AZ EN RU

Bu məktəb vətənpərvər, istedadlı məzunları ilə seçilir - FOTOLAR

    Azadkənd Ordubad rayonunun qədim tarixə malik yaşayış məntəqələrindən biridir. Gilançayın sahilində yerləşən kəndin əhalisi, əsasən, əkinçilik, heyvandarlıq, bağçılıq, arıçılıq, taxılçılıqla məşğul olur. Son illərdə dövlətimizin böyük qayğısı ilə muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərindən Azadkənd də bəhrələnib. Azadkəndə müasir yol çəkilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib. Bütün bunlar kənd sakinlərinin rahat yaşayışına hesablanıb. 

    Bu il noyabrın 24-də 3 mərtəbəli Azadkənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi yaşayış məntəqəsi sakinlərinə böyük sevinc yaşadıb. Məktəbdə yaradılan şəraitlə yerindəcə tanış olmaq üçün Azadkəndə yollandıq. Budur, gözəl, yaraşıqlı, müasir olduğu qədər də tarixi-milli ənənələri özündə yaşadan kənd. 
    Deyərdim, kəndin ən gözəl binası elə buradır. İçəriyə daxil oluram. Əvvəlcə məktəbin direktoru Günay Dünyamalıyevanı və kollektivi təbrik edirəm. Direktorun dediklərindən: – Məktəbimiz şəhərlərdəki təhsil ocaqlarından seçilmir. 19 ildir, bu məktəbdə müəllim kimi çalışıram. Bildiyimə görə, 1965-ci ilə qədər burada ibtidai məktəb fəaliyyət göstərib. Həmin il kəndin ilk alitəhsilli ziyalısı mərhum Məmməd Məmmədovun təşəbbüsü və kənd camaatının gücü ilə yeni məktəb binası tikilib, təhsil ocağı fəaliyyətini natamam orta məktəb kimi davam etdirməyə başlayıb. 35 ildən sonra – 2000-ci ildə yeni tikilən məktəb 288 şagird yerlik olub. Lakin bu məktəbdə müasir istilik sistemi, bir sıra texniki avadanlıqlar yox idi. Bu məktəb isə müasir dövrün hər bir avadanlığı ilə təchiz edilib. Təhsil ocağının yeni binasında 16 sinif otağı vardır. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış imkanları yaradılıb. Kitabxanada 4000-dən artıq kitab, şahmat otağı, idman zalı, STEAM otağı, fizika, kimya laboratoriyaları şagirdlərin ixtiyarına verilib. Məktəbimizdə bu gün 22 müəllim 155 şagirdin təhsili ilə məşğul olur. Şagirdlərimiz test-sınaq imtahanlarında, fənn olimpiadalarında, bilik yarışlarında uğur qazanırlar. Bu məktəbin yetirməsi, həm də müəllimi kimi fəxr edirəm ki, bu gün dövlətimiz bizə bu qayğını göstərib. Bu gözəl məktəb binası təhsilə verilən dəyərin nümunəsidir. Çalışacağıq ki, yaradılan şəraitdən səmərəli istifadə edərək dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə sadiq, vətənpərvər məzunlar yetişdirək. 
    Müəllimlərlə də həmsöhbət oluruq. Öyrənirəm ki, tarix müəllimi Qədim Sultanov 22 ildir, məktəbdə işləyir. Kəndin tarixi haqqında qısa məlumat verən müsahibim dedi: – Bu yaşayış məntəqəsinin tarixi qədimdir. Kəndin adını Manna hökmdarı İranzunun oğlu Azanın adı ilə bağlayırlar. Arxeoloq-alim Bəhlul İbrahimovun kəndimiz haqqında dəyərli araşdırmaları var. Onun arxeoloji tədqiqatları nəticəsində tapılan və üzərində yazılar olan qədim daşlar, saxsı qab nümunələri kəndin qədim tarixindən xəbər verir. Kəndimizdə türk-islam mədəniyyəti abidələrindən olan, XVI-XVII əsrlərə aid körpü vardır. Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa edilən Aza körpüsü Ordubad rayonundakı Darkənd və Aza kəndlərini birləşdirir. Bu körpü Böyük İpək Yolu üzərində inşa edilmiş, mühüm ticarət-tranzit rolunu oynamışdır. XX əsrin sonlarında güclü sel körpünün qərb tərəfini dağıtmış və körpü 1997 və 2023-cü illərdə əsaslı şəkildə bərpa olunmuşdur. Həmçinin kəndimizdə mövcud olan günbəz, hamam da qədim tariximizdən soraq verir.
