AZ EN RU

“Bu yol Şuşa yoludur” və “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlı kitablar işıq üzü görüb

    Azərbaycan dövlətinin təhsil sahəsində də uğurla həyata keçirdiyi islahatlara uyğun olaraq Naxçıvan Dövlət Universitetində görülən işlər bu ali təhsil ocağında elmi araşdırmaların və tədris prosesinin keyfiyyətini yüksəltməyə zəmin yaratmışdır. Dövlət başçısının ali təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində yaradılmış şəffaf elmi və səmərəli təhsil mühiti universitetdə öz bərəsini verməklə yeni çap məhsullarının kütləvi oxucularla görüşməsinə vəsilə olmuşdur. Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun müəllifliyi ilə çapdan çıxmış “Bu yol Şuşa yoludur” və “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlı kitabların işıq üzü görməsi qeyd olunan məsələlərin gerçək nəticəsi kimi qiymətləndirilməlidir. Yeni nəşrlər, adları ilə tarixi Zəfərimizin qazanılması və ölkəmizin milli iqtisadi islahatlar müstəvisində əldə etdiyi uğurların və gələcək perspektivlərin olduqca zəruri ifadəsini təşkil etməkdədir. 

    Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, kitablar müəllifin çox böyük vətənpərvərlik ruhu ilə işlənmiş, peşəkarlığı ilə təhlillər aparılmış və milli iqtisadiyyatımızın uzunmüddətli perspektivlərini ifadə edən nəticələri ilə tamamlanmışdır. Bütövlükdə, 136 səhifədən ibarət olan “Bu yol Şuşa yoludur” adlı kitabı vərəqləyərkən Müzəffər Ali Baş Komandanımızın, qəhrəman Milli Ordumuzun, qədirbilən xalqımızın birliyi ilə müqəddəs ruhları qarşısında baş əydiyimiz əziz şəhidlərimizin canları bahasına İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunmasını ifadə edən məqalələr yer alıb. Kitabda yer alan məqalələr, “Xalq qəzeti”, “Respublika” “Şərq qapısı”, Mia.az, Axar.az, www.aqreqator.az, www.moderator.az və sair kimi nüfuzlu qəzet və saytlarda yayınlanmış, 2022-ci ilə – “Şuşa ili”nə töhfə kimi kitab halında çap olunmuşdur. 
    Əli Cabbarovun bu mövzuda ilk məqaləsi, eləcə də ilk qələm təcrübəsi 2004-cü ildə “Respublika” qəzetində yayınlanmış “Erməni terrorizmi və onun təbliğat eybəcərlikləri” adlı yazıdır. Torpaqlarımızın erməni işğalından xilas olunması ilə nəticələnmiş Vətən müharibəsi başlanandan 2022-ci ilin sonuna qədər yayınlanmış 33 elmi və publisistik əsəri təkcə doğma Şuşamızla bağlı olan hissləri deyil, sanki Şuşaya aparan Zəfər yolunun yönünü, cizgilərini göstərir. Qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunaraq bu kitabda dərc edilmiş “Bu yol Şuşa yoludur” adlı şeir hələ Vətən müharibəsi yeni başladığı, ilk kənd­lərimizin azad olunması müjdəsi ilə qələmə alınmış, qəhrəman əsgərlərimizi Şuşanın fəthinə çağırmışdı. “Torpağıma dönəcəyim gün gələr”, “Bakı-Xankəndi-Şuşa turizm marşrutu”, “Doğma torpaqlara qayıdanda müqəddəs Əshabi-Kəhfdən torpaq aparacağıq ki, paklaşsın”, “Əsgərlərimizdə həmişə böyük ruh yüksəkliyi var idi”, “İşğal sonrası Qarabağ iqtisadiyyatı və turizmin inkişafı”, “Naxçıvan Dəmir Yolu dünya şəbəkəsinə qoşulmağa tam hazırdır”, “Dəmir yumruq”, “Qars müqaviləsindən Zəngəzur dəhlizinə aparan Böyük Türk qapısı-Naxçıvan”, “Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu (I və II hissələr)”, “Şuşa gözəldir”, “Şuşanın Novruz büsatı (esse)”, “Mən Şuşama vurğunam” adlı digər məqalə və şeirlər öz ədəbi-bədii tutumu, zəngin tarixi faktları ilə yeni nəşri oxuculara sevdirən yazılardır. Bu məqalələr, eyni zamanda işğal sonrası ölkəmizin milli iqtisadiyyatı üçün prioritet təşkil edən Qarabağın yenidən inşası, Zəngəzur dəhlizinin zəruriliyini əks etdirir. Həmin məqalələr də işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Şuşanın siyasi, iqtisadi və mədəni həyatından bəhs edilir. 
