AZ EN RU

Bu təşəbbüsdən sonra respublikanın bütün hüquq-mühafizə orqanlarının rəhbərləri təşəkkür etmişdilər

Görkəmli dövlət xadimi Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi ilə söhbət

    2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması dahi şəxsiyyət Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin bir çox maraqlı tərəflərinə işıq tutmağa, ən yeni tariximizə yenidən nəzər salmağa imkan verib. Xüsusilə Ümummilli Liderin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü Azərbaycanın müstəqilliyinin qorunması, milli dövlətçiliyimizin xilası baxımından çox böyük əhəmiyyət daşıyır. Əbəs yerə demirlər ki, əgər həmin dövrdə Naxçıvanın təhlükəsizliyi qorunmasaydı, Azərbaycanın dövlət müstəqilliyi də sual altına düşə bilərdi. Muxtar diyarın təhlükəsizliyinin təmin olunması ilə bağlı müstəqil Azərbaycanın ilk milli ordu hissəsinin əks-kəşfiyyat rəisi, Heydər Əliyevin  səlahiyyətli hərbi nümayəndəsi kimi fəaliyyət göstərmiş Urfullah Qurbanovla həmsöhbət olduq. Sabiq kəşfiyyatçı ilə növbəti görüşümüzdə həmin dövrdə baş verən hadisələri, gedən hərbi-siyasi prosesləri bir daha nəzərdən keçirməyə çalışdıq:

