AZ EN RU

Bu gün Şəfiqə Axundovanın doğumundan 100 il keçir

Şərqdə opera yazan ilk qadın olaraq dünya mədəniyyəti tarixinə adını yazdıran Şəfiqə xanımın ömür yoluna bəstəkarlıq missiyası düşmüşdü. Geniş diapazona malik bəstəkar idi. O, musiqinin bir çox janrlarında yazıb yaratmıştır. Yazdığı mahnılarla həm özünün, həm də başqalarının qəlbini ovundurmuş, milyonların sevimlisinə çevrilərək yaradıcılıq zirvələrini fəth etmişdi. 
Azərbaycan Respublikasının Xalq artisti, "Şərəf nişanı" və "Şöhrət" ordeni laureatları olan Şəfiqə xanım Axundova 1924-cü ildə Şəki şəhərində dünyaya göz açıb. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib və bəstəkarlıq ixtisası üzrə təhsil alib.
İlk bəstəsi olan “Bala” mahnısını müəllimi Üzeyir Hacıbəyliyə göstərərək onun xeyir-duasını almış Şəfiqə Axundova ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə və yüksük insani keyfiyyətlərə ömrünün sonunadək sadiq qalıb. Daha sonra 1972-ci ildə yazdığı “Gəlin qayası” operası ilə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşüb. Şəfiqə Axundovanın zəngin yaradıcılığına baxan zaman Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrı görürük.
Şərəfli ömür yaşamış Şəfiqə Axundovanın qoyub getdiyi zəngin irsdən hələ neçə-neçə bəstəkarlar və ifaçılar nəsli bəhrələnəcək, milyonlarla dinləyicilər zövq alacaqlar.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.

                                                                     Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 21.01.2024 11:24