AZ EN RU

Bu gün Xalq şairimiz Bəxtiyar Vahabzadənin anım günüdür

Bu gün Azərbaycan ədəbiyyatının sevilən imzası, Xalq şairi, görkəmli şəxsiyyətlərimizdən biri olan ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin anım günüdür. Bəxtiyar Vahabzadə 1925-ci ilin 16 avqustunda Şəki şəhərində anadan olmuşdur. Görkəmli şəxsiyyətin 9 yaşı olanda ailəsiylə birgə Bakıya köçmüşdür. O burada orta məktəbi bitirmiş və daha sonra Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsində təhsil almışdır. Gənc Bəxtiyar “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyasını 1952-ci ildə müdafiə etmişdir.

Şair bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. Həmin dövrdən etibarən mətbuatda şeirləri və elmi məqalələri çap olunmağa başlanır. Bəxtiyar Vahabzadənin ilk kitabı lirik şeirlərdən ibarət olan və düşüncələrini əks etdirən “Mənim dostlarım” adlı kitabı olmuşdur.

O hər zaman müasir dövrün problemlərini öz şeir və poemalarında əks etdirmişdir. 1960-2003 illəri ərzində onun “İkinci səs”, “Vicdan”, “Yağışdan Sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız Günah”, “Dar Ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur.

O tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyətinə davam etmişdir. Bununla yanaşı şairin Vətən, məhəbbət və təbiət mövzusunda nəzmə çəkdiyi, dövrün qabaqcıl proseslərinə həsr etdiyi bir çox şeirləri dövri mətbuatda işıq üzü görmüşdür.

Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatının öncülərindən biri idi. O, özünün 1958-ci ildəki “Gülüstan” poemasında parçalanmış Azərbaycanın tarixi faciəsini işıqlandırmış, rus və fars imperiyası arasında ayrılmış xalqın istiqlal uğrundakı ədalətli savaşına qoşulmuşdur. Bu əsərə istinadən şair 1962-ci ildə “milliyətçi” damğası ilə ADU-dan çıxarılmış, amma iki ildən sonra onun işi bərpa edilmişdir. Şair hər zaman mübarizəyə davam etmiş və birbaşa sovetin qəddarlıqlarını ifşa edən əsərlərini, Sovet İttifaqı dağıldıqdan sonra “Sandıqdan səslər” başlığı ilə nəşr etdirmişdir. Şairin əsərləri dünyanın bir çox dillərinə – ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, eyni zamanda keçmiş Sovet İttifaqı xalqlarının dillərinə tərcümə edilmişdir.

Görkəmli şairin “Həsrət” şeirindən bir hissəni oxucularımıza təqdim edirik.

Yoxsan…
Qəribə işdir
Danışıram yenə mən
Əlim qələm də tutur,
Durub şeir yazıram
Səhər-səhər sənə mən.
Sən həm mənim kədərim,
Sən həm də şadlığımsan.
Sən mənim əsarətim,
Həm də azadlığımsan…
Yoxsan…
Qəribə işdir
Qəlbim,hissim,düşüncəm,
Axı, oyaqdır mənim
Necə nəfəs alıram –
Havam ki, yoxdur mənim?
Yoxsan…
Sən mənim üçün
Xoş arzularsan, demək,
Baharda qarsan, demək,
Qışda baharsan, demək.
Yoxsan…

sən mənim üçün
Daha çox varsan, demək.

Nəşr edilib : 13.02.2024 12:10