    – Urfullah müəllim, siz bir neçə il Ulu Öndər Heydər Əliyevlə çalışmısınız...
    – Əvvəlcə onu deyim ki, 1990-cı ildə Ümummilli Liderimiz Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı, həqiqətən, İlahinin bir töhfəsi idi. Çünki həmin vaxt Naxçıvan artıq çox ağır vəziyyətdə yaşamağa məhkum olmuşdu. Ermənilərin işğalçılıq niyyəti ilə sərhəd yaşayış məntəqələrinə hücumları, eyni zamanda muxtar respublikanın blokadaya salınması vəziyyəti daha da ağırlaşdırırdı. Tale mənim də qismətimə Ümummilli Liderimizlə bir yerdə işləmək nəsib etmişdi. Şükürlər olsun ki, həmin dövrdə Ulu Öndərimiz tərəfindən mənə verilən bütün tapşırıqları vaxtında və layiqincə yerinə yetirməyi bacarmışam. Ölkə mətbuatında dərc olunan “Xüsusi dövlət əhəmiyyətli tapşırıq” adlı silsilə yazılarda da elə bundan bəhs etmişəm.
    – Və həmin silsilə yazılardan da görünür ki, həyatınızı təhlükəyə ataraq çox iş görmüsünüz. Bəs qorxmurdunuz ki, sizə nə isə edə bilərlər?
    – Hədə-qorxu gələnlər az deyildi, hətta mənə qarşı sui-qəsd də hazırlamışdılar. Onlar bizim müstəqilliyimizə, dövlətçiliyimizə qarşı çıxan bir sıra siyasi qurumların kənardan idarə olunan törəmələri idilər. Ona görə də qorxu hissini özümə yaxın buraxmırdım. Çünki biz bu günümüz, müstəqilliyimiz, milli dövlətçiliyimiz üçün fəaliyyət göstərirdik. Həmişə dövlətimizin yanında olmuşuq, bu gün də yanındayıq. Təbii ki, təmənnasız olaraq. Bəzi məmurların bizə ögey münasibəti heç də dövlətimizin bizə ögey münasibəti deyil. Sadəcə, o məmurlar dövlət adamı deyildilər. Dövlət adamı olmağı biz öz işimizlə, Vətənimizə, dövlətimizə xidmətlərimizlə sübut etmişik. 
    – Xüsusi dövlət əhəmiyyətli tapşırıqla bağlı əlavə nə isə demək istərdinizmi?
    – Xüsusi dövlət əhəmiyyətli tapşırıq bu gün gənclərimiz üçün vətənpərvərlik dərsidir. Bu silsilə yazılar mətbuatda dərc olunandan sonra mənə respublikamızın müxtəlif bölgələrindən çoxsaylı zənglər oldu. Əksəriyyəti gənclər idi. Yazı onlarda dərin iz buraxmışdı, onları ruhlandırmışdı. Onları dinləmək mənim üçün çox xoş idi. Sevinirəm ki, bizim qəhrəman gəncliyimiz var. 44 günlük İkinci Qarabağ müharibəsi bunu hər kəsə sübut etdi. Minlərlə gəncimiz şəhadətə, qazilik zirvəsinə yüksəldi. Ali Baş Komandanımızın sədaqətli əsgərləri olduqlarını döyüş meydanında sübut etdilər. 
    – Sizin saxladığınız bəzi (məxfi S. H.) sənədlərlə tanış olduqda çox maraqlı hadisələrin yaşandığını görürük. Sirr deyilsə, 1994-1995-ci illərdə Ulu Öndər sizə hansı tapşırıqları vermişdi? 
    – Bu haqda bir müddət keçəndən sonra açıqlama verərəm. Bəzi millət vəkillərinin, siyasətçilərin o dövrlə bağlı hadisələr haqqında çıxışlarına baxıram, məndə gülüş hissi yaradır. Bəzən elə yalanlar uydururlar ki, fikirləşirsən, bu adamlar görəsən, daha nə istəyir? 
    Onu da deyim ki, tapşırıqlar, əsasən, siyasi məsələlər ilə bağlı tapşırıqlar idi. Hansı ki nəticələri 1993-cü ildəki Prezident seçkilərində özünü göstərdi. 
    – Bəs Ulu Öndərin prezidentlik dövründə necə, yenə tapşırıqlar olurdumu?
    – Bəli, 1994-1995-ci illərdə o tapşırıqları yerinə yetirdiyim üçün görkəmli dövlət xadimimiz mənə təşəkkür etmişdi.
    – Ulu Öndərimiz Prezident seçiləndən sonra ilk işiniz nə oldu?
    – İlk dəfə olaraq qanunsuz silah və sursatların aidiyyəti qurumlara təhvil verilməsinə təşəbbüs göstərdim... 
    – Təşəbbüsünüz necə qarşılandı? 
    – Demək olar ki, respublikanın bütün hüquq-mühafizə orqanlarının rəhbərləri təşəkkür etmişdilər. 
    Müxtəlif bölgələrdə saxlanılmış silah-sursatlar polis və digər qurumlara təhvil verilməyə başlandı. Hətta Azərbaycan Dövlət Televiziyası bu haqda xüsusi buraxılış da hazırlamışdı. 
    – Məndə olan məlumata görə, həmin vaxt təkcə qanunsuz silahlar aşkarlanıb yığılmamışdı...
    – Bəli, eyni zamanda qanunsuz silahlı qruplar vaxtında aşkarlanaraq zərərsizləşdirildi. 