    Qədim müəllim qeyd edir ki, Azadkənd məktəbi savadlı kadrlar – general, həkim, müəllim, jurnalistlər yetirib: – Kəndimizin 3 şəhidi vardır. Onlar 1994-cü ildə şəhid olmuş Qulam Ələkbərov, Çingiz Vəliyev və 2020-ci il Vətən müharibəsində şəhidliyə ucalmış Namiq Xəlillidir. Onların hər üçü kənd qəbiristanlığında torpağa tapşırılıb. Namiq Xəlilli 1994-cü il təvəllüdlü idi və 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdı. Azərbaycan Ordusunun baş leytenantı olan Namiq 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda son damla qanınadək vuruşmuş, oktyabrın 23-də Laçın döyüşləri zamanı şəhid olmuşdur. O, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Məktəbimizdə şəhidlərimizə məxsus ayrıca guşə yaradılıb. Mütəmadi olaraq vətənpərvərlik ruhunda tədbirlər keçirir, şəhidlərimizin ruhu yad edilir. 
    Azər Rüstəmli 44 günlük Vətən müharibəsinin qazisidir. Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Kiçik leytenant rütbəsi ilə döyüşlərdə, Füzulinin azad olunmasında iştirak edib. Füzuli rayonunun Şükürbəyli kəndində döyüş yoldaşını xilas edərkən sağ ayağından qəlpə yarası alıb. Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss etdiyini deyən Azər müəllim məktəbdə hərbi hazırlıq fənnini tədris edir. Onun dediklərindən: – Dövlətin qayğısı ilə ölkəmizdə şagirdlərin yaxşı oxuması, Vətənə layiq övlad kimi böyümələri  üçün yeni təhsil ocaqları tikilib istifadəyə verilir. Bunlardan biri də fəaliyyət göstərdiyim məktəbdir. Burada fənlərin tədrisi üçün tədris ləvazimatları ilə təchiz olunmuş otaqlar, laboratoriyalar yaradılıb. Şagirdlərin hərb peşəsinə marağını artırmaq, vətənpərvərlik ruhunda tərbiyəsi üçün hərbi kabinə istifadəyə verilib. Bu kabinədə şagirdlərimiz hərb peşəsinin sirlərinə dərindən yiyələnirlər. Ötən ilin noyabr ayında avtomobillə təmin edildiyini, müalicələrinin dövlət tərəfindən qarşılandığını deyən Azər müəllim şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi. Azadkəndə göstərilən belə qayğı üçün minnətdarlığını bildirdi. 
    35 ildir, məktəbdə çalışan, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Əhrəman Əsgərov, riyaziyyat-informatika müəllimi, STEAM dərslərini tədris edən Güney İsaqova bu tədris ocağının rayonda sayılıb-seçilən məktəblərdən biri olduğunu bildirdilər, yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq etdilər. Güney müəllim məktəbdə STEAM kabinəsinin yaradılmasının şagirdlərin müxtəlif bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını vurğuladı.
    Məktəbin əlaçı şagirdlərindən XI sinifdə təhsil alan Jalə Hüseynzadə və X sinif şagirdi Sədəf Bayramlı isə qeyd etdilər ki, yeni məktəb onlara verilən ən gözəl hədiyyədir. Onlar bu məktəbə layiq olmağa çalışacaqlarını, daha da yaxşı oxuyaraq ali məktəbə qəbul olunacaqlarını, daim məktəbin adını uca edəcəklərini bildirdilər. 
    Məktəbdə hər kəsin ürəyi dolu idi. Hamı minnətdarlıq hisslərini ifadə edirdi. Biz də yeni məktəbin fəaliyyətinə uğurlar arzuladıq. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi “Təhsil millətin gələcəyidir” ifadəsini özfəaliyyətində əsas tutan kollektivin müasir, hər cür şərait yaradılan yeni məktəbdə yeni uğurlar qazanacağına əminik. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 18.12.2023 17:40