AZ EN RU

Bu gün ölkəmizdə ilk dəfə Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilir YENİLƏNƏCƏK

Naxçıvan şəhərində bu gündən öz işinə başlayan və iki gün davam edəcək  “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilir.

Festival-konqresin keçirilməsində məqsəd ölkə prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan  didərgin düşmüş soydaşlarımızın tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, onların haqq səsinin beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaqdan ibarətdir. Bu məqsədlə keçirilən tədbirdə Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi-mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycana həsr olunmuş mahnı və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alacaq.

Qeyd edək ki, festival iştirakçıları tədbirə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsini ziyarət etməklə başlayıb, Heydər Əliyev Muzeyində olublar. Muzeydə qonaqlara dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlar haqqında məlumatlar verilib. 

Festival-konqresə aid bütün məlumatların ictimaiyyətə daha əlçatan olması məqsədilə https://qacon23.ndu.edu.az/ saytı yaradılıb.

Nəşr edilib : 23.11.2023 10:02