AZ EN RU

Bu gün Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanovanın 87 yaşı tamam olur

Bu gün Sosialist Əməyi Qəhrəmanı Həvayət xanım Qurbanovanın 87 yaşı tamam olur.
Həvayət Qurbanova 20 fevral 1937-ci ildə anadan olmuşdur. Yeniyetməlik yaşlarından başlayaraq zəhmətə qatlaşmış, əməksevər bir insan həyatı yaşamışdır. Əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət xanım müxtəlif vəzifələrdə, o cümlədən 1969-1972-ci illərdə Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyində aqronom, 1972-1975-ci illərdə Naxçıvan MSSR Komplekszona təcrübə stansiyasında kiçik elmi işçi, 1975-1976-cı illərdə “Azərkəndtəsərrüfatıtexnika” Naxçıvan MSSR Birliyində böyük aqronom işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Təsadüfi deyil ki, gənc yaşlarında – 29 yaşında dövrün ən yüksək fəxri adına – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 
Həvayət xanım ictimai fəaliyyətdən də kənarda qalmamış, SSRİ Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir. 
Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə zəhmət sahiblərinə, qadınlara böyük dəstək və qayğı göstərmişdir. Həvayət xanım da bu qayğını görənlərdən biri olmuşdur. Zəhmətkeş ömür yaşayan Həvayət xanım ahıl çağında yenidən Ulu Öndərimizin himayə və qayğısını görmüşdü. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Qurbanova Həvayət Hacı qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilibdi. 
Həvayət Qurbanova yaşadığı zəhmətkeş insan ömrü ilə həyatın bütün xoşbəxtliklərinə çatıb, həmişə öz işindən zövq alıb, ailə səadətinə qovuşub, bu gün də xalqımıza məxsus dəyərlərə sahib olan ağbirçək kimi yeni nəsillərə əsl Azərbaycan qadını nümunəsidir. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından Həvayət xanımı doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq!

Nəşr edilib : 20.02.2024 10:11