı yaranmışdır. Məlumdur ki, bəzən ədəbiyyat illərlə ciddi bir mövzu üzünə həsrət qalaraq ictimai funksiyasını yerinə yetirə bilmir, mövzusuzluqdan əziyyət çəkir, sadə, kiçik məsələlərin ətrafında dönüb-dolaşır. Bəzən isə elə mühüm bir hadisə baş verir ki, nəinki poetik inikas təlatümü baş verir, hətta onun mövzusu illərlə ədəbiyyatın başlıca məsələsinə çevrilərək ətrafında ciddi və əsl bir ədəbiyyat formalaşdırır. 2020-ci ilin noyabr ayında xalqımızın çoxillik Vətən tarixində baş verən Qələbə – Vətən müharibəsi Zəfəri də məhz belə bir hadisə oldu. 44 gün çəkən Vətən müharibəsi noyabr ayının 10-da Azərbaycanın Qələbəsi və Ermənistanın kapitulyasiya aktına qol çəkməsilə nəticələndi. Azərbaycan xalqı üçün xüsusi mənəvi əhəmiyyət kəsb edən, müqəddəs rəmzi bir məna daşıyan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsilə Azərbaycan xalqının sevincinin həddi-hüdudu olmadı. Xalqımızın Zəfər bayramı ədəbiyyatın məhvərinə çevrildi və ədəbiyyatımızın yaradıcılıq təlatümünə səbəb oldu. Buna görə də ötən illər ədəbiyyatımız üçün başlıca mövzu xalqımızın Vətən müharibəsindəki qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi, eləcə də xalqımıza bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan və xalqımızın qürur mənbəyinə çevrilən igid, qəhrəman Milli Ordumuz, şəhid və qazilərimiz oldu. Bu ədəbi hadisəyə fəal qoşulan Naxçıvanın şair və yazıçıları yeni əsərlərlə gündəmə gələrək ədəbi prosesə rövnəq verdilər. 2020-ci ildən etibarən Naxçıvan ədəbi mühitində çoxsaylı qiymətli bədii əsər və kitablar ərsəyə gəldi. Bu illərdə Naxçıvan ədəbi mühitində çap olunan bir sıra kitablarda əsas, başlıca mövzu xalqımızın qələbəsi idi. Xanəli Kərimlinin “Tanrı müjdəsi (şeirlər və poemalar)”, İbrahim Yusifoğlunun “Mənə bircə gilə göz yaşı bəsdi”, Ramiz Babayevin “Salam, Şuşa (şeirlər)”, Əbülfəz Ülvinin “Mən səni içimdən qovmamışam ki (şeirlər)”, Güllü Məmmədovanın “Şuşa. Fatehlərin zəfəri. Xüsusi təyinatlılar”, “Oğurlanmış Zəngəzur”, Hüseyn Bağıroğlunun “Nə yaxşı göydədir hələ göy üzü”, Təranə Arifqızının “Qarabağda 44 gün”, “Sözün bayatı rəngi”, “İçimdəki səs”, Alməmməd Eldaroğlunun “Niyə belədir dünya”, “Dağlar qartalı”, “Vətən harayı”, Safi Abdullanın “Mərmidən xatirələr”, Şükür Qafarın “Savaş zəfərlə bitdi”, Natiq Əlisoyun “Müharibənin görünməyən qəhrəmanları”, Sabrina Gültəkinin “Şəhid Vüsalın dastanı”, “Mahnın da, adın da dastana döndü”, Rəqsanə Nəcəfovanın “İşğaldan qələbəyə 44 addım”, Sərdar Zeynalın “Vətən, döyüşə başla” kimi çap olunan kitabları məhz xalqımızın Zəfər tarixi və duyğularını uğurla əks etdirən əsərlərdir. Şair və yazıçılarımızın bu münasibətlə yazdıqları ayrı-ayrı şeir və ya digər əsərlərdə də Zəfər duyğuları poetik əlvanlıqla ifadə edilmişdir. Elxan Yurdoğlunun “Zəfər himni”, Qafar Qəribin “Mən Şuşanı gülən gördüm” kimi şeirləri məhz belə əsərlərdəndir.
    Naxçıvan yazıçılarının ağsaqqalı, tanınmış şair Asim Yadigar qələbədən əvvəl “Döyüş əmri ver mənə, Ali Baş Komandanım”, – deyə ümumxalq rəyini dilə gətirir, şərəf, ləyaqət döyüşünə çıxmağı arzu edirdi. Çünki xalqımızın işğal edilmiş torpaqlar, Xocalı soyqırımı kimi kədəri, dərdi var idi. Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən sonra isə şair müqəddəs yaşayış yerimiz olan Şuşaya getmək münasibətilə “Zəfər Yolu” lirik poemasını ərsəyə gətirmişdi. Poemada Azərbaycan xalqının qələbə sevinci və qazanılan nailiyyətləri açılan Zəfər Yolunun timsalında ümumiləşdirilərək ifadə edilirdi:

  Ali Baş Komandanım, yaşa, var ol,  yüz yaşa!
  Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
  Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
  Bu yol ata arzusu – bu yol Öndər yoludur,
  Bu yol Şuşaya gedir, bu yol Zəfər Yoludur!

    Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan şair Xanəli Kərimli vaxtilə “Vur, əsgərim, haqq sənin, həqiqət də sənindir” şeiri ilə qələbə ümidlərini ifadə etmişdirsə, artıq “Bayrağını uca qaldır, ana Vətən!” poeması ilə Vətən müharibəsində qazanılmış Zəfər duyğularını coşqu ilə əks etdirirdi. Şair poemada Azərbaycan xalqının mənəvi aləmində Qarabağın müqəddəsliyinə diqqət çəkərək onun itirilməzliyini poetik şəkildə ifadə etmiş, onu Azərbaycan övladının “iftixarı, şərafəti, qeyrəti, baş tacı” olaraq qiymətləndirmişdir. 
    Qeyd edək ki, Zəfər mövzulu ədəbiyyatımızın başlıca obraz – qəhrəmanları arasında ilk yeri Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tutur. Əsərlərin bir çoxunda Müzəffər Ali Baş Komandanın vətənpərvərlik duyğuları, xalqına, Vətəninə olan məhəbbəti, ata vəsiyyəti qarşısındakı məsuliyyətli, əzmkar fəaliyyəti, uzaqgörən, müdrik siyasəti və sair tərənnüm və ya əks olunmuşdur. Bu baxımdan şair Alməmməd Eldaroğlunun “Azərbaycan”, “Baş Komandan, Milli Ordu”, “Günəşdən bir zərrə”, “Haqq yolu”, “Vətən oğlu” kimi şeirlərində Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapmışdır:    

    Qartalların vurur halay,    
    Dağda-daşda bir samuray.
    Düşmən salıb imdad, haray,
    Baş Komandan, Milli Ordu!

        Bayraq uca, uğur zəfər,
        Qələbədi yürüş, səfər.
        O, müzəffər, bu, müzəffər,
        Baş Komandan, Milli Ordu.

    Müəllif Azərbaycana uğurla rəhbərlik edən, hər sahədə böyük qələbələr qazanan, 44 günlük Vətən müharibəsində Böyük Zəfər əldə edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və hünəri, döyüş məharəti və bacarığı ilə tarixdə böyük ad qazanmış Müzəffər Milli Ordumuza zəfər nəğmələri qoşmuş, vətəndaş minnətdarlığını ifadə etmişdir.
    İstedadlı qələm sahiblərindən olan Ramiz Babayevin “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam”, “Sizi qovacağıq iti qovantək”, “Ağ atlı oğlan”, “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Şəhid anası”, “Ölməz şəhidlər” və digər şeirləri Vətənin bütövlük və birlik ideallarından irəli gələn duyğuları ifadə etmişdir. “Mənim qalib Komandanım” şeirində Azərbaycan xalqına uzaqgörənliyi ilə müzəffərlik, qalibiyyət bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Qələbə əzmli Ali Baş Komandan cənab İlham Əliyevə həsr olunmuş, ona olan ümumxalq sevgisi poetik ifadəsini tapmışdır:

             Vətənimin vuran qolu,
             Uzaqgörən, məğrur, ulu!
             Heydərimin İlham oğlu,
             Mənim qalib Komandanım! 

    Naxçıvan ədəbi mühitinin istedadlı qələm sahiblərindən olan Əbülfəz Ülvinin “Əsl dostluğun rəmzi”, “Dəmir yumruq”, “Xalqın bir xahişi var” kimi şeirləri Qələbə əzmli Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəyə həsr edilmişdir. Habelə Təranə Arifqızının “Qarabağı ürəyimdə gətirmişəm” , “İrəli, ordum mənim”, “Zəfər nəğmələri yazılır indi”, “Əsgər qardaşıma”, “Gözün aydın, Qarabağım, qayıtdıq” və başqa şeirlərində Azərbaycan xalqının işğal edilən torpaqlarının həsrəti, qələbə nigarançılığı ilə bərabər, 2020-ci ilin Zəfəri, Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Milli Ordusunun şücaəti, qələbə əzmkarlığı və sair yer almış, poetik pafosla tərənnüm edilmişdir. “Qarabağı ürəyimdə gətirmişəm” şeirində Ali Baş Komandanın döyüş əmri ətrafında birlik nümayiş etdirən xalqın mübarizə həmrəyliyi uğurla ifadə edilmişdir. İstedadlı şair və alim Sərdar Zeynalın “Vətən, döyüşə başla” kitabında şairin “Azad Vətən, qazanmışıq” şeiri Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbəyə həsr olunmuş, otuzillik kədəri ürəklərdən silən böyük Zəfər duyğuları tərənnüm edilmişdir. 
    Bədii nəsrimizin nümunələrindən olan Güllü Məmmədovanın “Şuşa. Fatehlərin zəfəri. Xüsusi təyinatlılar”, Safi Abdullanın “Mərmidən xatirələr”, Şükür Qafarın “Savaş zəfərlə bitdi”, Natiq Əlisoyun “Müharibənin görünməyən qəhrəmanları” kimi əsərlərdə, xüsusilə Azərbaycan Ordusunda ləyaqətlə xidmət edən Naxçıvanın igid övladlarının döyüş yolu və xidmətlərindən bəhs edilmişdir. 
    İllər keçəcək xalqımızın Zəfər coşqusu  bundan sonra da yaşayacaq. Bu möhtəşəm tarixi qələbəmizi yaşadan qiymətli əsərlər isə yaranmaqda davam edəcək, daha qiymətli əsərlər ortaya çıxacaq.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin dosenti

Nəşr edilib : 08.12.2022 20:13