AZ EN RU

Bu Vətənin oğlunun yerə dəyməz kürəyi

Ana, məzarım üstə düzmə gülü, çiçəyi,

Vətənə qurban etdim mən döyünən ürəyi.
Axı özün deyirdin beşiyimin başında,
 “Bu Vətənin oğlunun yerə dəyməz kürəyi”.

Manya Səxavətqızı

    2024-cü il. Yeni ilin ilk günləridir. Təqvimə baxiram. 5 yanvar. Bir anda Vətən uğrunda canlarını qurban vermiş zəfər qəhrəmanlarımız diqqətimdə canlanır. Hər an, hər dəqiqə ruhən yanımızda olan zəfər qəhrəmanlarımız! Qarabağımız üçün canından keçən, torpağımızın hər qarışı üçün son damla qanına qədər vuruşan, ən ali zirvəyə ucalan zəfər qəhrəmanlarımız! 
    Bu gün Gülşad ananın ziyarətinə gedəcəyik. Şəhidimiz Emin Sadiqovun anası. İçimdə bir həyəcan var. Bu gün Gülşad ana ilə birlikdə Eminimizin 22 illik ömrünün səhifələrini vərəqləyəcəyik. Bu düşüncələrlə evdən çıxıram. Jurnalist tələbələrim Rafiq və Nəzrinlə birlikdə yola düşürük. Göz işlədikcə uzanan yollar  bizi şəhidimizin evinə aparır. Anbaan yaxınlaşan yollar məsuliyyətimizi sanki daha da artırır. Yolboyu şəhidlərimizin şəkillərindən bizlərə baxan nur üzlü simaları ilə qarşılaşırıq. 
    Saat 11:00... Şəhid Emin Sadiqovun evinin qarşısındayıq. Ruhumuzu daxili bir həyəcan sarıb. Qapını döyürük. Qapı üzümüzə səmimiyyətlə, mehribanlıqla açılır. Gülşad anamızın nurlu, gülərüz siması ilə qarşılaşırıq. Qadının çöhrəsindən məğrurluq yağır. Oğlunun görüşünə gələn hər kəsi belə qarşılayır anamız. Məğrur, qürurlu, böyük fəxr hissi ilə. 
    Stol ətrafında əyləşmişik. Əvvəlcədən gələcəyimizi bilən Gülşad ana hazırlıq görüb. Eminin nənəsi Qiymət xanımın mehriban siması ilə üz-üzəyik. Çaylarımızdan çıxan isti buxar sanki bu ocağın hərarətini əks etdirir. Söhbətə necə başlayacağım haqqında düşünürəm. Necə, nədən başlayım ki, anamızın qəlbində qaysaq tutmuş yaranı qanatmayım. Gülşad ana isə mehriban çöhrəsi ilə bizi süzür. Sanki illərdir, bizi tanıyır. Bu mehribançılıq qarşısında təsirlənməmək mümkün deyil. Otağa göz gəzdirirəm. Evin hər tərəfində Eminin gülərüz, saf, bir o qədər də məğrur olan siması ilə qarşılaşıram. Gülşad ana ilə birlikdə Eminin otağına keçirik. Emin dolu bir otağa! Zamanın durduğu bu otaqda hər şey qəhrəmanımızı xatırladır. Uşaqlıq oyuncaqları, kitabları, geyimləri, mükafatları, saysız-hesabsız şəkilləri... Körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik dövrü. Böyüdükcə mehriban baxışları altında qürur, məğrurluq hiss etdirən, Vətəninə, torpağına bağlı Emini görürük. Sanki Emin dolu bir dənizin dalğalarındayıq. Otağın hər tərəfində şəhidimizin mehriban nəzərləri ilə əhatə olunmuşuq. Ehtiyatla əşyalara toxunuruq. Albomları vərəqləyirik. Gülşad ana böyük həvəslə şəkillərdə əbədiləşdirilən anlar haqqında məlumat verir. Diqqət edirəm. O qədər həvəslə, o qədər maraqla danışır ki. Eyni zamanda böyük qürur və fəxrlə. Emin Gülşad ananın tək övladı olub. Ananın bütün xatirələrində yeganə övladı şəhidimiz Emin var. Söhbətimizə başlayırıq. Özü də gülümsəyərək danışır məğrur anamız. Danışarkən çöhrəsində yaranan təbəssümün arxasında heç kimə göstərmək istəmədiyi dərin həsrəti sezirəm. Şövqlə parlayan bir cüt məğrur baxışın dərinliklərində olan övlad həsrəti. Nə qədər göstərmək istəməsə də, şəhidimizin həsrəti ananın gözlərinə hopub. Emin 10 yaşında  olarkən atası qəfil ürək tutmasından dünyasını dəyişib. Ən böyük arzusu oğlunu hərbçi görmək olub. Emin atasının arzusunu reallaşdırıb. Uşaqlıqdan idmanla məşğul olub. Böyüdükcə içində Vətənə xidmət etmək arzusu daha da güclənib. 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək verilən bütün tapşırıqların öhdəsindən yüksək səviyyədə gəlib, qəhrəmanlıqla şəhid olub. 
