AZ EN RU

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

Bu günə qədər 34 839 nəfərə təhsil tələbə krediti (TTK) verilib.
Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Onun sözlərinə görə, təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci ildən bu günədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub:
“Rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə 34 839 nəfər təşkil edir. Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb”.
Nazir müavini bildirib ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb: “Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb. Təhsil kreditlərindən yararlanan tələbələrin gender bölgüsündə qızlar (59 faiz) üstünlük təşkil edir”.

Nəşr edilib : 19.05.2024 19:35