AZ EN RU

Bu gün onların günüdür, Vətənin qəhrəman analarının günü

Bu gün bütün dünyada bəşəriyyətin bəzəyi sayılan qadınlara təbriklər ünvanlanır. Vətənimizdə ən böyük təbrik isə şəhid istəklilərinə, əzizlərinə, şəhid analarınadır. O qadınlara ki  “Kaş Vətən var olsun” – deyə canından əziz balasını bir ovuc torpağa fəda etdi. Vətən uğrunda şəhid olan övladının məzarına torpaq atıb, başı üstə qürurla dayanıb düşmənə gözdağı verdi. Şəhid anası, şəhid yarı adını ləyaqətlə daşıyıb, özü öz əzizinin tabutunu çiyninə alıb dünyaya kim olduğunu sübut etdi. Gözünün nuru madar balansını Vətən yolunda qurban verib oğlumun bəy paltarı Şuşada, Xocalıda dalğalanan bayraqdır, oğlumun bəy xonçası Qubadlıda, Laçında, Zəngilanda açan çiçəklərdir, – dedi. O analar ki böyütdüyü oğullar Azərbaycan illər öncə tapdalanan namusunu öz qanı ilə pak etdi. O qadınlar ki şəhid övladının məzarı başında dayanıb “Biz bir ölüb, min dirilən millətik”, – dedi. O analar ki əcdadının adını ləyaqətlə daşıyıb Türkün qadınının necə böyük, məğlubedilməz olduğunu sübut etdi. O analar ki oğulları üçrəngli bayrağı qeyrət rəmzimiz Şuşada dalğalandırdı, Xankəndidə düşmənin tabutuna son mismarı vurdu.

Baş əyirik qarşınızda!

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 08.03.2024 18:30