   Gülşad ana Eminlə bağlı danışır. Emin köksündən güllə alıb. 4 gün əsgərlərimizlə Qırmızı Bazar yaxınlığında düşmən mühasirəsində qalıb. Komandiri ilə birlikdə şəhidlik zirvəsinə yüksəlib. Snayperlə vurulan komandirinə yardım edərkən qəhrəmancasına şəhid olub. Ehtiyatla şəhidimizin şəhadətə yüksəldiyi an üzərində olan və güllə yarası ilə deşilən vəsiqəsinə toxunuram. Eminin məğrur gözlərini Vətən torpağına dikdiyi son anın şahidi olan vəsiqə... Qəhrəmanımızın şəhidlik zirvəsinə yüksəldiyi anı xəyalımda canlandırmağa çalışıram. Gözlərimin önündə Eminin səmalara baxan təbəssüm dolu çöhrəsi canlanır. Bu çöhrədə həm əzəmət, qorxmazlıq, böyük iradə, həm də daha çox bölgəni azad etmək üçün son dəfə çırpınan məğrur qəlbin gözlərə sirayət edən nisgilini görürəm.  Ən böyük arzusu Şuşa uğrunda aparılan döyüşlərdə iştirak etmək, düşmənə qarşı  qəhrəmancasına vuruşmaq olub. Eminin bu arzusu reallaşmadı. Ancaq şəhidimizin bu istəyi vətən oğullarımız tərəfindən gerçəkləşdi. Eminə bu döyüşü gülümsəyərək səmalardan izləmək nəsib oldu. Azad Şuşa, doğma Qarabağın düşmən tapdağından xilas olmuş hər qarışı qəhrəmanın ruhuna fərəh bəxş etdi. Döyüşə gedərkən Gülşad anaya martda qayıdacağını söz vermişdi. Ancaq Emin martı gözləmədi. Vətən torpağı uğrunda canını fəda edib müqəddəs bayrağımıza bürünərək anasının görüşünə gəldi. Əgər Emin indiyədək bir tək Gülşad ananın oğlu idisə, şəhidlik zirvəsinə yüksəldiyi andan etibarən bütün Azərbaycanın oğludur. Şəhidimizin müqəddəs qanı Vətən torpağına qarışdı. Emin Qarabağın özüdür! Emin düşmən tapdağından azad olan, igidlərimizin qanı ilə cana gələn, yenidən dirilən Vətən torpağının bir parçasıdır! 
    Şəhid Emin Sadiqov ölümündən sonra “Rəşadət” ordeni ilə təltif olunub. Bəli, Sadiqov Emin Rəşadət oğlu “Rəşadət” ordeninə layiq görülüb. Rəşadətli oğulun atasına igidlik rəmzi daşıyan hədiyyəsi. Bu gün Rəşadət atanın da ruhu şaddır. Çünki hərbçi kimi görmək istədiyi oğlu artıq tək onun deyil,  bütöv Azərbaycanın oğluna çevrilib. 
    Bu gün qalib Azərbaycanımızda artıq Eminimizin, bütün şəhidlərimizin  ruhu şaddır. Onun azad ruhu Vətən torpağının hər qayasında, hər daşında dolaşır. 
    Gülşad ana şəhidimizlə bağlı xatirələrini bizimlə bölüşdükcə çöhrəsində arabir həsrət qarışıq təbəssüm yaranır. Gözlərinin dərinliklərində özünü büruzə verən nisgil bəzən yox olur, bəzən də yenidən canlanır. Ancaq hər şeyə rəğmən Eminlə olan xatirələrini böyük şövqlə anladır ana.
    Söhbət boyu otaqda hiss etdiyim bir şey var idi. Şəhidimizin müqəddəs ruhu, isti nəfəsi sanki bizimlə idi. Gülşad ananın da dediyi kimi hər zaman nəfəsini hiss etdiyi övladı sanki ona cəsarət verirdi.
    Gülşad ana tək ümidi, tək övladı, tək dayağını Vətənə qurban verdi. Övladı ilə bağlı bütün arzularını, bütün xəyallarını Vətənə əmanət etdi. Başını dik tut, şəhid anası! Sən tək övladını Vətən torpağı üçün fəda etmiş müqəddəs şəhid anasısan! Başınızı dik tutun, şəhid anaları! Sizin övladlarınız tarix yazdı. Siz qalib Azərbaycanın məğrurluq qalasısınız! 

Xumar Məmmədova
NDU Elmi Kitabxanasının direktoru
filologiya üzrə fəlsəfə doktoru, dosent


 

Nəşr edilib : 25.01.2024 10:50