AZ EN RU

Bu il yaz fəsli Azərbaycana martın 20-si daxil olacaq

Bu il yaz fəsli Azərbaycana martın 20-si saat 07:06-da daxil olacaq.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, həmin vaxt gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində yaz fəsli iyunun 21-dək davam edəcək. İyunun 21-i saat 00:50-də baharı yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Nəşr edilib : 18.03.2024 14:29