    – Sizdəki sənədlərlə tanışlıqdan onu da öyrəndim ki, Naxçıvanda işsizliyin, iqtisadi vəziyyətin aşağı olduğu dövrlərdə siz bir sıra müəssisələrin işə salınmasında, yüzlərlə insanın işlə təmin edilməsində də bir sıra işlər görübsünüz.
    – Bəli, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğundakı dostlarıma – hərbi attaşelərə müraciət edərək bildirmişdim ki, sovet dövründə burada böyük sənaye müəssisələri yaradılıb. Blokada şəraitində, sifariş almadıqlarından həmin müəssisələr bağlanmağa məcbur olublar. Bizdə elektrik enerjisi, işçi qüvvəsi sizinlə müqayisədə daha ucuz başa gəlir. Türkiyədən hər hansı bir sifariş olarsa, burada hazırlayıb sizə göndərə bilərik. Fikrimi bəyəndilər və bu istiqamətdə fəaliyyətə başladıq. Beləliklə, vaxtilə Heydər Əliyevin Naxçıvanda qurduğu Naxçıvan Alt Trikotaj Fabriki işə salındı. Müəssisə min nəfərə yaxın işçi ilə təmin olundu. Şəhid, qazi, müharibə iştirakçılarının ailə üzvlərinə işə qəbul zamanı daha çox üstünlük verildi və onlar yüksək maaşla təmin olundular. Sonra Naxçıvan Nazirlər Kabinetindən mənə muxtar respublikanın yüngül sənaye müəssisələrinə sifariş almaq üçün Türkiyə Müdafiə Nazirliyində danışıqlara rəhbərlik səlahiyyəti verildi. Bu işdə mənə oradakı dostlarım Abdullah paşa, Hamdi, Ərcümənt, Kasım, Sönməz, Ərdal albaylar (polkovniklər) çox yardım etdilər. Həmin dövrdə Naxçıvanda elektrik enerjisi iki saatdan bir verilirdi. Şəhərdə Elektrotexnika Zavodu fəaliyyət göstərirdi. Direktoru dostum Mehdi müəllim idi. Ona müxtəlif vattlı (güclü) elektron drosellərin hazırlanmasını təklif etdim, nümunələr verdim. Yüz nəfərə yaxın işçinin işlə təmin olunacağı layihəni təqdim etdim. Çox sevindi, axı zavod uzun illər idi ki, işləmirdi. Layihəni Nazirlər Kabinetinə təqdim etdi, mənə bildirdi ki, çox bəyəndilər. Amma sonra mənə məlum olmayan səbəblərdən layihə icra edilmədi...
    – Bir qədər karyeranız haqqında danışaq. Sonrakı fəaliyyətiniz necə oldu?
    – Hələ o vaxt, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev Naxçıvanda yeni  yaranmış  nazirliklərin birində məni görmək istədiyini bildirmiş və təqdimat vermişdi. Sənədlərimi hazırlayıb təqdim etdim. Bakıya gedib tibbi komissiyadan keçdim, kadrlar şöbəsində şəxsi işim nazirliyə daxil olan kimi  əmrimin veriləcəyini bildirdilər. Üstündən bir ildən artıq keçməsinə baxmayaraq, şəxsi işlərim Naxçıvandan Bakıya göndərilmədi. Hətta iki dəfə mənim yanımda Ulu Öndər öz köməkçisinə Urfullahın iş məsələsi ilə məşğul ol, – deyə göstəriş verdi. Sonuncu dəfə nazirin (dünyasını dəyişdiyi üçün adını çəkmirəm) yanında olanda “mənim təqdimatımı Heydər Əliyev verib, sizsə mənimlə başqa söhbət edirsiniz”, – deyərək şəxsi işlərimi geri aldım. Heydər Əliyev artıq prezident idi, onunla görüşmək imkanı olmadı. Yalnız 2003-cü ilin əvvəllərində milli təhlükəsizlik naziri Namiq Abbasov Azərbaycanın ərazi bütövlüyü, dövlətin təhlükəsizliyi uğrunda göstərdiyim xidmətlərə görə Heydər Əliyevin adından, Azərbaycan dövləti, hökuməti və öz adından təşəkkür məktubu göndərmişdi. 
    – Gördüyünüz işlərin qarşılığında sizə hər hansı dövlət mükafatı verildimi? Sosial problemlərinizin həllinə qayğı göstərildimi?
    – Xeyr, əksinə, hüquqlarım kobud şəkildə pozuldu. Bir neçə dəfə Naxçıvan rəhbərliyindən məni qəbul etməsini xahiş etsəm də, qəbul etmədilər. Bu barədə geniş danışmağa lüzum görmürəm. Çünki heç vaxt gördüyüm işdə təmənna güdməmişəm. Nə etmişəmsə, Vətənim, dövlətim üçün etmişəm.
    – Müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirik, əlavə demək istədiyiniz nə isə varmı?
    – Siz də sağ olun. Ən böyük arzum Vətənimizin müstəqilliyinin əbədi qorunması, böyük Turanın qurulmasıdır. Əlavə olaraq bunu qeyd etmək istəyirəm ki, dövlətimizin inkişafı üçün seçilən məmurların bilikli, savadlı olmasından öncə milli, vətənpərvər, dövlətə və millətə sədaqətli olmaları gərəkdir.

Müsahibəni hazırladı: 
- Səbuhi HƏSƏNOV

Nəşr edilib : 01.11.2023 20:20