    Əli müəllim Şuşaya səfərini, Zəfər yolu ilə keçdiyi səyahəti könlünün səsi ilə təqdim edir. Məqalələr oxuyan hər bir oxucunu, bütövlükdə, Azərbaycan vətəndaşlarını əl-ələ verərək doğmalıqla, vüsal həsrəti, həyəcan, ürək çırpıntısı ilə Şuşanı görməyə səsləyir. 
    Müəllif “Bu yol Şuşa yoludur” adlı kitabında yer alan məqalələrini bu fikirlərlə yekunlaşdırır: xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” demişdir. Bu gün isə bütün Azərbaycanın dilində bir şüar vardır: “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!” Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əiyevin Böyük Qələbə münasibətilə “Əziz Şuşa, biz qayıtmışıq!” müjdəsindən sonra yaranmış yeni reallıq isə addım-addım bizi tarixi torpaqlarımız Zəngəzura da qayıdacağımız günə yaxınlaşdırır.
    “Naxçıvan Muxtar Respublikasının turizm marşrutları” adlı monoqrafiya isə ölkənin milli iqtisadiyyatında ənənəvi sahələrlə yanaşı, yeni iqtisadi prioritetlərin nəzərə alınması müstəvisində tamamlanan və elmi cəhətdən əsaslandırılmış əsərdir. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş və tanınmış alim, Naxçıvan coğrafiyasının yorulmaz tədqiqatçısı, mərhum Nazim Bababəylinin xatirəsinə həsr edilmiş bu kitab Əli Cabbarovun Naxçıvanda turizmin inkişaf problemləri sahəsində 2003-cü ildən apardığı elmi araşdırmaların və müşahidələrin məhsuludur. Kitab dörd fəsildən ibarətdir. “Turizm marşrutu və onun mahiyyəti” adlanan birinci bölümdə bu sahənin nəzəri məsələləri əks olunur. “Naxçıvan Muxtar Respublikasının əsas turizm marşrutları” adlanan ikinci fəsildə 8, “Naxçıvan Muxtar Respublikasının perspektiv turizm marşrutları” adlanan üçüncü fəsildə 11, “Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutu” adlanan dördüncü fəsildə isə 2 istiqamət üzrə turistlərin səyahəti zamanı cazibə elementlərinin gücü və turlar zamanı yaranan problemlər ətraflı şəkildə araşdırılmışdır. Oxucular kitabda “Naxçıvan-Əshabi-Kəhf turizm marşrutu”, “Naxçıvan-Şahbuz-Batabat turizm marşrutu”, “Naxçıvan-Əlincə turizm marşrutu”, “Naxçıvan-Şahbuz-Ağbulaq turizm mar­şrutu”, “Naxçıvan-Qarabağlar turizm marşrutu”, “Naxçıvan-Ordubad turizm marşrutu”, “Naxçıvan şəhəri üzrə ekskursiyalar” və “Naxçıvan-Duzdağ ekskursiya marşrutu” üzrə tədqiqatlarla tanış ola bilərlər. 
    Üçüncü fəsildə yer almış “Naxçıvan-Kükü-Gurbulaq turizm mar­şrutu”, “Naxçıvan-Sədərək turizm marşrutu”, “Naxçıvan-Badamlı turizm marşrutu”,  “Naxçıvan-Haçadağ turizm marşrutu”, “Naxçıvan-Çənnəb turizm marşrutu”, “Naxçıvan-Gəmiqaya turizm marşrutu”, “Naxçıvan-Nehrəm turizm marşrutu”, “Naxçıvan-Dırnıs turizm marşrutu”, “Naxçıvan-Keçili turizm marşrutu”, “Naxçıvan-Şərur-Şahbulaq turizm marşrutu”, “Naxçıvan-Ordubad-Göygöl turizm marşrutu” adlı yazılarda verilmiş bilgilər isə Naxçıvana səyahət edən turistlər üçün gələcəkdə qiymətli məlumatlar olacaq. 
    Kitabın dördüncü fəslindəki “Naxçıvan-Qərbi Zəngəzur-Şuşa turizm marşrutu” və “Naxçıvan-Şərqi Zəngəzur-Şuşa turizm mar­şrutu” adlı məqalələr isə Zəngəzur dəhlizinin reallığa çevrilməsi ilə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı görməyə cəlb edən cazibə elementlərinin işıqlandırılması baxımından əhəmiyyətlidir. 
    Beləliklə, mövzulara diqqət etdikdə aydın olur ki, burada müasir iqtisadi şəraitdə, milli iqtisadiyyatın uzunmüddətli perspektivləri prizmasında aktuallığı ilə seçilmiş olan turizm bölməsinin təşəkkülü, bu sahədə infrastruktur təsisatlarının əhəmiyyətliliyi, turizm sahəsinin məşğulluq çəkisi, əmək ehtiyatlarından istifadə olunması və digər məsələlər əhatə edilib. Kitab Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf problemləri üzrə tədqiqat aparan araşdırmaçılar, turizm ixtisası üzrə təhsil alan tələbələr, turizm-ekskursiya fəaliyyəti üzrə məşğul olan sahibkarlar, həvəskar turizmçilər və Naxçıvana səyahət edən turistlərin özləri üçün faydalı ola bilər. 

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 27.01.2023 20:30