AZ EN RU

Bu gün xalq artisi Rza Xudiyevin doğum günüdür

Rza Əli oğlu Xudiyev 5 mart 1962-ci ildə Culfa rayonunda anadan olub.

1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu" fakültəsinə daxil olub.

1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlamışdır. Həmin ildən bu günədək Naxçıvan teatrında çalışır.

Rza Xudiyev ilk növbədə, yüksək səhnə mədəniyyəti, daxili zənginliyi, ifadə vasitələrinin orijinallığı və estetik tənasübü ilə seçilir. İfa etdiyi obrazlar, xarakterindən asılı olmayaraq, parlaq insani cizgiləri, canlılığı və həyatiliyi, realist təsir gücü ilə tamaşaçılarda müsbət emosional duyğular oyadır. Aktyorun istedadı çoxyönlüdür, daxili duyğuları zəngindir və buna görə də yaratdığı səhnə obrazları müxtəlifdir, təzadlıdır, qəhrəmandır, tip-xarakterdir və s.

Tarixi şəxsiyyətləri, qəhrəmanları ifa edəndə həmin obrazların ictimai-sosial mənsubiyyəti ilə mənəvi-psixoloji xüsusiyyətlərini ahəngdar vəhdətdə verir. Belə yanaşma tərzində aktyor bütöv və xarakterik səhnə obrazı təqdim edə bilir.

Rza Xudiyevin istedadının bir hüsnü də orasındadır ki, aktyor zaman və məkan xronotopunu pozmadan tarixi keçmişlə müasirlik arasında ünsiyyət körpüsü yarada bilir.

Rza Xudiyevin çox zəngin və müxtəlif çalarlı, əlvan xarakterik səciyyəli ritm formaları var. Aktyor obrazın psixoloji estetik səciyyələrinə uyğun olaraq həmin ritmin mahiyyət və xarakter ahəngini dəyişir.

Aktyorun ifadə palitrasında yumor və lirizmin xüsusi çalarları var. Bu çalarlar bir-birindən seçilməklə yanaşı, səmimiyyəti, təbii reallığı, füsunkarlığı, emosional cazibəsi, müəyyən bir insani xüsusiyyəti həssaslıqla təcəssüm etdirməsi ilə göz oxşayır.

Rza Xudiyev aktyor səmimiyyətini, aktyor məlahətini ekran əsərlərində də ləyaqətlə qoruyub sənət dilinə çevirə bilir. General Həzi Aslanova həsr olunmuş "Sizi dünyalar qədər sevirdim" filmində qəhrəmanın kiçik qardaşı roluna, həmçinin "Sürəyya" (Seyfəddin), "Şahid qız" (Orxan) kinolentlərinə çəkilib.

Rza Xudiyev 2014-cü ildən Naxçıvan Dövlət Milli Dram teatrının direktorudur.

Sənətkarı təbrik edir, can sağlığı arzulayırıq!

Nəşr edilib : 05.03.2024 12:11