AZ EN RU

Bu tarixi də yaşadıq. 20Yanvar 1990-cı il

Düz 34 il ötür. 1990-cı ilin 20 Yanvar günündən. Bəli, bu tarixi də yaşadıq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində dinc əhaliyə qarşı qətliam törətdi. Bu tarix bizim qan yaddaşımızdır. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, insanlığa qarşı törədilmiş terrordur. Geriyə nə qalır bəs? Unudulmayan bir tarix və adları tarixə yazılan azadlıq qurbanlarının  soyuq məzarları...

...Məzarlar önündə addımlayıram. Bir sükut var. Soyuq məzarlara baxıram. Sanki məzarlarda uyuyan insanlar qalxıb deyəcək: axı biz neyləmişdik? Məzarlardan mənə tuşlanan baxışlarda: İlhamın, Fərizənin, Sürəyyanın daha adını çəkəmədiyim insanların sualları vardı.

    Şəhidlər xiyabanı...

Dilə gəlir məzarlar:

                   -Axı ,biz neyləmişdik?

Məzarları seyr edən solğun üzlər, nəzərlər:

                     -Axı,biz neyləmişdik?

Sərvəti talan olmuş,

Düz sözü yalan olmuş

Böyük bir məmləkətin Göygölündə səslənir, Şahdağında səslənir:

                    -Axı biz neyləmişdik?

Sönən həyatlar, öz qanı-canı bahasına, sinəsini tank önünə sipər edən xalqımız, faciə və qəhrəmanlığı bir gecədə yaşayan günahsız insanlar. Öz-özümə fikirləşirəm, bu da bir sınaqdır. Azadlıq üçün xalqımız neçə sınaqlardan keçib.

Nə istəyirdi xalqımız? Azadlıq, müstəqillik. Bu idimi cavabı... Sovet qoşunlarının gülləsinə tuş gəlmək.

“Qışda oylaqları, yayda yaylaqları olmuşdu” Azərbaycan. Ona görə mi? Bu faciənin əsası hələ 1920-ci ildən qurdumuğuz Cümhuriyyəti yıxaraq, 70 il xalqımızı əsarətdə saxlayaraq, sərvətlərimizi talayaraq, ziyalılarımızı min bir böhtanla güllələdib, azadlığımıza kölgə salaraq başlamışdı. 

Əslində, tarixən bizə qarşı olan bu nifrət 20 Yanvar faciəsinin fraqmenti idi. Bu faciə sonralar erməniləri qızışdırıb bizə qarşı qoyan, Xocalı faciəsinin “təşkilatçısı” olan, həmişə əliyalın əhalinin üzərinə tankla, topla gələn rus qoşunlarının məkrli siyasəti idi.

...Beynimdə fikirlərim qarışır. Bir də görürəm gəlib çıxmışam son məzarın qarşısına. Biz dözdük. Biz səbir etdik. Mübarizəmizi davam etdirdik. Bu yoldan dönmədik. İşıqlı sabahlar üçün mübarizə apardıq.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol.

Ey xalq, ey sevgili millət, yaşa, var ol.

Yaşanan hadisələr gələcəkdə bir yumruq olub, erməni işğalındakı ərazilərimizin qəhrəman oğullarımız tərəfindən azad olunmasına, Zəfəri dadmağımıza gətirib çıxardı. Bu, faciə və qəhrəmanlığın yaşandığı bir gündür.

...Məzarlar bitir. İçimdən bir səs gəlir: Var olun, Azərbaycanın qeyrətli oğul və qızları. Xalqın xoşbəxtliyini, öz xoşbəxtliyindən üstün tutan xalqımızın dəyərli övladları, azadlıq mücahidləri. Allah sizə rəhmət eləsin.

 

Sacidə HÜSEYNOVA

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 20.01.2024 12:34