AZ EN RU

Bu il Naxçıvanda meliorasiya və irriqasiya sahəsində görüləcək işlər açıqlanıb

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi məqsədilə qalib seçilən təchizatçı şirkət tərəfindən müqaviləyə uyğun olaraq texnikaların gətirilməsi başa çatmaq üzrədir. Ümumiyyətlə, bu il Naxçıvanda Dövlət Proqramına əsasən meliorasiya və irriqasiya sahəsində önəmli işlər görüləcək.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin layihə - ekspertiza şöbəsinin baş məsləhətçisi Ayxan Həsənov söyləyib.

Ayxan Həsənov  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən icra edilən layihələr barədə danışıb. Qeyd edib ki, tender elanlarına əsasən qalib şirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə layihələndirmə işlərinə başlanılıb. Bu əsasda gələcəkdə Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması həyata keçiriləcək. Eyni zamanda Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması, Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisi reallaşdırılacaq. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətti tikiləcək.

          Müsahibimiz vurğulayıb ki, 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən Qaraçuq magistral kanalının yenidən qurulması, Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə də tender elan olunub. Gələcəkdə Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən icra olunan rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının layihələndirilərək davam etdirilməsi bəndinə əsasən, “Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin, Qarabağlar, Xok, Yurdcu və Qabıllı kəndlərinin su təchizatı sistemi üzrə yarım qalmış işlərin də başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev ötən il iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sentyabrın 15-də Dövlət Proqramının 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı əsasında aidiyyəti təşkilatlar tərəfindən ötən müddətdə müvafiq işlərin icrasına başlanılıb.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 22.02.2024 12:46