AZ EN RU

Bu il muxtar respublikada kirayə bazarında qiymət artımı gözlənilirmi?

Ötən il Naxçıvan Muxtar Respublikasında əmlak bazarı və mənzil kirayəsi sektoru vətəndaşların yaddaşında bahalaşma ilə qaldı. Kirayə verilən mənzillərdə  qiymətlərin yüksək olması vətəndaşların da narazılığına səbəb olurdu. Bəs son zamanlar qeydə alınan bahalaşma halları 2024-cü ildə qiymətlərə təsir göstərəcəkmi?

Naxçıvan şəhərində yerləşən “Safir Daşınmaz Əmlak Agentliyi”nin direktoru Rəsul Talıbov bildirdi ki, 2024-cü ildə bu sektorda yenidən müəyyən qiymət artımı gözlənilir: “Ümumiyyətlə, 2022-ci ildən etibarən muxtar respublikada mənzil qiymətlərində olduqca yüksək artım müşahidə olunur. Ötən illərdə şəhər mərkəzində 55.000 manata 2 otaqlı mənzil almaq mümkün idisə, hazırda qiymətlər 95.000 manata qədər yüksəlib. Bahalaşmanın bu ildə davam edəcəyi gözləniləndir. Həmçinin qeyd edim ki, günümüzdə mənzil almaq gəlirli bir sahəyə çevrilib. Mənzillərdə kirayə qiymətləri yüksək olduğundan insanlar bunu yaxşı biznes üsulu kimi görür. Artıq muxtar respublikada mənzil satmaq çox asandır. Ona görə ki,  satıcı  az,  tələb çoxdur. Qiymətlərin yüksək sürətlə artmasına əsas təsir edən amil olaraq çoxmənzilli binaların azlığı və ipoteka kreditləri göstərilə bilər. Ötən ilə nəzər salsaq, görərik ki, kirayə qiymətlərinin bahalaşmasının bir digər səbəbi isə xaricdən və Azərbaycanın digər bölgələrindən təhsil almaq üçün gələn tələbələrin çoxluğudur”.  

Əmlakçı Rəsul Talıbovun fikrincə, bu bahalaşma fərdi yaşayış evlərinin qiymətlərinə də təsirsiz ötüşməyəcək: “Şəhər daxili torpaq qiymətləri dəyişərsə, bu da fərdi yaşayış evlərinin bahalaşmasına gətirib çıxarır. Şəhər daxilində məqsədə uyğun yerdə torpaq tapmaq artıq müşgül məsələyə çevrilib. Bunun nəticəsidir ki, torpaq qiymətləri keçən illərə nisbətdə yüksəlib. Şəhər  daxili və  ətraf ərazilərdə qiymət artımı gözlənilən olsa da, bundan fərqli olaraq şəhərdən kənar ərazilərdə  qiymət artımının olmayacağını söyləyə bilərik”. Rəsul bəy onu da vurğuladı ki, təmir və şərait baxımından zəif  olan evlərin qiymətlərində  dəyişiklik  çox da müşahidə olunmur. Buna səbəb  xaricdən və digər şəhərlərdən gələn qonaqların şəraiti  yüksək evlərə üstünlük vermələridir: “Onu da qeyd edim ki, günlük kirayə qiymətlərdə evlərin şəraitini və qalınan gün sayına görə 20-150 manat arası dəyişir. Qış aylarında günlük kirayələrdən çox istifadə  olunmasa da həmin evlər uzun müddətli kirayəçilərə verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu qənaətə gəlirik ki, 2024-cü ildə mənzil qiymətlərində müəyyən dəyişikliklər gözləniləndir”.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilən məlumata görə, ötən il ərzində muxtar respublika üzrə 10 min 880 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz çoxdur. Ümumi göstəricinin 3 min 684-ü ilkin, 7 min 196-sı təkrar qeydiyyatın payına düşüb. Həmçinin bəhs olunan dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin 4 min 249-u fərdi yaşayış evi, 4 min 28-i torpaq sahəsi, 1902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 min 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6 faizini təşkil edir, qalan 54,4 faiz isə muxtar respublikanın rayonlarının payına düşür.

Aldığımız məlumatlardan bu nəticəyə gəlmək olar ki,  muxtar respublikada kirayə qiymətlərində artım bu il də gözləniləndir. Bu gözlənti isə, təbii ki, ilk növbədə, aztəminatlı ailələr, qismən orta təbəqə və digər bölgələrdən Naxçıvan şəhərinə təhsil almaq üçün üz tutan tələbələr üçün heç də ürəkaçan vəziyyət deyil. Mütəxəssislərin fikrini nəzərə alsaq, görünür ki, əmlak bazarında, necə deyərlər, “od tutan” qiymətlər hələ uzun müddət “alışıb-yanmağa” davam edəcək.

Bülbül QULİYEVA

 

Nəşr edilib : 22.01.2024 15:41